06 Iyun 2020 00:40
629
SİYASƏT
A- A+

Rusiya Ermənistana güzəştə getmir


Paşinyanın xarici siyasəti işğalçı ölkəni fiaskoya uğradıb


Ermənistanın bütün cəhdlərinə rəğmən bu ölkənin Rusiyadan aldığı qazın qiymətində hələ də hansısa güzəşt edilməsi gözlənilmir. Buna görə Nikol Paşinyan iqtidarı ciddi tənqid hədəfinə çevrilib. Xüsusən də Rusiyanın Gürcüstana satdığı qazın qiymətini aşağı salması bu prosesi daha da qızışdırıb. Ermənistanın "Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan bu xüsusda bildirir: "Rusiya Gürcüstana tədarük edilən qazın tarifini 15 faiz aşağı saldı. Nikol faydasız, Nikol yalançı, Nikol cinayətkar, Nikol yaramaz...”

Qeyd edilib ki, ruslar dost olmayan Gürcüstana qazın qiymətini aşağı salırlar, strateji müttəfiq Ermənistana isə qiyməti qaldırırlar. Bütün bunlara əsas səbəb isə Ermənistanın baş naziri Nikol Paşinyanın yarıtmaz siyasətidir. Xatırladaq ki, qaz məsələsi sonuncu dəfə Ali Avrasiya İqtisadi İttifaqının iclasında müzakirə predmeti olub. Burada Nikol Paşinyan qurumun ümumi enerji bazarının yaradılması və qaz qiymətlərinə vahid tariflə yanaşma məsələsini həll etmir. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin bildirib ki, vahid tarif yalnız vahid büdcə və vergi sisteminin olduğu bazarda tətbiq edilə bilər: "Bu inteqrasiya səviyyəsinə çatmayana qədər qazın qiymətləri bazar şərtləri əsasında formalaşdırılmalı, tədarükçülərin xərcləri və investisiyaları nəzərə alınmalı və istehsalata yatırılan kapitala uyğun gəlir dərəcəsi təmin edilməlidir”.

Lakin indiki halda Gürcüstanla olan durum göstərir ki, Ermənistanın xarici siyasətini Rusiya qəbul etmir. Belə ki, Gürcüstan "Qazprom”la qazın qiymətinin azaldılması ilə bağlı razılaşmaya yenidən baxır. Gürcüstanın yeni təyin olunmuş İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məsələ ilə bağlı bildirib: "Güclü rəqabət fonunda dünya neft bazarında qiymətlərin düşdüyünü nəzərə alsaq, "Qazprom”la qüvvədə olan razılaşmaya yenidən baxılması qazın qiymətini azaltmağa kömək edəcək. Ticarət sirrinə əsasən rəqəm deyə bilmərəm, amma təbii qazın qiymətinin təxminən 15 faiz ucuzlaşacağını deyə bilərəm”.

Ermənistanın "168.am” internet nəşri yazır ki, bununla faktiki olaraq Ermənistanın arxa planda qaldığı nümayiş olunur. Eyni zamanda baş verənlər göstərir ki, Tiflis Rusiya ilə gərgin münasibətlər fonunda qazın qiymətində güzəştlər əldə etdiyi halda özünü strateji müttəfiq kimi təqdim edən Ermənistan bu məsələdə aciz qalıb.

Ermənistanın Enerji Təhlükəsizliyi İnstitutunun sədri Vahe Davtyan isə qeyd edir ki, Rusiya tərəfindən belə bir qərar özündə erməni tərəfinə bir mesaj əks etdirir: "Bu həm də Yerevana göndərilən bir mesaj kimi qəbul edilə bilər. Ermənistan üçün bir tərəfdən sərhəddə qazın qiymətinin aşağı salınması məsələsinə baxılmır, digər tərəfdən daxili tariflərin artırılması üçün müraciət edilib. Rusiya-Gürcüstan qaz müqaviləsi ilə bağlı və müəyyən edilən qiymət ticarət sirri olsa da, tendensiyanın özü əhəmiyyətlidir və dərin siyasi məzmuna malikdir.

Son zamanlar Rusiya-Gürcüstan münasibətlərinin daha konstruktiv bir sahəyə keçdiyi nəzərə çarpır, belə bir vəziyyət barədə dalana dirənən Ermənistan-Rusiya münasibətləri haqqında danışmaq olmaz. Bu kontekstdə qaz tarifi məsələsi ikitərəfli münasibətlərin əsas indikatoru kimi nəzərdən keçirilə bilər”.

Gürcüstan məsələləri üzrə ekspert Coni Melikyan isə nəşrə verdiyi müsahibəsində bildirib ki, bu, Ermənistan tərəfi ilə problemlər fonunda gözlənilən idi: "Gürcüstan və "Qazprom” 2006-cı ildən bəri ildə bir dəfə, 2017-ci ildən bəri isə hər iki ildənbir tranzit olaraq Gürcüstan vasitəsilə Ermənistana qaz ötürülməsinə dair razılaşma imzalayır. 2016-cı ildə başa çatan razılığa qədər Gürcüstan tərəfi Ermənistana tranzit üçün "Qazprom”dan tranzit həcminin 10 faiz həcmi qədər təbii qaz alırdı. 2017-2018-ci illərdə bağlanan razılaşmaya əsasən isə Rusiya tərəfinin tələbi ilə Gürcüstan tranzit üçün qismən qaz və maliyyə kompensasiyası alırdı, yəni müəyyən bir həcmdə pul müəyyənləşdirildi. Gürcüstanın "Qazprom”la son müqaviləsi 2019-cu ilin martında 2019-2020-ci illər üçün imzalanıb. İndi maraqlı olan odur ki, 2017-ci ilə qədər Gürcüstan demək olar ki, Rusiya qazı almırdı və son iki ildə məhdud miqdarda, o cümlədən 2019-cu ildə - təxminən 160 milyon kubmetr qaz alıb, bu da idxal olunan qazın 5 faiz həcmini təşkil edir. Cari ildə isə 170 milyon kubmetr qazın idxalı planlaşdırılır. Burada istehlak üsulu maraqlıdır. Onlar qaz alırlar və artıq birjada iri şirkətlər bu qaz ehtiyatlarını rəqabətli qiymətə alma imkanı əldə edirlər. Tranzit üçün müəyyən bir miqdarda vəsait var və razılaşmanın ikinci elementi odur ki, Gürcüstan tərəfi kompensasiya edilən qazın əlavə həcmi üçün müraciət edə bilər”.

Ekspert istənilən halda Ermənistanla müqayisədə Gürcüstanın uduşlu bir mövqedə olduğunu, baş verənlərin Ermənistan hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsi olduğunu bildirir. Keçmiş gürcü diplomat, siyasi analitik İrakli Menaqarişvili də bildirib ki, Rusiya Gürcüstan üçün qazın qiymətini azaltmaqla sırf maraq kəsb edən qərar qəbul edib və bu qərarda siyasi elementlər də var. Menaqarişvilinin sözlərinə görə, Ermənistan halında vəziyyət fərqlidir: "Rusiya bilir ki, əsas tədarükçüdür, Ermənistanın enerji alternativi yoxdur və rus qazından imtina edə bilməz, qiymət Ermənistanı qane etməsə də, "Qazprom” bu bazarı ələ keçirib, siyasi problemlər buna əlavə olunur və başqa qiymətin razılaşdırılmasının alınmadığı məlum olur”.

Belə vəziyyətdə Ermənistanda Paşinyan hakimiyyəti daha çox tənqid hədəfinə çevrilir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video