23 Iyun 2020 00:43
1091
CƏMİYYƏT
A- A+

Vətəndaşları koronavirusdan qorumaq dövlətin prioritet məsələsidir


Qlobal təhlükənin əhaliyə təsirini minimuma endirmək üçün səmərəli tədbirlər həyata keçirilir


2020-ci il başlayandan dünyamız COVID-19 adlı çox təhlükəli koronavirus növünə qarşı mübarizə aparır.

Bu ölümcül virus altı ay ərzində planeti çənginə alaraq 213 ölkə və bölgəyə yayıldı, 9 milyondan çox insana yoluxdu, 500 minə yaxın şəxsin həyatına son qoydu. Müxtəlif profilaktik tədbirlərə, mübarizə üsullarına rəğmən, hələ də müasir tibb koronavirusa uduzur.

Qüdrətli dövlətlərin belə, aciz qaldığı bu dönəmdə Azərbaycan COVID-19-la mübarizəni uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasındadır.

Virusun dünyaya yayılmağa başladığı ilk vaxtdan etibarən Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atdı. Prezident İlham Əliyev vətəndaşların sağlamlığını qorumağa yönəlmiş məqsədyönlü strategiya irəli sürdü və bu, beynəlxalq qurumlar tərəfindən də təqdir edildi.

Azərbaycanda virusun aşkarlandığı ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Pandemiyanın dalğalarının yeni yayılmağa başladığı dönəmlərdə Azərbaycan koronavirusa qarşı mübarizəyə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoydu. Lakin bu müsbət nəticələr əhalinin bir qisminin laqeydliyi, məsuliyyətsizliyi, karantin qaydalarına əməl etməməsi nəticəsində mənfiyə doğru dəyişdi. Xüsusi karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım müşahidə olundu. Hazırda Azərbaycanda koronavirusa gündəlik yoluxma sayı 500-ə yaxınlaşıb. Bu isə indiyə qədərki statistikada pik göstəricidir. Ümumi yoluxma sayı isə 13 mini ötüb. Yoluxma, virusla xəstələnmə sayının artması daha ciddi karantin rejimi tədbirlərinin tətbiqini zəruri etdi. Nəticədə Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Yeni növ koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edildi.


"Son vaxtlar asimptomatik xəstələrlə az rastlaşırıq”


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva iyunun 20-də keçirilən brifinqdə bu barədə danışarkən bildirmişdi ki, virusun mutasiyası baş verdiyindən hazırda müşahidə edilən xəstəlik daha ağırdır. İndiki günlərdə COVID-19-a yoluxmuş xəstələr mart-aprel aylarında yoluxmuş xəstələrdən çox fərqlənir. Artıq xəstəliyə yoluxmaq yaşdan asılı deyil.

Şöbə müdirinin sözlərinə görə, vətəndaşların normal sosial həyatlarına qayıtması tibbi maskasız mümkün olmayacaq. Tibbi maska müəyyən müddət həyatımızın bir parçası olacaq. Bununla bərabər, sosial məsafəni, əl gigiyenasını da gözləmək vacibdir: "Qapalı məkanlarda insanların kütləvi toplaşmasına bir müddət yol verilməyəcək. Bəlkə də Bakıda insanlar bu qaydalara nisbətən daha ciddi yanaşır, maskadan istifadə edirlər. Təəssüf ki, rayonlarda sanki virus yoxmuş kimi hərəkət edirlər. Sanki bu virus yalnız Bakıda, Sumqayıtda, Lənkərandadır. Bu, belə deyil. Virus sərhəd, yaş və sosial təbəqə tanımır. Virus bir insandan başqasına yoluxmaqda davam edir. Son vaxtlar əvvəlki aylardan fərqli olaraq asimptomatik xəstələrlə az rastlaşırıq. Orta yaşlı və cavan xəstələrdə çox ciddi fəsadlarla keçən respirator xəstəlik, ikitərəfli pnevmoniyalar görürük. Test nəticəsi neqativ çıxan və ya hələ açıqlanmayan, amma kliniki əlamətləri COVID-19 kimi olan xəstələrimizin də sayı çoxdur. Hər kəsdən vətəndaş məsuliyyəti göstərməyi xahiş edirik. Bu sahədə hamımız bir yerdə mübarizə aparmalıyıq, çünki xəstəliyin spesifik müalicəsi olmadığından ondan ancaq qorunmalıyıq. Hər kəs özünü və ailəsini qorumalıdır. Bu mübarizədə başqa yol yoxdur”.


"E-Təbib” koronavirusun yayılmasını azaltmağa kömək edir


Ətrafdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edəcək "E-Təbib” mobil tətbiqi istifadəyə verilib. Bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq "E-Təbib” koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir. Bu mobil tətbiqə qoşularaq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhfənizi verə bilərsiniz. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilir ki, siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə "E-Təbib” vasitəsilə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.

"E-Təbib” "bluetooth” texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur. Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər. Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər almaq mümkündür.

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi "Play Market” və ya "AppStore” vasitəsilə "E-Tabib” və ya "E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara yazın. "Bluetooth” qurğusunu işə salın. "E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.


Karantin rejimini pozanlar cəzalandırılırlar


Təəssüf ki, bəzən vətəndaşlar nəinki koronavirusun yayılmasını azaltmağa kömək edir, hətta özlərini qorumaq baxımından da məsuliyyətsizliyə yol verir, karantin rejimini pozur, bununla da həyatlarını riskə atmış olurlar. Nəticədə, müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sərt karantin rejimini pozaraq Bakıya girişə və çıxışa cəhd edən sürücülərin və cərimələnən şəxslərin sayını açıqlayıb. Belə ki, iyunun 21-i saat 00:00-dan iyunun 22-si saat 00:00-dək ölkə ərazisində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinin tələbini pozduğuna görə 1440 nəfər, İXM-nin 211.2-ci maddəsinin tələbini pozduğuna görə 132 nəfər olmaqla, ümumilikdə 1572 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Ələt-Astara, Bakı-Şamaxı və Bakı-Quba yollarında qurulan karantin postlarında hərəkətinə icazə verilməyən 900 nəqliyyat vasitəsinin sürücüsü isə aşkarlanaraq geri qaytarılıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatına görə isə, məhdudiyyətlərin ilk günündə evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 511419 SMS göndərilib ki, bunlardan da 149177-si, yəni 29 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99.4 faizi 1 dəqiqə ərzində cavablandırılıb.


İndiki məqamda ən yaxşı qorunma yolu izolyasiyadır


İkihəftəlik sərtləşdirilmiş karantin rejiminin tətbiqində məqsəd xəstəliyin geniş yayılmasının qarşısını almaq, vətəndaşların sağlamlığını qorumaqdır. Bəli, vətəndaşların koronavirus infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirir. Lakin bəzi vətəndaşlar özünütəcridin xəstəliyin qarşısının alınması üçün ən vacib amil olduğuna əhəmiyyət vermir, karantin rejimini pozaraq, zərurət olmadığı təqdirdə evdən çıxırlar. Unudurlar ki, hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Hər evdən çıxmaq, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm riski deməkdir. İndiki məqamda bu bəladan ən yaxşı qorunmaq yolu karantin və izolyasiyadır. Vətəndaşlar özlərini, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdır. Yalnız bu zaman yoluxma zəncirini qırmağa kömək edə, virusa birgə qalib gələ bilərik.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video