17 Iyun 2020 00:22
2335
Səhiyyə
A- A+

Hippokrat andı, vicdan və məsuliyyət hissi


İnsanın Həyata və Ölümə münasibəti sözsüz ki, dünyəvi məzmun daşıyır. Onu həm də ümumbəşəri mədəniyyətdən kənarda təsəvvür etmək olmaz. Həkim və tibb işçisi üçün isə onun peşə əxlaqı və dəyəri ən vacib şərtlərdəndir. Bu mənada Həyata və Ölümə münasibət prosesində tibbin maraqları fəlsəfənin, hüququn, dinin, ədəbiyyatın və incəsənətin maraqları ilə üst-üstə düşür. Bütün hallarda tibb üçün bu məsələ xüsusi problemlidir, yəni burada reallıq və təcrübə mühüm rol oynayır, çünki həkim müxtəlif vəziyyətlərdə daim o problemlə - "olum ya ölüm”lə üzləşir.

Məlumdur ki, hələ qədim zamanlardan təbabətlə məşğul olan həkim üçün ali etik norma müəyyən edilmişdi: "Non nocere!”, yəni zərər vurma! Daha dəqiq desək, pasiyentin həyatına, sağlamlığına, dincliyinə zərər vurma! Xəstənin həyatına və şəxsiyyətinə ehtiram göstərmək həkimlik etikasının ana xəttidir, Hippokratdan ta bu günə kimi qüvvədədir və öz mahiyyətini də itirməyib. O zamandan tibbdə insan həyatı və onun sağlamlığı problemi həyatın əsas etik normasına dönüb.

Əlbəttə, zaman-zaman həkimlik peşəsiylə bağlı, təbabətlə həyatın mənəvi-əxlaqi mənası və münasibətlərinə dair müxtəlif filosofların müxtəlif baxışları və konsepsiyaları olub və bu gün də mövcuddur. Bulqakovun, Dostoyevskinin, Bekonun, Frankın, Fyodorovun və onlarca zəka sahiblərinin Hippokrat andından qaynaqlanan etik normalarının əsas məğzini elə insan sağlamlığı təşkil edib. Bütün bu ümumi baxışlar məcmuəsindən savayı, bir də var canlı etika, yəni kökü qədim hind sivilizasiyasının buddist ideyaları ilə mayalanan etika. Bu təlimə görə, bizim planetimiz Od dövrünə qədəm basıb. Burada psixi enerjinin rolu getdikcə çoxalır və o da təbiətin mənəvi yeniləşməsini ehtiva edir. "Canlı etika” həm də həmrəylik deməkdir, birlik simvoludur, humanistlik, mərhəmət, şəfqət, ədalət kimi fəzilətləri özündə cəm edir. Bu gün belə etik-fəlsəfi dəyərləri özündə birləşdirən baxışlar çoxdur, onları da birləşdirən bir ümumi xətt var: ən qiymətli dəyər HƏYATdır.

Lakin mən bu gün dünyanın belə bir ağır durumunda, xüsusilə ən qiymətli dəyər olan insan həyatına qəflətən və amansızcasına hücum edən naməlum bir düşmənin - koronavirus pandemiyasının, COVID-19 virusunun sürətlə yayıldığı və ölkəmizi də qismən bürüdüyü bir zamanda bizim qəhrəman səhiyyə işçilərinin vəzifə borcları ilə yanaşı, vicdanlı və məsuliyyətli əməyi barədə söz açmaq istəyirəm.

Səhiyyə sistemi təkcə həkimlərdən ibarət deyil, həkimlər bu sistemin çox cüzi faizini təşkil edir. Burada minlərlə personal çalışır - tibb işçiləri, yuxarı və orta menecment, texniki personallar, əczaçılar, təchizatçılar... Səmimi deyirəm: bu gün əsas yük, güc və enerji də onların üzərinə düşür. Həkim-xəstə münasibətləri, həkim-personal münasibətləri, personal-menecment münasibətləri, xarici və daxili əlaqələr və tənzimləmələr - bütün bunlar nəhəng bir səhiyyə sisteminin normal işləməsi üçün lazım olan ən mühüm idarəetmə prosesləridir. Belə bir ağır durumda bu işlərin öhdəsindən bacarıqla gəlmək, sözün əsl mənasında, qəhrəmanlıqdır. Çöldən hər şey asan görünə bilər, amma mənə inanın - bu, görünən kimi deyil...

Sadəcə tibbi baxımdan həkimin vəzifə borcunu yerinə yetirməsində Hippokrat andı kimi etik dəyərdən yox, bütövlükdə tibb və səhiyyə işçilərimizin öz işlərinə vicdanla yanaşmasını, məsuliyyətlərini və öhdəliklərini daha mükəmməl bir şəkildə icra etdiklərini vurğulamaq istərdim. Bəs, bunlar hansı meyarlarla ölçülür? Onları necə müəyyən etmək olar? Quru statistik rəqəmləri misal gətirmək istəmirəm, bunlar sizə məlumdur. Sadəcə, səhiyyə işçilərimizin bu günlər görünməyən, daha doğrusu, ictimaiyyətə məlum olmayan ağır və şərəfli əmək fəaliyyətini dilə gətirmək istəyirəm. Bayaq vicdan məsələsini elə - belə qeyd etmədim. Əvvəla, yaxşı həkimin, tibb işçisinin vicdanlı olmağının bəhrəsi ruhi sakitlikdir. Və düşünürəm ki, bu təyin təkcə həkimə yox, bütün bəşər övladına aid ola bilər: bir anlıq düşünün, ruhən özünü arxayın və əmin hiss edən adam vicdanı qarşısında necə ola bilər? Əlbəttə, bu məsələdə həkimlik sənəti üçün bir çox başqa amillər də tələb olunur: həkimin, ya bir tibb işçisinin, ya da elə orta səhiyyə işçisinin dürüstlüyü, mədəniyyəti və intellektual təfəkkürü olmalıdır ki, ona etibar eləsinlər, inansınlar. Yalnız bundan sonra onun nə dərəcədə həkimlik, yaxud tibb işçisi kimi vəzifə borcunu yerinə yetirərkən əxlaq prinsiplərinə necə riayət etməsindən danışmaq olar. Onun vicdanı qarşısında məsuliyyəti həm də bununla müəyyən edilir ki, peşəkarlığı hansı səviyyədədir, ona inanırlarmı, etibar edirlərmi?

Vicdan və ləyaqət məsələsi təkcə həkimin, yaxud səhiyyə işçisinin özündən asılı deyil, həm də çox vaxt dövlətin ona yaratmış olduğu şəraitdən asılı olur. Gəlin görək son illər dövlətimiz səhiyyə üçün, səhiyyə işçilərimiz üçün nələr edib? Fəxarət hissiylə bildirirəm: dövlət başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Bakıda keçirilən tədbirlərdə bu dəyərləndirmələr dəfələrlə səslənib və deyilib. Səhiyyəmizdə aparılan uğurlu islahatlar nəticəsində tibb müəssisələrinin maddi texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib. Müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi modern avadanlıqlarla təmin edilib. Bu sahədə inkişaf istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlət başçısı daim nəzarətdə saxlayır. Bu layihələr eyni zamanda vətəndaşımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir. Onu da əlavə edim ki, səhiyyə işçilərimizin həyat və məişət şəraiti də xeyli yaxşılaşıb, bu sahədə də yeni-yeni addımlar atılmaqdadır.

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı kəskin dalğalanmalar, bizim ölkənin iqtisadiyyatına, iş ahənginə, eləcə də bütün sahələrə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam və göstərişləri, habelə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı ilə bütün səhiyyə sisteminin səfərbər olunması bu bəladan bizim çox az zərərlə çıxacağımıza böyük inam yaradır.

Koronavirus pandemiyası başlayandan bu günə qədər dövlətimiz çox böyük tədbirlər həyata keçirib. Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu yaxınlarda Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirilən qiymətli fikirlər biz həkimləri də səfərbər edərək daha məsuliyyətli olmağa, eyni zamanda pandemiyaya qarşı mübarizədə qayda və qanunlara əməl etməyə çağırır.

Xalqımız dünyanı çənginə alan pandemiya dövründə bir daha əmin oldu ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva üçün insanların sağlamlığı birmənalı qaydada tərəddüdsüz həmişə birinci yerdə olub. Cənab Prezident bir daha bəyan etdi ki, "şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

Bəli, cənab Prezidentin və hörmətli Birinci vitse-prezidentin xalq naminə atdıqları səmərəli addımlar nəticəsində COVID-19 virusuna qarşı önləyici tədbirlər həyata keçirilir, koronavirusla mübarizənin bazası gücləndirilir. Beynəlxalq aləmdə də Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə.

Bunu da qeyd etməyi özümə borc bilirəm: dövlət başçısı fədakar peşə sahibləri olan həkimlərimizin əməyini də yüksək qiymətləndirir. Pandemiya ilə mübarizədə həkimlər ön xətdədir və tibbi personal dövlətin qayğısını hiss edir, onlar bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışırlar. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər, çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, səhiyyə işçilərimizin fədakarlığı hesabınadır. Bizdə yoluxanların sayı da o biri ölkələrə nisbətən çox azdır, çünki bizdəki yanaşma əvvəldən ən düzgün, ən humanist yanaşma oldu.

Buna görə də vətəndaşlarımıza bir daha müraciət etmək istəyirəm ki, pandemiyaya qarşı mübarizədə qayda və qanunlara əməl etsinlər, sağlamlıqlarını qorusunlar. Məsuliyyətli, nizam-intizamlı olsunlar. Xüsusi karantin rejimini pozmasınlar, vətəndaş həmrəyliyi göstərsinlər. Bu günlər hər bir vətəndaşımızın bunu dərk etməsi vacibdir. Bir məsuliyyətsiz adam yüz nəfəri yoluxdura bilər, onların və özünün həyatını risk altına atmış olar. Axı, bizim həkimlərimiz və tibb işçilərimizin həyatı da risk altındadır. Mən onların bu qorxulu xəstəliklə mübarizədə necə fədakarlıq nümayiş etdirdiklərinin də şahidiyəm. Orta tibb personalının, tibb bacılarının qısa müddət ərzində modern tibb ləvazimatlarından və cihazlarından istifadə etmək bacarıqları, heç nəyə baxmadan gecə-gündüz COVID-19 virusuna yoluxmuş vətəndaşlarımızın xidmətində durmaları, minlərlə riskli və ya yoluxmuş pasiyentin test yoxlamalarını aparmaları, laborator analizləri vaxtında və dəqiq yerinə yetirmələri sadəcə məndə heyrət doğurur! Mən onların bu vətənpərvərliyi və fədakarlığı qarşısında baş əyirəm.

Həkimin rolu ilk növbədə insanın həyat və sağlamlığı ilə əlaqədardır. Onun vəzifə borcundan savayı, vicdanı da, məsuliyyət hissi də məhz pasiyentə münasibətdə özünü büruzə verir, bütövlükdə isə səhiyyə işçilərinin həm öz həmkarlarına, həm də cəmiyyətə münasibətlərində özünü göstərir.

Fürsətdən istifadə edib bayram günündə bütün səhiyyə işçilərimizi təbrik edir, onlara son dərəcə ağır və yorulmaz fəaliyyətlərində dözüm, səbir və möhkəm iradə arzulayırıq!

Rəşad MAHMUDOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video