11 Iyun 2020 22:49
393
SİYASƏT
A- A+

XİN: Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən üçüncü magistral yolun tikintisi ilə bağlı açıqlama yayıb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a daxil olan açıqlamada deyilir: "Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində həyata keçirilən qeyri-qanuni fəaliyyətin bir hissəsidir. Ermənistanın bu addımı təcavüzkar ölkənin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalını möhkəmləndirmək məqsədi güdərək, həmçinin bu ərazilərdə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsi, qanunsuz məskunlaşdırmanın davam etdirilməsi, təbii sərvətlərin talan edilməsi, istismarı və daşınmasının həyata keçirilməsinə xidmət edə bilər.

Xarici İşlər Nazirliyinin hələ 2016-cı ildə hazırladığı "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı, eləcə də 2019-cu ildə Azərbaycan XİN və "Azərkosmos” ASC tərəfindən hazırlanmış və Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz fəaliyyətinin peykdən çəkilmiş təsvirlərini əks etdirən hesabatlarda işğalçı ölkənin həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti təsdiq edən kifayət qədər dəlillər göstərilib. Bu dəlillər Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınmasının həyata keçirildiyini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də təbii sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistanın nəqliyyat məntəqəsi rolunu oynadığını üzə çıxarır. Beləliklə də, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə üçüncü magistral yolu çəkməsinin başlıca səbəbi işğalçı ölkənin məhz qeyri-qanuni fəaliyyətini davam etdirərək işğalı möhkəmləndirmək və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirmək niyyətini aşkar şəkildə göstərir.

Ermənistanın qanunsuz əməlləri onun öz beynəlxalq öhdəliklərinə ziddir, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin, həmçinin 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır. Məlumdur ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasəti ilə bağlı birmənalı mövqeyini başda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri olmaqla, bu günədək qəbul olunmuş çoxsaylı qərar və sənədlərdə əks etdirib. Eyni zamanda, Ermənistanın işğal etdiyi ərazilərdə qeyri-qanuni fəaliyyətini pisləyən, habelə işğal nəticəsində yaranmış vəziyyətin saxlanılması üçün iqtisadi fəaliyyət də daxil olmaqla hər hansı yardım göstərilməsindən çəkinməyə çağıran qətnamə və bəyanatlar İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən qəbul olunub. Ermənistanın qanunsuz fəaliyyətinə münasibətdə Avropa Parlamentinin üzvləri tərəfindən birgə bəyanatın qəbul olunması isə işğalçı ölkəyə ünvanlanmış konkret çağırış kimi dəyərləndirilməlidir.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Münaqişənin davamlı həllinə nail olmağın yeganə yolu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır.

Azərbaycana qarşı törədilən təcavüz siyasətinin, Azərbaycan ərazilərinin hərbi işğalda saxlanılması və bu ərazilərdə etnik təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasının, eləcə də bu torpaqlarda həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətin tam məsuliyyəti Ermənistanın üzərindədir. İşğalçı ölkə bu əməllərinin cavabını gec-tez verəcəkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video