13 Iyun 2020 15:27
858
SİYASƏT
A- A+

XİN: Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı faktları ifadə edir


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-lərin Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomobil yolunun inşası ilə bağlı Avropa Parlamenti üzvlərinin birgə bəyanatı ilə bağlı sualını cavablandırıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva deyib: "Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Avropa Parlamentinin üzvü Marina Kalyurand, qurumun Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Jelena Zavko, əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin məlum mövqeyini bir daha təsdiqlədi. Təcavüzkar dövlət olan Ermənistan istisna olmaqla, beynəlxalq ictimaiyyətin bütün üzvləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və sənədlər Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmasını tələb edir.

Biz Avropa Parlamentinin üzvlərinin beynəlxalq hüquqa, eyni zamanda, Avropa İttifaqı Şurasının "2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti üzrə” 2020-ci il 11 may tarixli yekun qərarına əsaslanan mövqeyini alqışlayırıq. Avropa İttifaqı Şurasının qərarında ifadə olunduğu kimi, beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyünə, müstəqilliyə və suverenliyə hörmət, demokratiya, rifah və sabitlik məkanını qurmaq üçün bizim ortaq öhdəliyimizdir. Bu mövqe, həmçinin Aİ-nin fundamental və institusional hüquqi norma və dəyərlərinə, prinsiplərinə uyğun olaraq səsləndirilib.

Bununla bağlı Ermənistanda müşahidə etdiyimiz təşvişə gəldikdə isə xatırlatmaq istərdik ki, Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir, başqa heç bir şey yox. Biz Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin qəti mövqeyini şübhə altına almağa vaxt sərf etmək əvəzinə, əhalisini sülhə hazırlamağa çağırırıq. Bölgədə davamlı sülh, təhlükəsizlik, sabitlik və rifaha yalnız Ermənistan təcavüzünün nəticələri aradan qaldırıldıqdan, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsindən, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasından, yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarına və əsas azadlıqlarına təminat verildikdən sonra nail olmaq mümkündür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video