19 Iyun 2020 01:48
1014
İDMAN
A- A+

Ağdamın “Qarabağ” klubu çempion elan olundu


Koronavirusa görə Azərbaycan çempionatı başa çatdırılmadı


Dünən AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılsın; Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin; 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın; COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun; 2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin.

Beləliklə, Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün çempionu Ağdamın "Qarabağ” klubudur! "Qarabağ” ölkəmizi Avropa Çempionlar Liqasında təmsil edəcək. Gümüş və bürünc medallara müvafiq olaraq "Neftçi” və "Keşlə” sahib oldu. Ölkəmizi avrokuboklarda təmsil edəcək digər komanda isə tarixində ilk dəfə 4-cü yerin sahibi "Sumqayıt” klubu olacaq.

Sonuncu yerdə qərarlaşmış Qəbələnin eyniadlı klubu Azərbaycan Premyer Liqasını tərk etməyəcək.

COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər. Növbəti mövsümün startı avqustun 16-na planlaşdırılıb.

Rizvan HİLALOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video