04 Iyun 2020 16:36
630
CƏMİYYƏT
A- A+

Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maskalar göndərib


İyunun 4-də Milli Məclisdə Vyetnam Milli Assambleyasının Sədri xanım Nquyen Txi Kim Nqan tərəfindən göndərilmiş tibbi maskaların təqdimat mərasimi olub.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mərasimdə Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Eldar Səlimov bildirib ki, Azərbaycanla Vyetnam arasında zəngin tarixi köklərə əsaslanan dostluq əlaqələri mövcuddur. Müasir dövrdə iki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan hökumətlərarası sazişlər, Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyinin və parlamentlərarası dostluq qruplarının fəaliyyətləri səmərəli əməkdaşlığa təkan verib.

XİN təmsilçisi qeyd edib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Azərbaycanda olduğu kimi, Vyetnamda da mübarizə aparılır, gərəkli addımlar atılır. Bu baxımdan dost ölkədə əldə olunan nəticələr bizi sevindirir. Vyetnam Milli Assambleyası tərəfindən Azərbaycan Milli Məclisinə tibbi maskaların təqdim edilməsi tərəfimizdən yüksək qiymətləndirilir.

Sonra görüşdə Milli Məclisin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli çıxış etdi. Koronavirus pandemiyasının dünyanın bütün ölkələrinə, insanlara vurduğu ziyandan danışıb. Bu infeksiyaya qarşı mübarizədə bütün ölkələrin öz səylərini birləşdirməsinin səmərəli nəticələr verdiyini vurğulayıb.

İşçi qrupun rəhbəri deyib ki, qarşılıqlı əməkdaşlıq kontekstində Vyetnamla Azərbaycan arasında olan münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ekstremal şəraitdə Vyetnam parlamentinin Azərbaycan parlamentinə 20 min tibbi maska göndərməsi bunun bariz nümunəsidir.

Deputat qeyd edib ki, hələ sovet dövründə minlərlə vyetnamlı gənc Azərbaycanın ali məktəblərində təhsil alıb. Onlardan bir çoxu hazırda Vyetnamda yüksək postları, məsul vəzifələri tuturlar, Milli Assambleyanın deputatı olanlar da var. Həmin şəxslər Azərbaycanın məzunu kimi ölkəmizlə daim səmimi dostluq əlaqələri saxlayırlar. Azərbaycan parlamentinin 100 illik yubileyində də Vyetnam parlamenti böyük nümayəndə heyəti ilə iştirak etdi.

Çıxışını yekunlaşdıran Əli Məsimli Azərbaycan-Vyetnam parlamentlərarsı əlaqələr üzrə işçi qrupu adından 20 min tibbi maskanın Azərbaycana göndərilməsinin təşəbbüskarı olan Vyetnam Milli Assambleyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Təqdimat mərasiminin yekununda Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov Vyetnam parlamentarlarının dost köməyinə, maskaların təqdimatına görə təşəkkür etdi. Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın imzaladığı təşəkkür məktubunu Vyetnam Sosialist Respublikası Milli Assambleyasına çatdırılması üçün XİN nümayəndələrinə təqdim etdi.

İlkin Məmmədov bildirib ki, Milli Məclisin Sədri bu dəstək addımını COVID-19 pandemiyası ilə qlobal miqyasda mübarizə aparıldığı dövrdə Azərbaycan və Vyetnam xalqları arasında olan dostluğun və həmrəyliyin nümayişi kimi qiymətləndirib və vyetnamlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Təqdimat mərasimində Xarici İşlər Nazirliyinin Asiya idarəsinin Cənub-şərqi Asiya, Avstraliya və Okeaniya şöbəsinin müdiri Vasif Abutalıbov da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video