20 Iyun 2020 00:45
4218
SİYASƏT
A- A+

İlham Əliyev Paşinyanı yenə rəzil etdi


Azərbaycanın hücum diplomatiyası Ermənistanı dalana dirəyib


Azərbaycan işğalçı Ermənistana diplomatiya müstəvisində də böyük zərbələr vurmaqda, bu ölkənin siyasi iflasını uğurla həyata keçirməkdədir. İlham Əliyevin iştirakı ilə keçirilən tədbirlər, sammitlərdə Ermənistanın işğalçılıq siyasəti ifşa olunub, rəhbəri çıxılmaz vəziyyətə salınıb və dünya erməniliyinin əsl məkrli mahiyyəti faktlarla göstərilib. Şərq Tərəfdaşlığı ölkələrinin, MDB dövlət başçılarının sammitlərində, Münxen Təhlükəsizlik Konfransında və digər nüfuzlu tədbirlərdə baş verənlər bunun real təsdiqidir.

Ermənistan növbəti belə diplomatik zərbəni Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında keçirilən sammitində aldı. Prezident İlham Əliyev konkret faktlar əsasında Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə yerində oturtdu.


"Dağlıq Qarabağ Azərbaycandır”


Bu dəfə də Azərbaycan Prezidentinin Qarabağla bağlı qətiyyətli mövqeyi Nikol Paşinyana, bütünlükdə erməni ictimaiyyətinə, həmçinin bu işğalçıların havadarlarına olduqca layiqli bir cavab oldu. Dövlət başçısı çıxış edərək Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirdiyini, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunun 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olduğunu bəyan etdi: "Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

Xatırladaq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan tərəfdaşlıq prioritetləri sənədində Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadə edilib. İki il öncə isə NATO-ya üzv ölkələrin liderlərinin Brüssel sammitinin yekunlarına dair bəyannaməsində yer alanlar da Ermənistan üçün daha bir diplomatik zərbə olmuşdu. Burada qəbul edilən yekun kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi ölkəmizin diplomatik uğuru idi.


Erməni terroru ilə bağlı daha bir ifşaedici fakt


Yeri gəlmişkən qeyd edək ki, erməni terroru ilə bağlı daha bir ifşaedici fakt da Prezident İlham Əliyev tərəfindən yenidən diqqət mərkəzinə gətirildi. Videokonfransda Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin çıxışından sonra iddia etdi ki, guya Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirməsinə dair qərar verib. Bu arada Nikol Paşinyanın isterik vəziyyətdə həm ingilis, həm də erməni dilində danışması konfrans iştirakçılarının çaşqınlığına səbəb oldu.

Sonra isə o, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun burada əfv edilməsindən narazılıq edib. Amma cavabı da dərhal elə anında da Prezident İlham Əliyev tərəfindən verilib: "Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

Danılmaz həqiqətdir ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı erməni tərəfinin hər dəfə qaldırdığı hay-küyün heç bir əsası yoxdur. İlk növbədə ona görə ki, 1983-cü ildə qəbul olunmuş "Məhkumların təhvil verilməsi barədə” Strasburq Konvensiyasına qoşulan ölkələrdən biri məhbusu öz ölkəsində cəza çəkmək üçün digərinə ekstradisiya edə bilər. Məhbusu qəbul edən tərəf cəzanın çəkilməsini təmin edə, yaxud cəzanı həmin ölkənin daxili hüquqi prosedurları çərçivəsində dəyişdirə bilər. Azərbaycan həmin konvensiyanı qəbul etdiyinə görə Macarıstan Ədliyyə Nazirliyi Ramil Səfərovun ekstradisiyasını həyata keçirib. Konvensiyaya görə cəza həmin ölkənin qanunvericiliyinə əsasən tənzimlənə bilər.


Terror Ermənistanda dövlət səviyyəsində dəstəklənir


Terrora dövlət səviyyəsində dəstək verən Paşinyan yenə də sərsəm ritorikaları və diplomatiya tarixinə ləkə gətirən qeyri-ciddi çıxışı ilə diqqəti cəlb etdi. Ancaq İlham Əliyev digər beynəlxalq toplantılarda olduğu kimi, növbəti dəfə də Paşinyanın yalan üzərində qurulmuş çıxışını dəqiq faktlara və arqumentə əsaslanan məntiqli fikirləri ilə alt-üst etdi. Azərbaycan Prezidenti bir daha işğalçı rejimin rəhbərini rəzil gününə saldı.

Burada bir məqamı qeyd edək ki, Paşinyan Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi. Halbuki Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Paşinyanın iddia etdiyi xüsusda Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib.

Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalanla və saxtakarlıqda ifşa etdi. Digər tərəfdən Paşinyan aldığı cavabla erməni terrorunu bir daha gündəmə gətirdi. Belə ki, qeyd olunduğu kimi, Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş verib. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədinin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunmuşdu. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilmiş, mənzil və işlə təmin olunmuşdur.

Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir. Bu məqamın beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidenti tərəfindən yenidən gündəmə gətirilməsi Ermənistanı növbəti dəfə mat vəziyyətinə saldı.

Beləliklə, Paşinyanın videokonfransda həm Azərbaycan Prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşməsi bir daha onun küçə adamı olaraq qaldığını nümayiş etdirdi. Eyni zamanda yardım dilənən Ermənistanla qlobal səviyyədə humanitar missiya yerinə yetirən Azərbaycanın fərqi aydın göründü.


Paşinyan hakimiyyətinin faşist mahiyyəti


Digər tərəfdən, Ermənistanda baş verənlər burada terrorçuluq və faşizmin tüğyan etməsinə dair Azərbaycanın dediklərinin real təsdiqidir. Məsələn, bu yaxınlarda Paşinyan müxalif partiyaları virus daşıyıcıları ilə müqayisə etdi. Xatırladaq ki, bir vaxtlar Hitler də rəqiblərini virus daşıyıcıları ilə müqayisə etmişdi. Əvvəlcə yəhudiləri, sonra kommunistləri və sosial-demokratları, həmçinin digər əleyhdarlarını basil adlandırmışdı. Nasist Hitlerin totalitar düşüncəsi özündən başqa heç bir siyasi subyekti tanımayan bugünkü Paşinyanın düşüncəsinə çox bənzəyir. Əleyhdarlarının hər birini Milli Təhlükəsizlik Xidməti və cinayət işlərinin açılması ilə təhdid edir. Bu, göstərir ki, Ermənistanda hakimiyyətin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır.

Digər tərəfdən, faşizmin Ermənistanda yaradıcılarından olan Njde məlum olduğu kimi, erməni xalqının ali irq olması ideyasını irəli sürürdü ki, bu da nasizm ideyaları ilə uzlaşır. Onun 1930-cu ildə hazırladığı "tsexakronizm” konsepsiyası irqçilik nəzəriyyəsindən çıxış edir. Oxşar ideologiya müasir Ermənistanda da kök atıb və bu, ərazi genişləndirmə siyasəti, türklərə, azərbaycanlılara qarşı fobiya, erməni xalqının ali irq olması və 3 dənizin ortasında "Böyük Ermənistan” xülyasının bir hissəsidir. Paşinyan bunlara sadiq qalmaqla Ermənistanda faşizmin təşəkkülünə yeni təkan verir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video