19 Iyun 2020 02:07
4394
SİYASƏT
A- A+

Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir


Bu həm ölkəmizin etibarlı tərəfdaş olmasının, həm də Prezident İlham Əliyevin nüfuzunun nəticəsidir


COVID-19 insanların həyatına törətdiyi problemlə yanaşı, ilk baxışda bundan az əhəmiyyətli olan, əslində isə əhalinin sosial güvənliyinə zərbə vurduğu üçün həm də əhəmiyyətli olmayan dünya iqtisadiyyatının illərdən bəri formalaşmış düzənini poza-poza gedir. Və ən pisi də budur ki, onun canımızdan və iş-gücümüzdən birdəfəlik nə vaxt çəkilib gedəcəyini nə deyən var, nə də bilən. Deyilən və bilinən yalnız odur ki, lənətə gəlmiş bu virus dünyada hələ çox at oynadacaq.

Belə bir vaxtda iqtisadiyyatı təkcə zəif yox, həmçinin ortabab olan ölkələr qapı-qapı düşüb pandemiyanı birtəhər yola vermək üçün maliyyə axtarırlar. Amma indiki zamanda, belə mürəkkəb şəraitdə kim kimə pul verər ki, xüsusən də həmin vəsaitin xərclənəcəyi sahələr maliyyə sahiblərinin şərtlərinə cavab vermirsə. Yeri gəlmişkən qeyd edək ki, bu gün dünyanın təxminən 150 ölkəsi kredit üçün müxtəlif beynəlxalq bank və donor təşkilatlarına müraciət edib.

Azərbaycan isə, məlum olduğu kimi, onların sırasında yoxdur. Yəni Azərbaycan dünyanın pandemiya dövründə xarici maliyyə dəstəyinə ehtiyacı olmayan təxminən 50 imkanlı ölkəsindən biridir. Lakin bu da dolayısı ilə iqtisadi inkişafımızı, sosial güvənliyimizi sübut edən göstəricilərimizin hamısı deyil. Başqa sözlə desək, çoxlarının maliyyə axtardıqları indiki vaxtda dünyanın nüfuzlu maliyyə qurumlarının özləri Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirirlər. Həm də təkcə bildirmirlər, konkret layihələr hazırlayıb Azərbaycan Prezidenti ilə müzakirə etmək təşəbbüsü göstərirlər.

Növbəti belə təşəbbüs çərçivəsində, xəbər verildiyi kimi, Prezident İlham Əliyevlə Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Breyde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilmişdir.

Videokonfransda müzakirə edilən məsələlərə keçməzdən öncə Dünya Bankı haqqında bir neçə məlumat vermək istərdik ki, onun Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərməsinin əhəmiyyəti bir daha məlum olsun. 76 il əvvəl, daha dəqiq desək, 1944-cü il iyulun 1-də Bretton-Vuds konfransında təsis olunmuş DB dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsü ilə məşğul olan ən böyük donor təşkilatlarından sayılır. Mütəxəssislər bildirirlər ki, DB klassik mənada heç də bank deyil, ixtisaslaşmış agentlikdir, daha doğrusu, BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Hazırda bu agentliyin 184 üzvü var. İnkişaf edən ölkələrə çox aşağı faiz dərəcəsi ilə, hətta bəzən faizsiz uzunmüddətli kreditlər və qrantlar verən DB-nin əsas məqsədi imkansız dövlətlərə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.

Bankın Azərbaycanla əməkdaşlığına gəldikdə, qısa müddətdə bu əlaqələr qarşılıqlı etibar və etimada əsaslanaraq ardıcıl davam etmiş və çox yaxşı haldır ki, indiki mürəkkəb zamanda da proses səngiməmişdir. Təsadüfi deyil ki, Azərbaycanın DB ilə əməkdaşlığa başladığı dövr ərzində ölkəmizin iqtisadiyyatı 3 dəfə böyümüş, yoxsulluq problemi demək olar həll edilmişdir. Məhz bu kimi səbəblər üzündən keçən il DB ilə yeni milli iqtisadi inkişaf strategiyasının hazırlanması üzrə danışıqlara başlanmışdır. Hazırda tərəflər 2016-2020-ci illəri əhatə edən strategiya üzərində çalışırlar və onun müddəti məlum səbəblər üzündən 1 il artırılmışdır.

Ümumiyyətlə, indiyəcən ölkəmizin DB ilə müxtəlif sahələri əhatə edən birgə layihələrinə 3,5 milyard dollardan çox vəsait ayrılmışdır. Lakin Prezident İlham Əliyevin videokonfransda qeyd etdiyi kimi, gələcək üçün icra olunası layihələr, həyata keçiriləsi planlar hələ çoxdur: "Əlbəttə, bizim planlarımız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox müsbət əməkdaşlığımız olacaq”.

Bəs dövlət başçısının vurğuladığı müsbət əməkdaşlıq hansı sahələri əhatə edəcək?

Videokonfransda müzakirə olunan mövzulardan bunu ayırd etmək elə də çətin deyil. İlk növbədə, DB Azərbaycana özünüməşğulluq proqramının həyata keçirilməsində dəstək verəcək. Dəstək çərçivəsində bank ölkəmizə təxminən 100 milyon dollar vəsait ayıracaq və bunun hesabına 15 minə yaxın adam sözügedən proqrama cəlb olunacaq.

Azərbaycanın DB-ni əməkdaşlığa dəvət etdiyi digər sahə suvarma və su təchizatı ilə bağlıdır və bu, təsadüfi deyil. Videokonfransda Prezident İlham Əliyevin dilindən səsləndi ki, bu sahələr üzrə infrastrukturun çox hissəsi istismar müddətini başa vurub və o üzdən bəzi ərazilərdə 40, hətta 50 faiz su itkisi olur. Amma bu da su problemimizin hamısı deyil. "Xüsusən ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin... Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilkin addımlarımızı bir və ya iki ay ərzində atmağı planlaşdırırıq”, - deyən Prezident İlham Əliyev Dünya Bankının bu sahədə ölkəmizlə əməkdaşlığının vacibliyini önə çəkdi.

Dövlət başçısının DB-ni əməkdaşlığa dəvət etdiyi sahələrdən biri də aqrar sektordur. Qeyd edək ki, ölkəmizin bankla bu sahədə əməkdaşlıq təcrübəsi var. Amma dövr dəyişib və qlobal tələblər başqadır. İlham Əliyev: "Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Çünki biz təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik”.

Bu yeni tələblərin hamısını sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlayan Prezident İlham Əliyev Azərbaycanın DB-nin sayəsində sözügedən sahədə vacib layihələri həyata keçirdiyini vurğulayaraq dedi: "Hazırda biz əsasən "Şimal-Cənub nəqliyyat dəhlizi” üzərində çalışırıq. Çünki Şərq-Qərb artıq həyata keçirilib. Paytaxtdan şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmiz... mövcuddur. Lakin yeni yük həcminə görə bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəliyimizə daxildir”.

Yəqin ki, bu sitatdan sonra şərhə ehtiyac qalmır. Ölkəmizin iqtisadi maraqları naminə dövlət başçısının məramı və məqsədi gün kimi aydındır.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video