09 Iyun 2020 01:02
875
Mədəniyyət
A- A+

Nakam talelərdən danışan əsərlər


Son dövrlər çeşid-çeşid, cild-cild buraxılan nəşrlərin sayının çox olmamasına baxmayaraq, sanbalları ilə seçilənləri də az deyil. Onların bəziləri həm tarixi, həm də yeni nəslin kitaba bağlılığı nöqteyi-nəzərdən diqqəti çəkməkdədir. Doğrudur, bu gün həmin kitabların müəllifləri arasında klassik ədəbiyyatımızın tanınmış simaları da var. Vaxtilə kiril əlifbasında buraxılmış əsərlərin də son vaxtlar bəzi nəşriyyatlar tərəfindən yenidən latın qrafikası ilə işıq üzü görməsi təqdirəlayiqdir. Bunu oxucu nəfəsi ilə qızınan kitabxanalarda da etiraf edirlər. Onların oxunaqlıları arasına daha ikisi də əlavə edilib. 

"Elm və təhsil” nəşriyyatının oxuculara təqdim etdiyi "Arxivlərdən gələn səslər”lə "Azərnəşr”in buraxdığı "1930-cu illərin günahsız qurbanları” kitablarının müəllifi Dövlət Tarix Arxivinin direktoru Aslan Kənan, ön söz müəllifi və redaktoru filologiya elmləri doktoru İslam Sadıq və Natiq Heydərlidir. Rəsmi arxiv sənədləri əsasında hazırlanan, repressiyaya məruz qalanların taleyindən söz açan hər iki kitabda ötən əsrin otuzuncu illərində azərbaycanlıların başına gətirilən müsibətlər - saxta üzədurmalar, milli vətənpərvərlərin şərlənərək həbsxana künclərinə atılması, orada minbir zülm və işgəncələrə məruz qalmaları, qondarma istintaq və məhkəmələr, ittihamlar, qəbul edilən qərarlar toplanıb.

"Arxivlərdən gələn səslər”də nələr yoxdur ki?! Burada Azərbaycanın böyük bəstəkarı Üzeyir bəylə kiçik qardaşı, Fransada yaşamağa məhkum olmuş Ceyhun Hacıbəyli haqqında maraqlı arxiv sənədləri ilə də qarşılaşırsan. Ceyhun Hacıbəylinin "Qarabağ dialekti və folkloru” adlı əsərinin 1933-cü ildə Parisdə çıxan "Asiya” jurnalına əlavə kimi 144 səhifədən ibarət ayrıca işıq üzü görməsi barədə məlumat, əlbəttə, oxucular üçün çox maraqlıdır.

1930-cu illərin günahsız qurbanları haqqında istər arxivlərdə, istərsə də nəşr edilmiş bir sıra əsərlərdə dəhşətləri ilə yaddaşa yazılan qanlı hadisələr az deyil. Müəllif yazır ki, vaxtilə ulularımızın yaşadığı tarixin bu "şikəst dövrü”nün tədqiqini qarşımıza məqsəd kimi qoymuşuqsa, o zaman hadisələri məntiqi baxımdan müəyyən etməli və onun real qiymətini doğru-düzgün verməyi bacarmalıyıq.

Bu kitab da müəllifin keçən əsrin əvvəllərində yaşamış insanların taleyindən bəhs edən araşdırmalar toplusudur. Həmin araşdırmalar repressiyaya məruz qalmışların acı taleyinə işıq salır. Belə əsərləri qələmə almağın bir sıra çətinlikləri barədə kitabın ön söz yerində maraqlı bir qeyd var: "Repressiya qurbanları haqqında yazanların əksəriyyəti ilkin sənədlərlə tanış ola bilmir, onun əziyyətinə qatlaşmaq istəmir, obyektivliyi gözləmir, hisslərinin ardınca gedir, faktlardan çox şəxsi düşüncələrinə söykənir, nəticədə dəyərsiz yazılar ortaya çıxır. Əslində, istintaq materialları da o qədər dolaşıq və qarışıqdır ki, onlarla tanış olan tədqiqatçı belə əsl həqiqəti üzə çıxarmağa çətinlik çəkir. İstintaq materialları ilə tanış olub, insanlara verilən dəhşətli işgəncələri təsəvvür edəndə hər adamın əsəbləri dözmür, tarıma çəkilir...”

Elə buna görə də Aslan Kənan yazır: "Bu təsadüfə sevinsəm də, lakin vərəqləri çevirdikcə həyəcanımın durmadan artdığını hiss edirdim. Vaxtilə repressiyaya məruz qalan insanlar haqqında nəşr etdirdiyim kitabdakı ah-nalələri bir daha "eşitməmək” üçün bu mövzudan uzaq olmaq qərarına gəlmişdim...”

Lakin müəllif vətəndaşlıq baxımından belə ağır və çətin yazılan mövzuya qayıtmaya bilərdimi? Əsla. Kitabların hər ikisində bu - əsl vətəndaşlıq qayəsi özünü göstərməkdədir.

Maraqlı olduğu qədər də dəhşətləri özündə əks etdirən faktlardan görünür ki, "repressiya qatarı”nın "taqqa-taqqı” keçmiş SSRİ-nin bu başından o başınadək, Ağcaqum çöllərindən, Sibirdən, Tayqadan... keçərək gedib.

Ümumiyyətlə, hər iki topluda oxuculara təqdim edilən faktlardan müəllifin həm arxiv materialları əsasında peşəkarcasına işləməsi, həm də dəhşətli illərin ictimai-siyasi həyatındakı haqsızlıq və amansızlıqları bir qədər də publisistik dillə çatdırmaq məharəti ilk andan hiss olunur.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video