04 Iyun 2020 12:38
614
İQTİSADİYYAT
A- A+

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə vergiödəyicilərinə əhəmiyyətli güzəştlər nəzərdə tutulur


Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Vergi Məcəlləsində dəyişikliklər təsdiq edilib. Bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, vergiödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.

AZƏRTAC Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyevin vergi qanunvericiliyə edilmiş əsas dəyişikliklərlə bağlı şərhini təqdim edir.

Ə.Quliyev bildirib ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər müvəqqəti vergi rejiminin tətbiqini və pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmaları nəzərdə tutur. Belə ki, qanun cari il yanvarın 1-dən etibarən tətbiq edilməyə başlayacaq və 1 il ərzində qüvvədə olacaq.

Qanunda müvəqqəti vergi rejiminin tətbiq edildiyi və pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri dəqiq göstərilib. Buraya əsasən ictimai iaşə fəaliyyəti, sərnişin daşımaları sahəsi, mehmanxanalar və bu tipli obyektlərin fəaliyyəti, turoperatorlar, turagentlər, sifarişlər üzrə malların çatdırılması xidmətlərin göstərilməsi, tədris kursları, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti, idman və sağlamlıq mərkəzləri, istirahət və əyləncə, kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətləri məhdudlaşdırılmış fəaliyyət sahələri daxildir: "Sadalanan sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə münasibətdə 1 il müddətinə əhəmiyyətli vergi güzəştlərinin verilməsi nəzərdə tutulub. Belə ki, bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad olunur, qazandıqları mənfəətin və ya gəlirin 75 faizi miqdarında vergi güzəştləri əldə edirlər”.

Digər vergi güzəştlərinə gəldikdə isə idarə rəisi qeyd edib ki, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan vergiödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.

Onun sözlərinə görə, qeyd olunan güzəştlər 1 il müddətində tətbiq ediləcək. Bundan əlavə fərqlənmə nişanı almaqla sabit şəkildə vergi öhdəliyi yerinə yetirən, daşıma fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə münasibətdə verginin bazasını təşkil edən məbləğ 50 faiz həcmində azaldılacaq. Pandemiyadan zərər çəkməyindən asılı olmayaraq, respublika üzrə fəaliyyət göstərən və 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyiciləri olan mikro sahibkarlar üçün vergi dərəcəsi 1 faizə endirilir.

Ə.Quliyev vergi güzəştləri və azadolmaları ilə yanaşı, həmin kateqoriyadan olan vergiödəyicilərinə münasibətdə hesabatların təqdim edilməsi və vergilərin ödənilməsi müddətlərinə vergi tətillərinin verilməsi barədə də məlumat verib. Zərərçəkmiş sahələrdə çalışan vergiödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergiləri ödəmə müddətləri bu il sentyabrın 1-dək uzadılır. Həmin müddətdə sözügedən vergiödəyicilərinə faizlər hesablanmayacaq. Eyni zamanda, mikro sahibkarlıq subyektləri cari ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına verməli olduqları sadələşdirilmiş vergi, eyni zamanda, gəlir və əmlak vergisinin bəyannamələrinin verilmə müddəti bu ilin sentyabrın 1-ə kimi uzadılır və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq sentyabrın 1-i müəyyən edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video