11 Iyun 2020 00:22
778
İQTİSADİYYAT
A- A+

Qazaxda hər iş öz axarı ilə gedir


Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam saflaşdırılması istiqamətində də ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar "kölgə” iqtisadiyyatı”nın miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaradır.

Azərbaycanda dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində uğur qazanan bölgələrdən biri də Qazaxdır. Rayonda iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olmaq üçün bir sıra məqsədyönlü işlər həyata keçirilir ki, bunun da sayəsində dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmaqla bütün sahələrdə maliyyə intizamı yaxşılaşır. Nəticədə rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də digər sahələrdə uğurlar əldə edilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla söhbətimiz də elə bu istiqamətdə oldu. Söhbət zamanı məlum oldu ki, artıq bir neçə ildir aparılan islahatlar nəticəsində rayon dövlət büdcəsindən heç bir vəsait almadan bütün xərcləri əldə etdiyi gəlirlər hesabına ödəyir. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində digər rayonlardan fərqli olaraq əhalinin gəlirləri nəzərəçarpacaq dərəcədə artmışdır. İcra başçısı bu il gəlirlərin daha çox olacağını qeyd edərək dedi ki, bunu deməyə birinci rübdə əldə olunan göstəriciləri də təsdiqləyir. Belə ki, bu müddət ərzində rayon üzrə ümumi məhsul istehsalının həcmi 45.400.000 manat olmuşdur. Kənd təsərrüfatı məhsulunun həcmi 11.400.000, sənaye məhsulunun həcmi isə 10.510.000 manat təşkil etmişdir ki, bu da keçən ilki göstəricilərdən xeyli çoxdur. Söz yox ki, bu göstəricilər əhalinin gəlirlərinə müsbət təsir göstərmiş, rayon üzrə nominal orta aylıq əməkhaqqı 454,3 manata yüksəlmişdir.

Öyrəndik ki, son illər ölkə başçısının diqqət və qayğısı sayəsində Qazaxda əhalinin məşğulluğu sahəsində uğurlu addımlar atılmışdır. Məsələn, "Azərxalça” ASC tərəfindən xalçatoxuma müəssisəsi, Daş Salahlı kəndində sement zavodu, "Mətanət-A” şirkətinə məxsus "Azerlime” əhəng zavodu, İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ı, "Gedik-Carçı Qaynaq” MMC-nin inşa edilən "Gedik-Carçı” elektrod zavodu, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni mebel fabrikinin inşası rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən işlərə müsbət təsir göstərmişdir.

Məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması ölkəmizdə vətəndaşların sosial durumunun yaxşılaşması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Xüsusilə də bütün dünyanı çənginə almış pandemiya dövründə bu təşəbbüsün daha da təkmilləşdirilib davam etdirilməsi bunu bir daha sübut edir ki, dövlət hər zaman öz vətəndaşını və onun rifah halının yaxşılaşdırılmasını düşünür. Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması da məhz bu sahəyə ən böyük töhfə oldu. Əvvəlki illərdə olduğu kimi, bu il də "DOST İş Mərkəzi” MMC-də sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və sair işlərin göstərilməsi üçün 732 nəfər rayon sakini ictimai işə cəlb edilmişdir.

Belə çətin günlərdə dövlətimiz qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və "kölgə”də olan vətəndaşlarına sosial mövqedən çıxış edərək öz dəstəyini göstərdi. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar şəffaf olmayan gəlir mənbəyini itirdiklərindən dövlət əslində çətin seçim qarşısında qalmışdı. Lakin Prezident İlham Əliyevin humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların da sosial müdafiəsinin nəzərə alınması təmin edildi.

Dövlət başçısının həyata keçirdiyi bütün bu tədbirlər söz yox ki, ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Lakin dövlətin göstərdiyi bu qayğı insanlarda qətiyyən arxayınlıq yaratmamalıdır. Bunu yaxşı dərk edən qazaxlılar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq etməklə yanaşı, torpaqdan ikiəlli yapışaraq halal çörəklərini zəhmət bahasına qazanırlar. Gecəni-gündüzə qatan rayon sakinləri daha çox məhsul istehsal etməklə həm ölkənin ərzaq təminatını yaradır, həm də ailə büdcələrini artırırlar. Hazırda kənd təsərrüfatında işlərin gərgin vaxtıdır. Kənd təsərrüfatının bütün sahələrində - taxılçılıqda, heyvandarlıqda, tütünçülükdə, baramaçılıqda, eləcə də kartofçuluqda bol məhsul uğrunda gərgin iş gedir. 2016-cı ildən başlayaraq tütünçülükdə yüksək göstəricilərə nail olunmuşdur. Belə ki, 2016-cı ildə rayonda cəmi 10 hektarda tütün əkilirdisə, indi bu rəqəm 65 hektara çatmışdır. Kümçülərin də uğurları ildən-ilə artır. 4 ildir bu sahədə zəngin təcrübə toplayan rayon sakinləri cari ildə 6 ton yaş barama təhvil verməyi nəzərdə tutmuşlar. Hazırda rayonda barama təhvili uğurla davam edir.

Belə bir gərgin dövrdə taxılçıların da işi çoxdur. Hər il taxıl sahələrinin həcmini artıran sarı kəhrəba ustaları bu il də bol məhsul götürəcəklərinə əmindirlər. Rayonda taxıl biçinində heç bir problem yaşanmır, texnika sarıdan çətinlik yoxdur. Hazırda arpa biçini gedir. Məhsuldarlığın ilkin göstəriciləri onu deməyə əsas verir ki, 2020-ci ildə də taxılçılar keçən ilkindən çox məhsul götürəcəklər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video