14 Iyun 2020 00:24
729
SİYASƏT
A- A+

Pandemiya dövründə Azərbaycan liderlik xüsusiyyətlərini beynəlxalq müstəvidə bir daha təsdiqlədi


Biz dünyanın ən çox humanitar yardım göstərən ölkələrindənik


Yaşadığımız pandemiya dövrü bir daha göstərdi ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqları dayanır. Başqa sözlə, koronavirus pandemiyası dövründə insanların sağlamlığı və sosial müdafiəsi ən vacib məsələ kimi önə çəkildi. Bununla yanaşı, Azərbaycan pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmas qurdu. Növbəti tədbirlərlə, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının videokonfrans şəklində keçirilən zirvə görüşlərində öz sözünü dedi. Beləliklə, ölkəmiz bu çətin dövrdə də beynəlxalq müstəvidə xeyirxah təşəbbüslər və böyük nüfuz sahibi olduğunu bir daha təsdiqlədi.

Hələ mart ayında Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssislərindən ibarət heyət Azərbaycanın müraciəti əsasında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuşdur. Daha sonra həmin təşkilatın Baş direktoru, doktor Tedros Adhanom Gebreyesus Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak edən Tedros Adhanom Gebreyesus Azərbaycanın dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi pandemiya ilə mübarizəyə böyük dəstək göstərdiyini vurğulamışdır.

Bu günlərdə Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışında iştirak edərkən Azərbaycanın koronavirus pandemiyası dövründə beynəlxalq müstəvidə özünü çox məsuliyyətlə apardığını qeyd etmişdir: "İlk növbədə, ölkə daxilində və beynəlxalq arenada bizim təşəbbüsümüzlə iki zirvə görüşü keçirilibdir: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi”.

Bütün bunlar dünya tərəfindən layiqincə dəyərləndirilir. Azərbaycanın yüksək beynəlxalq imici bir daha təsdiqlənir. Azərbaycan bu çətin və mürəkkəb dövrdə də liderlik göstərir.

Ölkəmiz, eyni zamanda Qoşulmama Hərəkatının üzvlərinə müraciətlə təklif etmişdir ki, BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası keçirilsin. Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişlər. Sonra bu barədə BMT Baş katibinə müraciət olunmuşdur və indi ondan cavab gözlənilir.

Prezident İlham Əliyev indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsinin zəruri olduğunu bildirmişdir: "Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar. İndi biz ikitərəfli və çoxtərəfli formatda məsləhətləşmələr aparırıq və əgər bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın təşəbbüsü ilə dünya birliyi birləşib bu məsələ ilə bağlı öz sözünü deyəcək. Çünki burada əsas məsələ özünə qapanmamaqdır. Biz yaxşı xatırlayırıq ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir”.

Azərbaycan heç bir ölkədən humanitar yardım istəməmişdir. Üstəlik, fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərmişdir. Bunlar köməyə ehtiyac duyan və yardım üçün bizə müraciət edən ölkələrdir. Azərbaycan, eyni zamanda 15 ölkəyə humanitar yardım göstərir. Bunlar Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Əsas meyar ən çox ehtiyacı olan ölkələrdir.

Xatırladaq ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə verib və beləliklə, bu beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Tam məsuliyyətlə demək olar ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri məhz Azərbaycandır.

Prezident İlham Əliyev bu məqamı vurğulayaraq demişdir: "Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər”.

Bütün bunlar Azərbaycanın həm ölkə daxilində, həm beynəlxalq aləmdə həyata keçirdiyi düzgün siyasətin nəticəsidir. Ölkəmizin nüfuzu, ona bəslənən hörmət və rəğbət də məhz bu səbəblərdən getdikcə artır.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video