20 Iyun 2020 00:42
1337
İQTİSADİYYAT
A- A+

9 gündə 3 yeni yarımstansiya


Bu il iyun ayının birinci yarısında Prezident İlham Əliyevin iştirakı ilə ölkədə üç yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bunlardan ikisi dövlət başçısının Tərtər və Ağcabədi bölgələrinə səfəri çərçivəsində iyunun 3-də açılıb, üçüncüsü isə paytaxtın Xətai rayonunda iyunun 11-də istismara daxil olub.

Beləliklə, Azərbaycanda cəmi 9 gün ərzində əhaliyə daha 3 yeni yarımstansiya xidmət etməyə başlayıb. Bu da ölkəmizin elektrik enerjisi sisteminin gündən-günə daha da gücləndiyinin, keyfiyyətli və dayanıqlı olduğunun aydın göstəricisidir.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən birinci dövlət proqramının həyata keçirilməsinə başlandığı vaxtdan Azərbaycanda əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatı sahəsində də genişmiqyaslı işlər görülüb.

Nəticədə son 16 ildə ölkədə 30-dan çox yeni elektrik stansiyası tikilib, çoxsaylı yarımstansiyalar inşa edilib.

Həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın həmçinin digər ölkələrə elektrik enerjisi ixrac etməsinə imkan verib. Ölkəmizin bu sahədə qazandığı nailiyyətlər beynəlxalq reytinq təşkilatlarının, o cümlədən Davos Ümumdünya İqtisadi Forumunun da diqqətindən yayınmır və layiqincə dəyərləndirilir.

Bakının Xətai rayonundakı "Əhmədli” yarımstansiyasının açılışında Prezident İlham Əliyevin dediyi kimi: "Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır”.

Bu enerji obyektlərindən biri yenidənqurmadan sonra istifadəyə verilən 110/35/6 kilovoltluq "Tərtər” elektrik yarımstansiyasıdır. Qurğu Tərtər şəhərinin sosial-iqtisadi təyinatlı obyektlərini, eləcə də ətraf kənd və qəsəbələri, cəbhəyanı hərbi hissələri, suvarma sistemlərini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Başqa sözlə, yarımstansiyanın istismara verilməsi əhali və qeyri-əhali qruplarından ümumilikdə 18 min 393 abonentin elektrik enerjisinin təchizatını daha da yaxşılaşdıracaq.

"Tərtər” yarımstansiyası Naftalan və Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə "Azərbaycan” İstilik Elektrik Stansiyası və "Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sisteminə qoşulub.

İyun ayında dövlət başçısının iştirakı ilə istifadəyə verilən daha bir enerji obyekti 110/35/10 kilovoltluq "Ağcabədi-2” elektrik yarımstansiyasıdır. İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılıb və onun gücü artırılıb.

Yeni yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq "İmişli” və "Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchizat sxeminə qoşulması təmin edilib. Bu, istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyi artırıb.

Paytaxtın Xətai rayonunda istifadəyə verilən "Əhmədli” yarımstansiyası da 110/35/10 kilovoltluqdur.

"Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, burada bütün qurğular ən müasirləri ilə əvəzlənib. Yenidənqurma zamanı yarımstansiya üçün təzə idarəetmə binası da inşa olunub. Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial-iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Ümumiyyətlə, son illərdə ölkənin şəhər və rayonlarında istifadəyə verilən elektrik stansiyaları və yarımstansiyaları yerləşdikləri ərazinin iqtisadiyyatına və orada yaşayan əhalinin sosial həyatına böyük dəstək göstərir. Son bir ildə təkcə Abşeron regionunda 12 yarımstansiya işə salınıb.

Prezident İlham Əliyev bu sahədə də həyata keçirilən layihələrin davamlı olduğunu bəyan edib: "Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik”.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video