09 Iyun 2020 01:23
3251
SİYASƏT
A- A+

İlham Əliyevin mütərəqqi islahatlarına növbəti yüksək qiymət


Azərbaycan korrupsiyaya qarşı mübarizədə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB ölkələri arasında liderdir


Demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri korrupsiyaya qarşı mübarizədir. Çünki korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur. Bununla yanaşı, korrupsiya cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Bir sözlə, korrupsiya dünyanı narahat edən problemlərdən biridir.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da hər zaman korrupsiyaya, ruşvətxorluğa qarşı mübarizə aparılıb və son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salan korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Bunu təsdiqləyən kifayət qədər faktlar mövcuddur.


Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir


Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizədən yalnız o halda danışmaq olar ki, dövlət öz siyasi iradəsini ortaya qoysun və korrupsiyanın qarşısını almaq üçün cəmiyyətin bütün səviyyələrində onunla davamlı mübarizə aparsın. Əgər belə olmazsa, heç bir dövlət cəmiyyəti korrupsiyadan təmizlədiyini iddia edə bilməz.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilib.

Dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri Azərbaycanda həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter alıb. Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunub. Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan "ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 19 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 38 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə DOST mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini verib, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırıb.


Korrupsiya ilə mübarizəyə verilən beynəlxalq qiymət


Ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar və əldə edilən nailiyyətlər bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar - BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının antikorrupsiya monitorinq orqanı - Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış nüfuzlu qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

İyunun 3-də Strasburqda Avropa Şurasının antikorrupsiya monitorinq orqanı - Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabatında Azərbaycana verilən yüksək qiymət bunu bir daha təsdiqlədi.

Hesabat parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması məsələlərini əhatə edir. Sənədə əsasən Azərbaycan tövsiyələri 61,9 faiz icra edib. Ölkəmiz bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB ölkələri arasında isə 1-ci yerdədir.

Bu yüksək nəticə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar bu sahədə dövlət siyasətinin formalaşması, cinayət təqibinin həyata keçirilməsi və dövlət qurumları tərəfindən preventiv tədbirlərin icrası istiqamətlərində sistemli fəaliyyət həyata keçirirlər.

Göründüyü kimi, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Ölkəmiz Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) və OECD-nin Antikorrupsiya Şəbəkəsinin 3 qiymətləndirmə raundunu uğurla keçib. Bu isə Azərbaycanda həyata keçirilən tədbirlərin Avropa standartlarına uyğunluğunun indikatorudur.


Rüşvətxorluğa qarşı amansız mübarizə davam edəcək


Hazırda korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət planları dövlət orqanları tərəfindən yüksək səviyyədə icra olunur. Vətəndaş cəmiyyəti institutlarının apardıqları müstəqil monitorinqlərin nəticələri Milli Fəaliyyət planlarının uğurlu icrasını bir daha təsdiq edib.

Korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarına əsasən bu sahədə yeni strateji baxışlar və hədəflər müəyyən edilib. Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, yaradılan elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə qurulan sıx əməkdaşlıq və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətinin təzahürləridir.

Cənab İlham Əliyev son çıxışlarında, vəzifəyə yeni təyin etdiyi icra məmurları ilə görüşlərində korrupsiyaya qarşı mübarizədə çox ciddi tədbirlərin görüləcəyini və bu prosesin daha amansız şəkildə həyata keçiriləcəyini bəyan edir.

Mayın 21-də Ağstafa və İmişli rayonlarına təyin etdiyi yeni icra hakimiyyəti başçılarının qəbulu zamanı Prezident bir daha məmurlara xəbərdarlıq edərək bəyan etdi ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq: "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalı və bunun kökü kəsilməlidir. Bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır”.

Göründüyü kimi, cənab İlham Əliyev qlobal pandemiya ilə mübarizə dövründə də korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsini xüsusi diqqətdə saxlayır. Dövlət başçısı ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizənin aparılacağını bəyan edib.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video