12 Iyun 2020 00:59
561
SİYASƏT
A- A+

Avropa Parlamentindən Ermənistana sarsıdıcı zərbə


Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır


Azərbaycan dünya səviyyəsində mövqeyini hər keçən gün daha da gücləndirir. İndi təkcə Cənubi Qafqazda yox, onun sərhədlərindən kənarda da böyük coğrafi məkanda, xüsusən də yeni enerji layihələri, marşrut yolları cızılarkən mütləq ölkəmizin maraq və istəkləri nəzərə alınır. Çünki Azərbaycan artıq bu geosiyasi məkanda aparıcı ölkələrdən biri kimi çıxış edir. Qeyd olunanlar 30 ildən çoxdur ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hadisələrin inkişaf istiqamətinə də təsirsiz ötüşməyərək yeni bir situasiyanın yaranmasına səbəb olub.

Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda aydın olur ki, Ermənistan, sözün əsl mənasında, küncə sıxışdırılmış vəziyyətdədir və Azərbaycanın apardığı siyasət nəticəsində işğalçı dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə yer qalmayıb.

İndi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq bu ölkəni zəbt etdiyi əraziləri azad etməyə çağırır. BMT, Avropa Parlamenti, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla çözülməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında da Ermənistanın işğalçı dövlət kimi təqdim olunması həmin ölkənin diplomatiya müstəvisində artıq nokaut vəziyyətinə düşdüyünü təsdiq edən faktorlardır.

Bu günlərdə Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Besesku və

AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı da bunu bir daha əyani surətdə təsdiq etdi. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Qeyd olunur ki, yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək: "Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda öz öhdəliklərini gücləndirməyə çağırırıq”.

Göründüyü kimi, Avropa institutları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamızın ədalətli mövqeyini dəstəkləyirlər. "Azərbaycanın işğal altında olan əraziləri” ifadəsi isə Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu əyani şəkildə göstərir.

Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar uğurlarından biri isə beynəlxalq miqyasda Ermənistana işğal etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxarmasına dair müraciətlərin sayının çoxalması və bunun konkret rəsmi sənədlərdə əksini tapmasıdır. Bu kontekstdə isə 2010-cu ilin may ayında Avropa Parlamentinin Cənubi Qafqazla bağlı qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı qətnamə də xüsusi diqqət cəlb edir. Bolqarıstandan olan deputat Yevgeni Kirillovun hazırladığı qətnamədə bildirilir ki, Azərbaycan, Ermənistan və Gürcüstan 2004-cü ildən Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq etsələr də, bölgə ilə bağlı kompleks regional strategiya mövcud deyil. Bildirilir ki, Avropa İttifaqı Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrlə əlaqədar bu regionla münasibətində mürəkkəb geosiyasi situasiya ilə üzləşir, həmçinin Ermənistan-Türkiyə münasibətlərində də gərginlik mövcuddur. Regionda münaqişəli situasiyaların qəbulolunmazlığını bildirən Avropa Parlamenti Ermənistanı öz silahlı qüvvələrini işğal etdikləri Azərbaycan torpaqlarından çıxarmağa çağırır. Qətnamədə bildirilir ki, münaqişələrin mövcudluğu iqtisadi və sosial inkişaf qarşısında ən böyük maneədir. Bununla yanaşı, Avropa deputatları Dağlıq Qarabağ münaqişəsi zamanı və ya münaqişə ilə əlaqədar evlərini tərk edərək yüz minlərlə qaçqın və məcburi köçkünlərin didərgin düşmələri faktı və onların geri qayıtmaq hüquqları da daxil olmaqla, hüquqlarının inkar olunması ilə əlaqədar öz ciddi narahatlıqlarını bildirirlər və bu hüquqların birmənalı və qeyd-şərtsiz tanınmasına çağıraraq onların təcili reallaşdırılmasını xüsusilə qeyd edirlər.

Beləliklə, Avropa Parlamenti qarşıdakı dövr üçün münaqişənin həlli cəhdlərinin sürətləndirilməsinə, beynəlxalq səviyyədə əsası olmayan və zor gücünə yaradılmış status-kvonun qorunub saxlanılmasından imtina etməyə çağıraraq Ermənistanın silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video