12 Iyun 2020 01:22
1390
SİYASƏT
A- A+

Azərbaycan bütün parametrlər üzrə liderlik göstərib


İlham Əliyevin rəhbərliyi altında ölkəmiz qlobal pandemiyaya qarşı effektiv mübarizə aparır


Aylardır dünyanı bürüyən koronavirus, COVID-19 infeksiyası hələ də sovuşmayıb və bəşəriyyəti təhdid etməkdə davam edir. Qurtuluş peyvəndinin isə yaxın müddətdə tapılacağı ehtimalı yoxdur. Buna görədir ki, hələlik "taclı” bəla yoluxma sayını və aldığı canları günbəgün artırmaqdadır. Super dövlətləri belə qarşısında diz çökdürür, iqtisadiyyatını, səhiyyəsini alt-üst edərək çarəsizliyə yuvarladır.

Virusa qalib gəlməyin isə məhz dövlət və vətəndaş həmrəyliyindən asılı olduğunu dünyanın bir çox ölkələrində rast gəlinən acı həqiqətlər də təsdiqlədi. Buna görədir ki, koronavirusa zamanında ciddi yanaşmayan ölkələrdə sonradan görülən tədbirlər, alınan qadağa qərarları elə də effektiv olmadı və bu təsir gücünün işlək olmamasında vətəndaşların da həmin qaydalara uymamasının böyük rolu oldu. Təəssüf ki, nəticə insan faciələri ilə müşayiət edildi... Buna görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrdə COVID-19-a yoluxmanın sayını azaltmaq üçün bir sıra fundamental addımların həyata keçirilməsini vacib hesab edir. Təkliflər sırasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, ictimai toplantıların dayandırılması, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması, səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi durur. Həmçinin əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması, əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi, bütün şübhəlilərin təcrid edilməsi, pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi, dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması kimi məsələlər də bura aiddir.


Zamanında görülən tədbirlər


Azərbaycanda isə sadalanan təkliflər hələ COVID-19 infeksiyasının yayıldığı ilk zamandan etibarən tətbiq olunmağa başlanmış, real vəziyyətə əsaslanan tədbirlər görülmüş, virusun yayılmasının qarşısının alınması istiqamətində vacib addımlar atılmışdı. Hələ fevralın sonlarında respublikamızda virusa ilk yoluxma halı qeydə alınandan operativ şəkildə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Qonşu ölkələrlə yük avtomobillərinin hərəkəti istisna olmaqla, bütün sərhədlərimiz bağlanıldı, xaricdəki Azərbaycan vətəndaşları vətənə qaytarıldı.

Ölkə ərazisində mart ayının 4-dən etibarən sosial izolyasiya tədbirlərinə start verildi. Sonrakı günlərdə izolyasiya tədbirləri genişləndirildi və ölkədə karantin rejimi tətbiq olundu. Mart ayının əvvəllərindən bütün məktəblərdə tədris dayandırıldı, uşaq bağçaları bağlanıldı.

Xüsusi karantin rejimi zamanında da dövlət hər bir vətəndaşının yanında oldu, problemlərinin, çətinliklərinin həllinə dəstək göstərdi, maddi dayaq durdu. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olundu.

Eyni zamanda 20-dən çox müasir laboratoriyada yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin edilməsi, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi və bu istiqamətdə görülən kompleks tədbirlər sağalanların sayını çoxaltdı. Azərbaycanda virusa yoluxmada ağır fəsadlar yaranmadı, COVID-19-a qarşı çevik mübarizə sayəsində qısa zaman kəsimində müsbət nəticələr əldə edildi.


İnsanları qorumaq və onların həyatını xilas etmək missiyası


Qlobal pandemiya ilə mübarizənin ilk günlərindən etibarən bununla bağlı hər bir məsələ Prezident İlham Əliyevin diqqət mərkəzində oldu. Bütün bu dövr ərzində dövlət başçısının fəaliyyəti, mütəmadi keçirdiyi görüşlər, verdiyi qərarlar koronavirusla mübarizəyə öz töhfəsini verdi. Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyi hər zaman olduğu kimi, indi də dövlət siyasətinin əsas prioritetini təşkil edir. İyunun 9-da modul tipli xəstəxanaların açılışı zamanı Prezident İlham Əliyev bir daha bildirdi ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir. Bu məktubların çox kiçik bir hissəsi mətbuatda dərc edilir. Ancaq o məktublar göstərir ki, bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan bu məktublar gəlir və insanlar minnətdarlıqlarını bildirirlər. Eyni zamanda məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələləri də həll olunubdur və Azərbaycan burada da liderlik göstəribdir. Ümumiyyətlə, mübarizəyə və pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün işləri təşkil etmək üçün 3,5 milyard manat vəsait nəzərdə tutulubdur və bu vəsait xərclənir. Tibbi avadanlığın, dərman preparatlarının alınması - bütün bu işlərə dövlət böyük vəsait ayırdı”.


Beynəlxalq müstəvidə də Azərbaycan özünü çox məsuliyyətli aparır


Azərbaycan eyni zamanda beynəlxalq səviyyədə də koronavirusla mübarizəyə dəstək verən ilk ölkələrdən oldu. Dövlətimiz qlobal böhranın aradan qaldırılması istiqamətində ehtiyacı olan 10-dan çox ölkəyə maddi-texniki yardım edib, kömək əlini uzadıb, pandemiya ilə mübarizəyə qarşı dünya birliklərinin səylərinin birləşdirilməsinin təşəbbüskarı olub. Adıçəkilən xəstəxanaların açılışındakı çıxışında bu məsələyə də toxunan Prezident qeyd etdi ki, beynəlxalq müstəvidəki rolumuza gəldikdə, bildiyiniz kimi, Azərbaycan özünü çox məsuliyyətli aparır: "Mən qeyd etdim ki, ilk növbədə, ölkə daxilində və beynəlxalq arenada bizim təşəbbüsümüzlə iki Zirvə görüşü keçirilibdir: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir. Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir. Azərbaycan liderlik göstərib.

Eyni zamanda biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar. İndi biz ikitərəfli və çoxtərəfli formatda məsləhətləşmələr aparırıq və əgər bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın təşəbbüsü ilə dünya birliyi birləşib bu məsələ ilə bağlı öz sözünü deyəcək”.


Minnətdarlıqdan doğan səmimi hisslərin təzahürü


Göründüyü kimi, Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə qlobal pandemiya ilə mübarizəyə öz layiqli töhfəsini verir. Buna görədir ki, Prezident İlham Əliyevə vətəndaşlarımız tərəfindən ünvanlanan təşəkkür məktubları saysız-hesabsızdır. Hər bir azərbaycanlının qəlbində dünyanın ən təhlükəli bəlasına qarşı Prezidentin rəhbərliyi altında ölkəmizdə aparılan mübarizənin dövlətimizi və xalqımızı qoruyacağına dair böyük əminlik var.

Çünki dövlət başçısı ən ağır günlərdə xalqı düşünməklə, onun yanında olmaqla, əsl lider kimi, öz müqəddəs missiyasını bir daha yerinə yetirdi.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video