13 Iyun 2020 14:10
583
CƏMİYYƏT
A- A+

Gədəbəydəki Koroğlu qalası gecələr günəş batareyaları ilə işıqlandırılacaq


Uca dağlar qoynunda yerləşən, səfalı təbiətə və zəngin maddi-tarixi irsə malik Gədəbəy rayonunda turizmin inkişafı məqsədilə XVI əsrin tarixi yadigarı olan Koroğlu qalasının gecə işıqlandırılmasını təmin etmək üçün qalaya aparan yüksəklik boyu günəş batareyaları və işıq dirəkləri quraşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu vaxtadək qala yolu boyunca 16 müasir işıq dirəyi basdırılıb.

Koroğlu qalasının tam işıqlandırılmasını və qalaya aparan yolun üzərində ziqzaqvari effektin alınması üçün ümumilikdə 30 günəş batareyası quraşdırılacaq.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ötən il ilk dəfə dağın dibindən qalaya qədər 740 metr yol salınıb. Dağın ətəyi boyunca salınmış yol terraslardan və pilləkənlərdən ibarətdir. Bu məqsədlə qala yolunda 438 pilləkən, həmçinin yüksəkliyə aparan yolun daha da təhlükəsizliyi üçün sürahi - kəndirlər quraşdırılıb.

Qalakənd və Miskinli kəndləri arasında sıldırım qayalığın zirvəsində yerləşən bu tarixi abidə xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı ölkəmizdəki çoxsaylı qalalardan biridir.

Koroğlu qalası Gədəbəy rayonundan təxminən 7-8 kilometr məsafədə yerləşir. Qalaya gedən yol səfalı Miskinli və Qalakənd kəndlərindən keçir. Dağ ətəkləri boyunca yamyaşıl, güllü-çiçəkli yaylaqlardan keçən asfalt yol turistləri Koroğlu qalasının yerləşdiyi dağa yaxınlaşdırır. Yüksəklikdən salınmış avtomobil yolundan baxarkən qarşıda hər iki kəndin cərgələnmiş evlərinin bağ və bağçaların füsunkar mənzərəsi açılır. Sıldırım qayaların dibindən axan kiçik dağ çayları, yamaclardakı meşələr bu yerlərə səfər edən hər kəsə heyrətamiz təsir bağışlayır. Çox keçmədən yüksək dağ üzərində divar və bürcləri zamanın təsiri ilə uçub dağılmış, lakin hələ də öz əzəmətini qoruyub saxlayan Koroğlu qalası görünür.

Qala hərbi-strateji baxımdan uca, əlçatmaz yerdə tikilib. Sıldırım qaya üzərində ucaldılmış möhtəşəm Koroğlu qalası strateji baxımdan olduqca əlverişli yerdədir. Özünəməxsus memarlıq xüsusiyyətlərinə malik qalanın qərb tərəfi sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar. Müdafiə məqsədilə inşa olunmuş Koroğlu qalasında yeraltı gizli yol və gizli su xətti də aşkar edilib. Saxsı borularla gələn su qalanın içərisində inşa edilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndinin içindən keçən çaya tökülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video