13 Iyun 2020 00:29
459
SİYASƏT
A- A+

Ermənistanda koronavirusla bağlı dramatik vəziyyət hökm sürür


Ermənilər pandemiyaya yoluxanların sayının dəhşətli dərəcədə artmasına görə Nikol Paşinyanı ittiham edirlər


Cənubi Qafqaz ölkələri arasında bu gün yalnız Ermənistanda koronavirus pandemiyasının səhiyyə sistemini çökdürdüyü müşahidə edilir. Hazırda Ermənistan regionda koronavirusla bağlı ən dramatik vəziyyətin hökm sürdüyü ölkədir. Əslində, dünya miqyasında da Ermənistan ən pis durumda olanlar sırasındadır. Rəsmi rəqəmlərə əsasən, ölkədə virusa yoluxanların sayı 15 mini keçib.

Bugünədək Ermənistanda 300 nəfərədək insan pandemiyanın qurbanı olub. Amma bu rəqəmlər əslində, reallığı tam əks etdirmir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın özü də etiraf edir. Qeyd edir ki, yoluxma və ölümlər, eləcə də aparılan datoloji analizlərin nəticələri göstərir ki, əslində Ermənistanda COVID-19 virusuna yoluxanların real sayı 100 min nəfəri keçib. Yeri gəlmişkən qeyd edək ki, baş nazir fövqəladə vəziyyət üzrə komendaturanın son iclasından sonra ölkəsində vəziyyətin cəhənnəmə çevrildiyini açıqlayıb.

Baş nazir ölkədə koronavirusa yoluxma hallarının kəskin artmasına görə səhiyyə sisteminin çökdüyünü, yüzlərlə xəstənin xəstəxanaya yerləşdirilmək üçün növbə gözlədiyini deyib. Onun sözlərinə görə, situasiya kritik həddi keçib və cəhənnəmə çevrilib. Paşinyana görə virusun belə sürətlə yayılmasının səbəbi insanların təhlükəyə məhəl qoymaması və laqeydliyidir. Onun fikrincə, insanların davranışı dəyişmədən və epidemiya əleyhinə tədbirlərə sərt riayət olunmadan vəziyyəti dəyişmək mümkün olmayacaq.

Elə bu günlərdə Rusiyanın "Nezavisimaya qazeta” mətbu orqanı da yazmışdı ki, koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb. Qeyd edilir ki, Ermənistanda koronavirusa yoluxanların sayının dəhşətli dərəcədə artmasına görə vətəndaşlar baş nazir Nikol Paşinyanı ittiham edirlər: "Ermənistan parlamentində təmsil olunmuş müxalifət respublikada epidemiya ilə bağlı çox mürəkkəb vəziyyət yaranmasının və yaxşılaşma meyillərinin olmamasının səbəbi barədə hökumətdən izahat tələb edir. Parlamentdə təmsil olunmayan müxalifət isə bu vəziyyətə görə şəxsən Nikol Paşinyanı və onun hökumətini ittiham edir. Nazirlər Kabinetində əvvəllər işləyənlərin bir qismi də Paşinyanın istefasını tələb edənlərə qoşulub. Özü yüngül formada koronavirusa yoluxmuş baş nazir isə yaranmış təhlükəli vəziyyətə görə məsuliyyəti əhalinin üzərinə atır. Onun fikrincə, əhali mövcud vəziyyətə qeyri-ciddi yanaşır və təhlükəsizlik normalarını pozur. Səhiyyə naziri Arsen Torosyan da kəskin tənqidə məruz qalıb. Müxalifət onu epidemiya siyasətini tamamilə iflasa uğratmaqda, səhvlərini etiraf etməyi və onları düzəltməyi bacarmamaqda ittiham edir”.

Bildirilir ki, Torosyan özü bu günlərdə Gürcüstanın ünvanına koronavirusla bağlı qəribə bir bəyanat verib. Bu bəyanat beynəlxalq qalmaqala səbəb olub və nazir qonşu ölkədən üzr istəyib. Bu dəfə isə Torosyan müxalifətçi deputatları təqsirləndirib. Onun fikrincə, məhz həmin deputatlar fövqəladə vəziyyət rejiminin uzadılmasına, yoluxanlarla təmasda olan şəxslərin aşkarlanmasına və maska taxmaq sistemi tətbiq edilməsinə mane olub, nəqliyyatın və müəssisələrin işinin bərpa olunmasını tələb ediblər.

Qeyd olunur ki, bu durumda Paşinyan xalqa müraciət edərək vəziyyətin pisləşdiyini bildirib. Baş nazirin sözlərinə görə, tibb müəssisələri həddən artıq yüklənib və tibbi yardıma ehtiyacı olan insanları qəbul edə bilmir. Təbii ki, bunlar Paşinyan üçün yaxşı nəticələnməyəcək.

Rusiyanın "Lenta.ru” saytı isə qeyd edir ki, Ermənistan koronavirusla savaşı uduzub: "Ermənistan əhalisinin təhsilinin aşağı səviyyədə olması da özünü göstərir - bu ölkədə ümumiyyətlə virusu bakteriyadan, bakteriyanı göbələkdən fərqləndirə bilənlər azdır, həkimə müraciət etmək də. Əksər hallarda nəticə eyni olur - xəstələr xalq tərəfindən yoxlanılmış resept üzrə hərəkət edirlər: hər hansı xəstəliyin hər hansı əlamətləri yarandıqda antibiotik içirlər”.

Vurğulanır ki, Ermənistanda artıq iki ildir ki, antibiotiklərin sərbəst satışı qadağan edilib, amma reallıqda bu qadağa işləmir. İnsanlar həbləri qəbul edir, amma bilmirlər ki, antibiotiklər koronavirusun müalicəsinə kömək etmir. Onlar sağaldıqlarını güman edərək küçəyə çıxırlar... Virus ilk real problem oldu ki, Paşinyan komandası onu əvvəlki hakimiyyət orqanlarının üzərinə yıxa bilmədi. Epidemiyanı lazımınca maliyyələşdirilməyən və lazımınca inkişaf etməmiş səhiyyə sisteminin bütün imkanlarını səfərbər etməsi ilə izah etmək cəhdləri uğursuz oldu. Təəccüblü deyil ki, Ermənistanda mart ayında elan edilmiş ikihəftəlik sərt karantin və hələ də saxlanılan digər məhdudiyyətlər heç bir fayda vermədi, yalnız iqtisadiyyata zərbə vurdu. Karantin rejimini pozanlara qarşı hər hansı ciddi sanksiyalar tətbiq edilmirdi, pozuntuların miqyası isə o qədər böyük idi ki, əgər polis hər bir məsuliyyətsiz vətəndaşdan cavab tələb etsəydi, ölkə əhalisinin yarısını saxlamaq lazım gələrdi.

Məqalədə yazılır ki, Ermənistanda COVID-19 testlərinin 30-40 faizi müsbət nəticə verir. Paşinyanın milli fəlakət haqqında şivənçi bəyanatlarından sonra polis tam fəaliyyətsizlik vəziyyətindən kəskin şəkildə çıxdı və digər ifrat mövqe tutdu. İndi 4-5 nəfərlik naryadlar küçələrdə insanları saxlayır, onların qollarını burur, yerə yıxır, onlar qışqırmağa başlayana qədər boğurlar. Təəssüf ki, onlar ABŞ-ı irqi müharibə həddinə çatdırmış amerikalı həmkarlarının kədərli təcrübəsini nəzərə almırlar. Hakimiyyət orqanları xalqı, xalq isə hakimiyyət orqanlarını təqsirləndirir, lakin vəziyyət dəyişmir. Hər iki tərəf təqsirkardır və tərəflərin heç biri nəinki səhvlərini düzəltmək, heç olmasa onları etiraf etmək istəmir. Digər tərəfdən, hər gün koronavirus testlərinin 30-40 faizi müsbət nəticə verir. Bu rəqəmlər yoluxanların sayının çox yüksək olmasına və deməli, səhiyyə sisteminin tezliklə iflasa uğrayacağına və bunlardan heç də az kədərli olmayan başqa nəticələrə dəlalət edir”.

Hazırda Ermənistan hakimiyyətinin inamsız hərəkətləri etiraz əhvali-ruhiyyəsinin güclənməsinə gətirib çıxara bilər. Bir vaxtlar Paşinyana dəstək verən müxalif qüvvələr də bu durumda onun hakimiyyətdən getməsini vacib sayırlar.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video