14 Iyun 2020 12:31
609
SİYASƏT
A- A+

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Şaumyan rayonu ilə bağlı bəyanatına cavab verib


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-ə açıqlamasında Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatını şərh edib.

AZƏRTAC xəbər verir ki, Leyla Abdullayevanın açıqlamasında deyilir: "Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonunun guya ki, işğal olunmasına dair bəyanatı təcavüzkar Ermənistanın Azərbaycana qarşı olan əsassız ərazi iddialarının ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu ilə məhdudlaşmadığını aşkar şəkildə göstərir.

Azərbaycanın keçmiş Şaumyan rayonu ilk dəfə 1930-cu ildə keçmiş Gəncə qəzasının ərazisində əsasən ermənilərin məskunlaşdığı ərazilərin daxil olduğu Şaumyan kənd rayonu inzibati vahidi şəklində yaradılıb. Bu rayon heç vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə rayon ləğv edilərək Qasım İsmayılov rayonunun tərkibinə daxil edilib, sonradan isə onun tarixi adı qaytarılaraq Goranboy adlandırılıb.

Ermənistan XİN-in Azərbaycanı öz beynəlxalq tanınmış ərazilərini işğal etməkdə ittiham etməsi gülünc olduğu qədər, yumşaq dillə desək anlaşılmazlıq doğurur. Xatırladırıq ki, hələ 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin "Sarqsyan Azərbaycana qarşı” adlı qərarının 30-cu paraqrafında məhkəmə qeyd edib ki, keçmiş Şaumyan rayonunun (Goranboy) "DQR tərəfindən ərazisinin bir hissəsi olduğu iddia edilir...”. Təqdim olunan dəlilləri nəzərdən keçirən məhkəmə 134 və 139-cu paraqraflarda müəyyən edib ki, bu rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və beləliklə, Ermənistanın iddiası rədd edilir.

Ermənistan XİN-in Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin hərbi işğalına, bu ərazilərdəki yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozuntusuna görə məhz Ermənistanın tam məsuliyyət daşıdığı məsələdən beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədilə verdiyi bu bəyanat işğalçı ölkənin faktların saxtalaşdırılması üzrə çirkin təcrübəsidir.

İşğalçı ölkənin bu bəyanatı Ermənistan rəhbərliyinin əslində öz əhalisini sülhə necə hazırladığını bütün dünyaya nümayiş etdirdi. Ümumilikdə qeyd etmək istərdim ki, Ermənistan XİN-in son bəyanatı onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə yönəldilib. Onların bunu bilərəkdən, yaxud Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində hazırda açıq-aydın təklikdə qaldıqları üçün çıxılmaz vəziyyətdən irəli gələrək etdiklərini söyləmək çətindir. Ermənistan tərəfini nəinki dünyada dəstəkləyən, hətta onların mövqeyinə anlayış göstərən nə bir dövlət, nə də bir qüvvə var.

Bəlkə də Ermənistan XİN-in son açıqlamasına öz ölkələrindəki mürəkkəb daxili vəziyyət təsir göstərib və bu yolla onlar öz xarakterlərinin ağırlığını göstərmək istəyirlər. Ancaq məntiqi o olardı ki, Ermənistan tərəfi bizimlə masa arxasında oturaraq, bütün səviyyələrdə dəfələrlə bəyan edilən təkliflər əsasında danışıqları yekunlaşdırsın”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video