Alternative content

19:39 12 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nakam ömürlü şair…
Nakam ömürlü şair…
ANA SƏHİFƏ / Mədəniyyət
00:09 06.06.2020


Azərbaycan ədəbiyyatının, mətbuatının, teatrının inkişafında misilsiz xidmətləri olan, Əliqulu Qəmküsar kimi adını tariximizə yazan, məşhur satirik şair, publisist, mədəniyyət xadimi Əliqulu Nəcəfov 1880-ci ildə Naxçıvanda dünyaya göz açıb. Ondan qabaq şairlik yolundan atası Məşədi Ələsgər Nəcəfov "Səba”, əmisi Məmmədhüseyn Nəcəfzadə "Fani”, ana babası Məşədi Əsəd "Məddah” təxəllüsü ilə yazdıqları şeirlərlə keçiblər. Dayıları - Moskva Universitetinin Hüquq fakültəsində oxumuş Fərəculla Şeyxov və 1906-1911-ci illərdə istiqlal mücahidi Səttarxanın başçılıq etdiyi inqilabi hərəkatda fəal iştirak etmiş Nəsrulla Şeyxov Naxçıvan teatrının yaradıcılarından olublar. Mətbuata, mədəniyyətə açıq fikirli münasibətləri ilə seçilən bu ziyalılar, eləcə də görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin məşhur "Tərbiyə” məktəbində aldığı yeni üsullu dünyəvi təhsil onun həyat yolunun müəyyənləşməsində müstəsna rol oynayıb. Gələcəyin şairi, mətbuat adamı, mədəniyyət mücahidi, fəal ictimai xadimi Əliqulu Nəcəfovun dünyagörüşü belə bir mühitdə formalaşıb.

Mətbuat meydanına XX əsrin ilk anadilli orqanı olan "Şərqi-Rus” qəzetində dərc olunan məqalələri ilə çıxıb. İlk mətbu əsəri 1904-cü ildə bu qəzetin 28 dekabr tarixli 260-cı sayında təqdim edilib.

Dinəndə yandı dilim,

Dinməyəndə dil yandı.

Nə dərdi gizlədə bildim,

Nə aşikar eylədim.

misraları ilə başlayan həmin şeir onun istedadının ilk təcəssümü olub. Dövrün bir çox istedadlı qələm və fikir adamları kimi o da "Şərqi-Rus”un fəaliyyətində iştirak edib. Ancaq Əliqulu Nəcəfovu Əliqulu Qəmküsar kimi tanıdan, məşhurlaşdıran başqa bir mətbu orqan olub...

Azərbaycanın ilk satirik mətbu orqanı olan "Molla Nəsrəddin” jurnalının nəşrə başlaması millətsevər ziyalılar tərəfindən sevinclə qarşılanıb. Jurnalın baş redaktoru Cəlil Məmmədquluzadə istedadına bələd olduğu qələm adamlarını əməkdaşlığa dəvət edib. Bunun sayəsində "Molla Nəsrəddin” dövrün görkəmli ziyalılarını bir araya yığaraq, onları dostlaşdıraraq, bir ideya, bir məslək uğrunda mübarizəyə istiqamətləndirib.

"Molla Nəsrəddin” bir çoxu kimi, ona da böyük şöhrət qazandırıb. Doğrudur, digər mətbuat orqanları - "Həyat”, "İrşad”, "Sədayi-həqq”, "Al bayraq”, "Gələcək”lə əməkdaşlığı da uğurlu olub. Ancaq Əliqulu Qəmküsar yaradıcılığında "Molla Nəsrəddin” jurnalı xüsusi yer tutub. O, bu məşhur jurnalda "Xadimi-millət”, "O taylı”, "Cüvəllağı”, "Cüvəllağı bəy”, "Sarsaqqulu bəy” və başqa imzalarla çıxış edib. 1913-cü ildə Əliqulu Qəmküsar Cəlil Məmmədquluzadənin təklifi ilə jurnalın ikinci redaktoru olub.

Culfada yaşadığı illərdə Əliqulu Qəmküsar Səttarxan hərəkatında iştirak edib.

Azərbaycan ədəbiyyatında və mətbuatında daha çox satirik şair və publisist kimi məşhurlaşan Əliqulu Qəmküsarı dövrdaşları həm də fədakar teatr xadimi kimi tanıyıblar. Naxçıvanda teatrın yaranmasında, inkişafında o, böyük xidmətlər göstərib. Əliqulu Qəmküsar Cəlil Məmmədquluzadənin "Ölülər” əsərinin baş qəhrəmanlarından birinin - Şeyx Nəsrullah obrazının unudulmaz ifaçılarından olub. "Ölülər”in Naxçıvanda, Bakıda, Gəncədə, eləcə də Azərbaycandan kənarda - Aşqabad, Daşkənd, Səmərqənd, Kazan, Həştərxan, Vladiqafqaz və Dərbənddə tamaşaya qoyulması Şeyx Nəsrullahın mahir ifaçısı kimi Əliqulu Qəmküsara uğur gətirib.

Əliqulu Qəmküsarla bərabər, Naxçıvanda "Ölülər”in tamaşaya qoyulmasında iştirak edən, İsgəndər rolunun ifaçısı, teatrşünas və rejissor Rza Təhmasib öz təəssüratlarını belə qələmə alıb: "Şeyx Nəsrullah rolunun mən bir çox ifaçılarını görmüşəm. Lakin açıq deməliyəm ki, heç kəs islamiyyəti dərindən bilən, mollaların həyat və psixologiyasına yaxşı bələd olan bu xırda cüssəli adamdan üstün tutula bilməz”. Şeyx Nəsrullah obrazının ifası elə əks-səda yaradıb ki, ruhanilərin fitvası ilə Əliqulu Qəmküsar küçədə möhkəm döyülüb, Bazarçayına atılıb. Ancaq bununla Əliqulu Qəmküsarın gözünün odunu ala bilməyiblər. Sonradan o, başına gələnlər barədə deyib: "Mən elə bilirdim ki, məni döymürlər, başımı tumarlayırlar”.

O, 1910-cu ildə Culfada teatr truppasına rəhbərlik edib, Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasını, Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan”, "Dağılan tifaq” faciələrini tamaşaya qoyub. Əliqulu Qəmküsarın təşəbbüsü ilə 1917-ci ildə Naxçıvanda "El güzgüsü” dram cəmiyyəti yaranıb.

Əliqulu Qəmküsar 1919-cu il martın 14-də Tiflisdə qətlə yetirilib. Qətlin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi barədə müxtəlif fikirlər mövcuddur. Ən çox söylənilən onun Gürcüstan menşevikləri tərəfindən güllələnməsidir. Bu fikirlə razılaşmayanlar 1919-cu ildə Zaqafqaziyada menşeviklərin mövqeyinin o qədər də güclü olmadığını, həm də Əliqulu Qəmküsarın menşeviklərlə ciddi münaqişəsinin olmadığını əsas gətiriblər. Tədqiqatçıları onun 1917-ci ildə yazdığı "Qarğalar” adlı felyetonunda ölkədəki kadetlər, müsavatçılar, federalistlər və menşeviklərlə bərabər, bolşevikləri də günahkar saydığını diqqətə alır, onların hər birinin Əliqulu Qəmküsarın həyatına sui-qəsd edə biləcəyini bildiriblər.

Həmin vaxt Tiflis şəhərində yaşayan Əziz Şərifin "Borba” qəzetində verilmiş "Qəmküsar” adlı yazısında Əliqulu Qəmküsar gecə saat 11-də evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəldiyi, qorxudan vahimə keçirən qonşu qadınların hay-küyünə gələn qaradovoyun dalana açdığı atəşdən qətlə yetirildiyi bildirilib. Müəllifin "həyatımızın pərakəndəliyi... bir xalq dostunu alıb apardı” fikrinə əsaslananlar qətlin əvvəlcədən planlaşdırılmış hadisə olmadığı qənaətindədirlər.

Əziz Şərifin də yazdığı kimi, müsəlman həyatının elə bir sahəsi yoxdur ki, Əliqulu Qəmküsarın diqqətindən kənarda qalsın. Ruhanilərin, bəy və mülkədarların zülmü demokratiyanın zülmətdə qalması, gücsüzlüyü, qadınların hüquqsuzluğu onun yazılarında əksini tapıb, o, bəzən cəmiyyəti və onun adət-ənənələrini amansız tənqid atəşinə tutub. Müəllif Əliqulu Qəmküsar haqqında yazıb: "Amansız tale ona öz gücünü bir daha göstərmək imkanı vermədi və onu müsəlman demokratiyasının əlindən vaxtsız alıb apardı. Mərhum şair ən dəhşətli, ən faciəli bir şəraitdə dünyasını dəyişdi. Gecə saat 11-də evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəlir və... onu qətlə yetirirlər. İki gündən sonra - dəfn günü yerli qəzetlərdə kiçik qeyd peyda olur: "Martın 15-nə keçən gecə Moskovskaya küçəsində milisionerlər tərəfindən bir qatı cinayətkar öldürülmüşdür. Ölənin familiyası məlum deyil”. Məqalədəki bu fikirlər isə Əliqulu Qəmküsarın yaşamış olduğu acınacaqlı həyatı əks etdirib: "Şair maddi cəhətdən son dərəcə təminatsız, tez-tez cırıq palto və yırtıq başmaqda ac-yalavac gəzib dolaşan, ürəyində intəhasız qəm-qüssə, baxışlarında insana sönməz sevgi daşıyan istedadlı şair idi. Və namərd bir insanın qaba gülləsi poeziyaya bu qədər dəyərli incilər bəxş etmiş qələmini onun əlindən aldı”.

Əliqulu Qəmküsarın qətlini ədəbi ictimaiyyət Azərbaycan ədəbiyyatına, mollanəsrəddinçi hərəkata ağır zərbə kimi qarşılayıb. Görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev bu itkinin ağrısını belə ifadə edib: "Əliqulu Nəcəfzadəyə atılan güllə "Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi”.

Nakam şairin ayrılığından doğan kədərini Cəlil Məmmədquluzadə isə belə qələmə alıb: "Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəni öz köməyindən məhrum qoydu”. Və dostu, silahdaşı Əliqulu Qəmküsarın unudulmayacağını bildirib: "Nə qədər ki məcmuəmizin adı söylənilir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında Əliqulu Qəmküsarın - Cüvəllağı bəyin adı həmişə zindəbad alqışları ilə zikr olunacaqdır”.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM