05 Iyun 2020 02:31
637
CƏMİYYƏT
A- A+

Laqeydliyin acı nəticəsi


Azərbaycanda karantin rejiminin yumşaldılmasının dayandırılmasına qərar verildi


Bu da vətəndaş məsuliyyətsizliyinin gözlənilən nəticəsi...

Bu da əhalinin əksər kəsiminin sərgilədiyi laqeydliyin acı aqibəti...

Bu da mütəxəssislərin, həkimlərin, dövlət qurumlarının çaldığı həyəcan təbilinin ağrılı inikası...

Axı, xüsusi karantin rejimi yumşaldılmağa başlandığı ilk gündən xəbərdarlıq edilirdi ki, Operativ Qərargahın qoyduğu qaydalara riayət olunmasa, yoluxma sayı artsa, yenidən məhdudiyyətlər tətbiq olunacaq, karantin rejimi sərtləşdiriləcək.

Əhalidən dönə-dönə xahiş və tələb olunurdu ki, qoruyucu vasitələrdən istifadə etsinlər, sosial məsafə saxlasınlar. Amma görünən o idi ki, əksəriyyət bu xəbərdarlığa, tələbə əhəmiyyət vermir. Karantin rejimi yumşaldıqca insanlarda pandemiyanın ilk günlərində yaranan yoluxma qorxusu, narahatlıq, təşviş duyğuları arxayınlaşma hissi ilə əvəzlənirdi. Məhdudiyyətlər aradan qaldırıldıqca vətəndaş məsuliyyətsizliyi, laqeydliyi də artırdı. Artıq koronavirusa dırnaqarası yanaşır, xəstəliyin mövcudluğuna inamsızlıq baş qaldırırdı. Bir vaxtlar maska, spirt yoxluğundan şikayətlənən vətəndaş indi bu vasitələrdən istifadəni özünə rəva bilmir. İstifadəsi zəruri olan yerlərdə görüntü xətrinə taxılan maska polis nəzarətindən yayınan andaca ağız və burun hissədən çənənin altına düşürdü. Qadağalara, qaydalara məhəl qoyulmur, şəxsi gigiyena, zəruri profilaktik tədbirlər gözardı edilirdi...

Və nəticə budur - gözlədiyimiz, ehtimal etdiyimiz başımıza gəldi. Azərbaycanda koronavirusa indiyədək gündəlik yoluxmanın pik həddinin şahidi olduq. Nazirlər Kabineti yanında Operativ Qərargah "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar verdi. Qərara əsasən, qeyd edilən ərazilərdə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırıldı. Qərarda nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi (müstəsna halları çıxmaqla) qadağan edildi. Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan olundu.

Azərbaycanın Baş Naziri Əli Əsədov vətəndaşlara dünənki müraciətində təəssüflə qeyd edib ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artıb. Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah belə bir qərar verdi.

Qeyd etmək lazımdır ki, məhz vətəndaş biganəliyi, qaydalara qarşı intizamsızlıq, virusa yoluxma sayının getdikcə artması hökuməti bu addımı atmaq məcburiyyətində qoydu.


"Vətəndaşlar kütləvi şəkildə qaydaları pozmağa cəhd edirlər”


Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirdi ki, son günlər yoluxma dərəcəsinin artmasına, sağalanların sayının yoluxanların sayından xeyli geri qalmasına səbəb vətəndaşların məsuliyyətsizliyidir. Ona görə də karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırılma aktivləşdirilir: "Belə ki, cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə, tam qapalı rejim yaradılacaq”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı da brifinqdə çıxışı zamanı dedi ki, bu həftə başlayandan indiyədək koronavirusa yoluxmada ciddi say artımı ilə qarşı-qarşıyayıq: "Çox təəssüf ki, vətəndaşlar kütləvi şəkildə qaydaları pozmağa cəhd edirlər. Onlar cəmiyyətin müxtəlif təbəqələrinin müraciətinə laqeyd yanaşırlar. Nəticədə rəqəmlər artır və tibb müəssisələrinin üzərinə böyük yük düşür”.

Onun sözlərinə görə, yoluxma intensivliyinin yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki günü, bəlkə də üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq. Bu həftə məhdudiyyətlərin tətbiq olunduğu ərazi klasterlər üzrə narıncı sahə, növbəti həftə isə bütün ölkə ola bilər. Məhdudiyyətlər böyük şəhərlərlə yanaşı, epidemioloji vəziyyətdən asılı olaraq bəzi kəndlərdə də tətbiq olunacaq, eyni zamanda, bütün rayon olmasa da, lokal olaraq yoluxma dərəcəsi yüksək olan kəndlərdə də həftə sonu karantin tədbirləri həyata keçiriləcək.

TƏBİB sədri əlavə edib ki, həm həftə sonunda, həm də həftə içərisində fiziki məsafəni gözləmək və maska taxılması qaydasına əməl etsək, pozitiv nəticəyə nail olmaq olar. Bazar ertəsindən sonra normal həyata qayıtmasaq, maska istifadəsi ilə bağlı qaydalara əməl etməsək, bizi daha ciddi və sərt addımlar gözləyir...


Yoluxma hallarının artmasında vətəndaş laqeydliyinin payı danılmazdır


Dövlət koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün lazımi bütün addımları atdı. Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən çevik, qabaqlayıcı və səmərəli tədbirlər öz effektini göstərdi. Məhz pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində dövlət tərəfindən vaxtında görülən mühüm işlər nəticəsində ölkədə COVID-19-la bağlı vəziyyət nəzarət altına alındı, insanların koronavirusa kütləvi yoluxma hallarının azaldılmasına nail olundu. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyədə oldu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələdi. Lakin xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım başladı, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı. Çünki bu mərhələdə virusla səmərəli mübarizədə əsas amil vətəndaşların sosial məsuliyyətindən, bilavasitə onların intizamlı davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, karantin rejimi qaydalarına riayət etməsindən birbaşa asılı idi. Lakin son günlərin narahatedici statistikası bunun əksini göstərdi. Təəssüf ki, koronavirusa yoluxma hallarının artmasında vətəndaş laqeydliyinin payı danılmazdır. Qoruyucu vasitələrdən istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi, virusun varlığına şübhə ilə yanaşılması, xəstəliyin ciddiyə alınmaması, "bu, kimlərinsə oyunudur, belə bir virus yoxdur”, "xəstəlik varsa, bəs niyə bizim tanışlarımızdan heç kim tutmayıb” kimi mənasız mücərrəd düşüncə tərzi olduqca ziyanlı və təhlükəli yanaşma tərzidir. Bu məsuliyyətsiz yanaşma tək həmin insanın özünü yox, digərlərinin də həyatını böyük risk altına atır. Odur ki, bu düşüncələrdən uzaqlaşmaq, real təhlükəni görmək lazımdır. Arxayınlığı, biganəliyi, laqeydliyi bir kənara qoyub dövlət başçısının, Birinci vitse-prezidentin müraciətlərinə, çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB-in tövsiyələrinə, qaydalarına, tələblərinə əməl etmək gərəkdir. Özümüzü, yaxınlarımızı qorumaq istəyiriksə, məsələnin ciddiliyini dərk etməli, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Operativ Qərargahın qərarlarını anlayışla qarşılamalı, qoyulan qadağaların zəruriliyini anlamalıyıq. Məhdudiyyətlərə, qaydalara əməl etməyin hər birimiz üçün həyati vacibliyini başa düşərək, özümüzü, ailəmizi, xalqımızı qorumalıyıq.

Nə qədər ki, tanışlarımıza, ətrafımızdakı insanlara toxunmur, çoxumuz bu bəlaya mücərrəd, qeyri-real, uzaq bir təhlükə kimi baxırıq. Amma yoluxanların sayı artdıqca, ölüm halları çoxaldıqca hər kəs faciəni öz yanında, canında hiss etməyə başlayır. Bu xəstəliyin necə təhlükəli, amansız olduğunun fərqinə varır. O zaman isə artıq gec olur...

Nə qədər ki, gec deyil, özünüzün, ailə üzvlərinizin, iş yoldaşlarınızın, qohum-qonşularınızın xəstələnməsinə baiskar olmayın, onların "qatilinə” çevrilməyin.

Nə qədər ki, gec deyil, qorunun, qoruyun!

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video