06 Iyun 2020 00:47
1869
PARLAMENT
A- A+

Prezident İlham Əliyevin maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır


Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır


İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova ilk olaraq onu bildirdi ki, dünən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkə vətəndaşlarına müraciət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı yayılıb.


Hər bir vətəndaş Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir


Son vaxtlar vətəndaşların əksəriyyəti karantin rejiminin tələblərinə əməl etmədiyinə görə ölkədə koronavirusla bağlı epidemioloji vəziyyətin pisləşdiyini, xəstəliyə yoluxanlar ilə sağalanlar arasında ciddi fərq yarandığını deyən spiker vurğuladı ki, bununla əlaqədar karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alınıb. Şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu ərazini tərk etməyə qadağa qoyulub. Əhalidən xüsusi karantin rejiminin tələblərinə əməl etmək tələb olunub.

"Bununla əlaqədar mən də deputatlardan, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edirəm ki, karantin rejiminin tələblərinə ciddi riayət etsinlər, müəyyən edilmiş yerlərdə hökmən tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etsinlər, sanitariya-gigiyena qaydalarına əməl etsinlər. Mən düşünürəm ki, iclasımızı işıqlandıran media nümayəndələrinin də bu tövsiyələrə əməl etmələri yaxşı olardı” - deyə Sahibə Qafarova bildirdi.

Spiker öz çıxışında daha sonra dedi ki, iyunun 3-də Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır: "Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti virusa qarşı mübarizədə bütün lazımi tədbirləri həyata keçirir. Möhtərəm Prezident İlham Əliyevin Ağcabədidə "ASAN Həyat” kompleksinin açılışında qeyd etdiyi kimi, Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkədir. Beynəlxalq ictimaiyyət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə atılmış məqsədyönlü, səmərəli və cəsarətli addımlara yüksək qiymət verib. Bu tədbirlər onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır və onların sağlamlığı hər şeydən öndə gəlir”.


"Onları Heydər Əliyev dar ağacından xilas etdi”


Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırdı ki, gündəliyə 4 məsələ daxil edilib. Gündəlik təsdiq edildikdən sonra deputatlar cari məsələlərə dair fikirlərini bildirdilər. İlk söz alan deputat Aqil Abbas Şuşanın salınmasının 270 illiyinin qeyd olunması ilə bağlı təkliflərini bildirdi. Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə 1993-cü ilin iyununda Gəncə hadisələrinin günahkarlarının və o zaman Surət Hüseynovun əsiri olan şəxslərin indi bəziləri tərəfindən qəhrəman kimi təqdim olunduqlarını bildirdi. Onun sözlərinə görə, o zaman hadisələrin qarşısını ala bilməyənlər indi özlərini demokrat adlandırırlar: "Surət Hüseynov dar ağacları qurmuşdu. Onları Ümummilli Lider Heydər Əliyev dar ağacından xilas etdi. Dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizləndi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırdılar”.

Bu mövzuda danışan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də son günlər 4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli fikirlərin və o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərinin müşahidə edildiyini, lakin bütün bu cəhdlərin əbəs olduğunu bildirdi. Əli Hüseynlinin sözlərinə görə, ozamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib: "Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Məlum hadisələr ozamankı hakimiyyətdə olan 17 nəfərin səhvi üzündən baş verib. Tarixi həqiqət ondan ibarətdir ki, o zaman qiyamı törədənlərlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib, ölkədə vətəndaş qarşıdurması yaranıb”.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlardan Naqif Həmzəyev, Vahid Əhmədov, Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov ölkə həyatının müxtəlif sahələrində son vaxtlar baş verən hadisələr barədə fikirlərini açıqladılar, təmsil etdikləri dairələrdə seçicilərlə keçirdikləri görüşlərdən danışdılar. Deputatlar öz çıxışlarında koronavirusla mübarizə sahəsində həyata keçirilən çevik tədbirlərin vətəndaşlar tərəfindən razılıqda qarşılandığını söylədilər.


2019-cu il Azərbaycanda sürətli islahatlar ili kimi yadda qalıb


Sonra iclasın gündəliyindəki məsələlərin müzakirəsi başladı. Spiker Sahibə Qafarova Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə məlumat verdi. Bildirildi ki, komissiyanın Əsasnaməsinə görə onun 5 üzvü Milli Məclis tərəfindən təyin edilməlidir. Qeyd edildi ki, namizədlər səriştəli, cəmiyyətdə nüfuz sahibi olan insanlardır.

Qərar layihəsi səsə qoyularaq qəbul edildi.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olundu. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, qanun layihəsi "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunub. Qeyd edildi ki, 2019-cu ilin dövlət büdcəsi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub.

Diqqətə çatdırıldı ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. İndiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi, eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmayıb. Təsadüfi deyil ki, Dünya Bankı da "Doing Business 2019” hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi elan edib.

Ötən müddətdə qeyri-neft sənayesinin istehsalının 14 faiz, kənd təsərrüfatı istehsalının 7.3 faiz, əhalinin real gəlirlərinin 4.7 faiz, orta aylıq əməkhaqqının 14 faiz artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub. Azərbaycanda 2018-ci ilə nisbətən iqtisadi artım 0.7 faiz sürətlənərək 2019-cu ildə 2.2 faizə çatıb. Qeyri-neft sektoru üzrə iqtisadi artım isə 3.5 faiz təşkil edib. 2019-cu ildəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Ümumiyyətlə, qeyri-neft sektorunun ÜDM-dəki payı 2018-ci ildəki 58.3 faizdən 2019-cu ildə 61.7 faizə qalxıb. Ölkədə əməkhaqqı fondunun ÜDM-də payının artırılaraq 6.1 faizə çatması təqdirəlayiq haldır.

2019-cu ildə ölkənin strateji valyuta ehtiyatları artaraq 51.4 milyard dollar təşkil edib, bu da ÜDM-in həcmindən çoxdur. 2019-cu ildə tədiyyə balansının cari əməliyyatlar balansında 4.3 milyard manat həcmində profisit qeydə alınıb.

Xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi 2019-cu ildə də xüsusi əhəmiyyət kəsb edib. Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının sonuncu "Doing Business”, biznes üçün şərait hesabatında yüksək qiymətə layiq görülüb, ölkəmiz 190 ölkə arasında 25-ci yerə yüksəlib.

Qeyd olundu ki, ötən il dövlət və icmal büdcələrinin gəlirləri proqnozla nəzərdə tutulduğundan artıq, xərcləri isə təsdiq edilmiş büdcə ayırmaları həddini aşmadan icra olunub. Belə ki, 2019-cu il üçün icmal büdcənin gəlirləri 34 milyard manat və ya proqnoza nisbətən 4,8 milyard manat çox, xərcləri isə 26,5 milyard manat icra olunub. İcmal büdcədə proqnoza nisbətən 5,6 milyard manat və ya 4 dəfə çox, yəni 7,5 milyard manat büdcə artıqlığı (profisit) yaranıb.

2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon manat olmaqla proqnoza qarşı 1 milyard 50 milyon manat və ya 4,5 faiz çox icra edilmişdir. Təqdirəlayiq haldır ki, əldə olunan bütün əlavə gəlirlər və dövlət büdcəsində ənənəvi formalaşan ehtiyatlar istisnasız olaraq dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsinin güclənməsinə yönəldilmişdir.

Ötən il dövlət büdcəsinin xərcləri 97 faiz icra edilməklə 24 milyard 426 milyon manat təşkil etmişdir. Proqnoza nisbətən büdcə xərclərinin az icra olunmasına baxmayaraq heç bir sosial layihənin, prioritet xərclərin və tədbirlərin ixtisar olunmaması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Tahir Mirkişili qeyd etdi ki, 2019-cu il üçün dövlət büdcəsinin icrası Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın stimullaşdırılması istiqamətində öz müsbət rolunu oynayıb.

Maliyyə naziri Samir Şərifov bildirdi ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2019-cu il üçün dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və müvafiq hesabat ətraflı müzakirə edilib. İclasda faydalı, konstruktiv fikir mübadiləsi aparılıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da öz çıxışında 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisin komitə iclasında məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. Bildirdi ki, rəhbərlik etdiyi qurumun rəyi Milli Məclisə təqdim olunub.

Müzakirələr zamanı komitə sədrləri Qənirə Paşayeva, Hicran Hüseynova, Siyavuş Novruzov, deputatlardan Aydın Mirzəzadə, Fazil Mustafa, Elşən Musayev, Azər Badamov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Azay Quliyev, Məlahət İbrahimqızı, Tahir Kərimli, Musa Qasımlı, Aydın Hüseynov, Aqiyə Naxçıvanlı, Rauf Əliyev məsələ barədə öz fikirlərini açıqladılar, təkliflərini verdilər.

Maliyyə naziri Samir Şərifov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.


Məhkəmə-hüquq islahatlarından irəli gələn dəyşikliklər


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə "Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim etdi. Dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır.

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Hicran Hüseynova, Siyavuş Novruzov, Ziyafət Əsgərov, deputatlar Qüdrət Həsənquliyev, Jalə Əliyeva bu məsələyə münasibət bildirdilər. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Gündəliyin sonuncu məsələsi - "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) də Əminə Ağazadə məlumat verdi. Qeyd olundu ki, məcəlləyə təklif olunan dəyişikliklər bir neçə istiqamət üzrə hazırlanıb. Birinci istiqamət Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlıdır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər "Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutur.

Növbəti istiqamət cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydaları ilə bağlıdır. Bununla əlaqədar olaraq Cinayət-Prosessual Məcəlləsinə həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif olunur. Qanun layihəsinin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Müzakirələr zamanı çıxış edənlər təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab etdilər. Yekunda qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video