04 Iyun 2020 02:16
3651
Mədəniyyət
A- A+

Qızılbaş irsinin davamçıları


Əsrlər öncə Azərbaycanın tarixi torpaqlarından köçən soydaşlarımız yenidən bir araya gəlirlər


"Mən Mömin Ağa Xanam. Cənubi Dakotada yaşayıram. Bayat tayfasındanam, qızılbaşlar soykökündənəm. Qarabağlıyam və vətənimin ermənilər tərəfindən işğal olunması məni çox məyus edir...”

"Mən Əli Qızılbaşam. Pakistandanam, Türkiyədə yaşayıram. Əslim qızılbaşlar tayfasındandır...”

"Mən Ağa Əli Aşğaram. Əfqanıstanda yaşayıram. Avşaram, qızılbaşlar nəslindənəm...”

"Mən Ağa Feysəl Əliyəm. Hindistandanam. Avşaram, qızılbaş soyundanam...”

"Mən Tehreen Qızılbaşam, Pakistanda yaşayıram. Azərbaycan dilini öyrənməyə başlamışam...”

"Mən Əli Mustafa Qızılbaşam. Malayziyada yaşayıram. Azərbaycana gəlməyi çox istəyirəm...”

"Mən Həmid Qəzələm, Finlandiyada yaşayıram. Avşaram. Azərbaycanı çox sevirəm...”

"Mən Faz Ağayam, Amerikada yaşayıram. Bayat tayfasındanam, Qızılbaşam. Pandemiyadan sonra Azərbaycana gəlmək niyyətindəyəm...”

... Onların sayı hələ ki, azdır. 500-dən bir az çoxdurlar, 20-dən artıq ölkədə məskunlaşıblar. İstəkləri Qızılbaş soyundan gələn bütün soydaşlarını vahid platformada bir araya gətirmək, tarixi kökü, mənbəyi xatırlatmaqdır. Onlar əsrlər öncəsi Azərbaycanı tərk edən Qızılbaş babalarının törəmələri olduqlarını, Azərbaycan əsilli mahiyyətlərini əsla unutmurlar...


6 əsrlik nisgil


Qızılbaşlığın adı, ideyası, mahiyyəti, mənası barədə müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə, Məhəmməd Peyğəmbər (s) Uhud müharibəsində yaralanır, başından axan qanlar onun başında qızıl halqa yaradır. Bundan sonra Həzrət Əli (ə) başında qırmızı tac ilə müharibələrdə iştirak edir. Əhli-beyt (ə) davamçıları olan Qızılbaşlar adı da buradan yaranır. Digər rəvayətə görə, Şah İsmayılın əsgərlərinin başında qırmızı təkkələr (incə materialdan olan baş örtüyü) olduğu üçün şiələrə qızılbaş deməyə başlayırlar.

Alman alimi Brokelmana görə isə, atasının ölümündən sonra Şeyx Heydər öz təriqətində yeniliklər edərək yeni bir baş örtüyünü mütləq saydı. Bu, 12 imama işarət edən 12 dilimli bir Heydəri qırmızı baş örtüyü idi. Qızılbaşlar 12 şiə imamı şərəfinə 12 qırmızı zolaqlı çalma bağladıqlarına görə belə adlanırdılar.

XV əsrin ikinci yarısında meydana çıxmış olan Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türk tayfalarının tarixində yeni bir səhifə açdı. Qızılbaşlar əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı, sonralar isə bayat, qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və başqa türk tayfalarını birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.

Tarixdən məlum olduğu kimi, Qızılbaşlıq Azərbaycanda yaranmışdı. Bu tayfanın hakim mövqedə olduğu Səfəvilər dövləti həm də "Qızılbaşlar dövləti” adlandırılıb. Səfəvilər bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib. Bu da onu deməyə əsas verir ki, qızılbaşlar 6 əsr ərzində bu ərazilərdə kök salaraq dünyanın dörd bir yanına səpələniblər.

Bəs maraqlıdır, görəsən, indi dünyada nə qədər qızılbaş yaşayır? Onlar öz soyköklərini tanıyırlarmı? Bu soydaşlarımızın bir-biri ilə əlaqəsi varmı, onları tapa bilərikmi?


Qızılbaşlar Pakistana prezident, nazir, generallar bəxş ediblər


Bəlkə də bu suallara cavab sizə mümkünsüz görünəcək. Bəli, bu, mürəkkəb işdir, amma qeyri-mümkün deyil. Hazırda "Facebook” sosial şəbəkəsində "Qizilbash Unity” adlı qrup fəaliyyət göstərir. Babək Hüseynli tərəfindən yaradılan qrupda dünyanın müxtəlif ölkələrində yaşayan qızılbaşlar bir araya gətirilir. Burada 20-dən artıq ölkədən 500-dən çox həmvətənimiz aktivlik göstərir, müxtəlif sahələrdə fikir, informasiya mübadiləsi aparır. Qrupun yaradılmasında məqsəd əsrlər öncə Azərbaycanın tarixi torpaqlarından köçərək digər ölkələrdə məskunlaşmış soydaşlarımızı bir yerə toplamaq, onlara Azərbaycan dilini öyrətmək, ölkəmizə, cəmiyyətimizə inteqrasiya etdirməkdir.

Bu vacib təşəbbüsün müəllifi Babək Eyvaz oğlu Hüseynli qızılbaşların baş məskənlərindən sayılan Qarabağda, Xocavənd rayonunda doğulub. İngiltərədə təhsil alıb, London şəhərində aktiv diaspor fəaliyyəti ilə məşğul olub. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdıb müxtəlif özəl və dövlət qurumlarında çalışıb. Onunla qızılbaşların sayı, yaratdığı qrup, qarşıda duran məqsədlər, planlar barədə söhbətləşirik. Deyir ki, Pakistan, Hindistan, Əfqanıstan, Türkmənistan və Özbəkistanda yaşayan soydaşlarımızın sayı ilə bağlı dəqiq rəsmi məlumat yoxdur. Türkmənistan və Özbəkistandakı soydaşlarımızın statistikası, əsasən, sovet və postsovet dövründə Qafqaz Azərbaycanından oraya köçənləri ehtiva edir. Lakin bu ölkələrdə daha qədim və köklü icmalarımız var ki, onlar indiyəcən "kəşf edilməyib”.

Pakistan və Hindistan ərazisində Azərbaycan türkləri 15-20-ci yüzilliklərdən bəri yaşayırlar. Onların çoxu 19-cu yüzillikdə Əfqanıstandan köçənlərdir və burada da Əfqanıstanda olduğu kimi, qızılbaş adı altında bilinirlər. Tariximizin iki mərhələsində Azərbaycan torpaqlarından böyük köç baş verib. Bunlardan biri Şah Təhmasib tərəfindən Moğol imperatoruna göndərilən 12000 qızılbaş döyüşçüsü, digəri isə Nadir Şah Avşar tərəfindən onun Hindistan və Əfqanıstanı istilası zamanı ora apardığı Cavanşirlər, Bayat və Avşar boylarıdır. İngilislərin apardığı siyahıyaalmaya görə, 1901-ci ildə indiki Hindistanın Uttar Pradeş əyalətinə uyğun gələn ərazidə 2877 nəfər, 1911-ci ilin siyahıyaalınmasına görə isə, indiki Pakistan və Hindistan Pəncabında, Dehlidə 1959 soydaşımız yaşayıb.

"Əhalinin təbii artımını və xaricə köçü də nəzərə aldıqda bu iki ölkədəki qızılbaş sayını 20 min təxmin etmək olar. Pakistanda qızılbaşların sayı və rolu daha çoxdur. Qızılbaşlar bu ölkəyə prezident, nazirlər, generallar, səfir, hakim, şair bəxş ediblər. Bu gün də Pakistan ordusunda xidmət edən qızılbaş generallar və yüksəkrütbəli zabitlər var. Bunların bəziləri ilə tanışlığımız da mövcuddur”, - deyir B. Hüseynli.


Qızılbaşlar Əfqanıstanda rəsmi olaraq qəbul edilən etnik azlıqdır


Əfqanıstana Azərbaycan türkləri - qızılbaşlar 16-18-ci yüzilliklərdə yerləşiblər. Əsasən Nadir Şah Avşarın və onun ölümündən sonra Dürrani hakimlərinin zamanında indiki Əfqanıstana köçürülüblər. 19-cu yüzilliyə aid Britaniya dövlətinin məlumatına görə, onların sayı 50-200 min nəfər idi. Həmin tarixdən bu yana Əfqanıstanın toplam əhalisi təxminən 7-10 dəfə artıb ki, bu hesabla soydaşlarımızın bugünkü sayı 350 minlə 2 milyon arasında olmalıdır: "Əfqanıstandakı soydaşlarımız orada əsasən qızılbaş, mərvi, avşar və başqa adlar altında tanınırlar. Az bir qismini çıxmaqla, demək olar ki, hamısı farsdillidir. Qızılbaşlar Əfqanıstanda rəsmi olaraq qəbul edilən və konstitusiyada adı çəkilən etnik azlıqlardan biridir”.

Babək Hüseynlinin sözlərinə görə, Özbəkistana Azərbaycan türklərinin - qızılbaşların köçü 16-19-cu yüzilliklərdə baş verib. Oradakı icmanın təmsilçilərinin bir çoxu 1785-1830-cu illər arasında indiki Türkmənistanda yerləşən tarixi Mərv şəhərindən köçürülən əslən Gəncəli Qacarlardır. Burada soydaşlarımız "ironi” (iranlı) adı altında tanınırlar və əsasən Zərəfşan vadisində, Səmərqəndin Pəncab, Baği Şumal və başqa yaşayış məntəqələrində məskunlaşıblar. Tarixi özbək qaynaqlarına əsasən, Mərvdən köçürülənlərin sayı 17 min ailə olub. Köçürülən qızılbaşlar şiə məzhəbli olduqlarına görə Özbəkistana - Buxara xanlığına gətiriləndən sonra məzhəblərarası problemlər ucbatından bir çoxu kimliyini gizlətməli olub. 1926-cı ilin sovet siyahıyaalınmasına görə, Özbəkistanda 9,2 min "iranlı” vardı. Kimliyini gizləyənləri də nəzərə aldıqda, bugünkü sayları 50-200 min nəfər arasında təxmin edilir.

Türkmənistan ərazisi 18-ci yüzilliyin ortalarınadək demək olar ki, bütünlüklə, 1860-cı illərədək isə qismən Azərbaycan türklərinə aid dövlətlərin tərkibində və təsirində olub. Türkmən əhalisi indiki Türkmənistana əsasən 1717-ci ildən sonra yerləşməyə başlayıb və bu proses 1860-cı illərədək davam edib. Türkmənistan ərazisində bu gün rəsmi olaraq türkmənlərə aid edilən, ancaq linqvistik, etnoqrafik və tarixi faktları nəzərə aldıqda, Azərbaycan türklüyünə aid olan bir neçə yerli etnoqrafik qrup var: nohurlular, annaulular, mehinlilər, əlililər və başqaları. Bu qızılbaş icmaları türkmənlərin həmin ərazilərə köçündən qabaq buralarda yaşayıblar, daha sonra türkmənlərin təsirinə düşmələri və hənəfi məzhəbindən olmaları səbəbindən türkmən xalqı ilə assosiasiya olunmağa başlamışlarsa da, gündəlik həyatda türkmənlər tərəfindən həqiqi türkmən olaraq qəbul edilmirlər. Bundan başqa, Türkmənistanın İranla sərhəd zolağında Firuzə kimi bəzi yaşayış məntəqələrində daha sonrakı dövrlərdə Qarabağdan və başqa yerlərdən köçüb gələn Azərbaycan türkləri də var. Bu etnik qrup təmsilçilərinin toplam sayının 50 mindən az olmayacağını güman etmək olar.


Qızılbaş mirasına necə sahib çıxmalı?


B.Hüseynli bildirir ki, dövlət sərhədlərinin xaricində yaşayan etnik və linqvistik qruplarla əməkdaşlıqla bağlı Avropa ölkələrinin, Rusiyanın, Türkiyənin, İranın zəngin fəaliyyət təcrübəsi var. Hətta Rumıniya, Macarıstan, Slovakiya kimi dövlətlərin belə sərhədləri xaricində yaşayan soydaşları ilə bağlı qanunvericiliklərində xüsusi maddələr var. Qəbul etdikləri "soydaş qanunları”na əsasən, bu ölkələr xaricdə yaşayan həmvətənlərinə bəzi imtiyazlar veriblər. İmtiyazlar əsasən vətəndaşlıq almaq prosedurunun və müddətinin azaldılması, təhsil haqqı, mülkiyyət əldə edilməsi, biznes fəaliyyəti kimi sahələri əhatə edir: "Daha geniş və zəngin təcrübə üçün isə Britaniya, Fransa, Türkiyə, Rusiya kimi ölkələrə nəzər salmaq gərəkdir. Britaniyanın keçmiş müstəmləkələrini əhatə edən "Commonwealth of Nations” təşkilatını və onun 4 ildən bir təşkil etdiyi Birlik Yarışlarını, Fransanın "Organisation internationale de la francophonie” təşkilatı, Rusiyanın "Russkiy Mir”, Rusiya Yurddaşlarının Beynəlxalq Şurasını, İspaniyanın ispan dilini və mədəniyyətini yaymaq üçün qurduğu "Instituto Cervantes” təşkilatını örnək göstərmək olar. Bu nümunələrdən və öz tarixi, çağdaş reallığımızdan yola çıxaraq bənzər fəaliyyətin Azərbaycan modelini qurmaq olar. Azərbaycan türklərinin öz imperial tarixi mirası var. Səlcuq, Elxanlı, Səfəvi, Avşar və Qacar dövlətlərinin Mərkəzi və Güney Asiya coğrafiyasında qalan mirasından yararlanmalıyıq. Bu mirasa o bölgələrdəki insan sərmayəsi, maddi və qeyri-maddi irs daxildir”.


Dünya qızılbaşlarını Azərbaycana toplamaq məramı


Müxtəlif ölkələrdə yaşayan qızılbaş nəslinin davamçılarını "Facebook” üzərindən bir araya toplayan Babək Hüseynli bu təşəbbüsün daha böyük hədəflərə doğru irəlilədiyini deyir. O, dünyada qızılbaş adı altında yaşayan azərbaycanlıların soy yaddaşının yaradılması ilə bağlı işlərin başladığını, yüzlərlə soydaşımızın məlumatlarının (ad, soyad və əlaqə nömrələri) toplandığını deyir. Bu məlumatlar www.qizilbashunity.com domeni üzərindən fəaliyyət göstərəcək saytda yerləşdiriləcək və yalnız məlumatı əlavə edən tərəflərin görəcəyi bir platforma olacaq: "Yuxarıda qeyd etdiyimiz ölkələrə tərəfimizdən kitablar, tədris vəsaitləri göndərilib. "Facebook”dakı "Qizilbash Unity” səhifəsindəki fəaliyyətimiz tam ingiliscə qurulub, prosesin idarə edilməsi ilə bağlı 10 nəfərlik idarəedici heyət yaradılıb. İlk dəfə dünya qızılbaşlarının onlayn tanışlıq konfransı keçirilib. Yaxın gələcəkdə isə Azərbaycanda dünya qızılbaşlarının ilk tanışlıq konfransının keçirilməsi, bu insanların ölkəmizə gətirilməsi məqsədəuyğun olardı. Onlar öz vətənlərinə gəlməyə, buranı görməyə can atırlar. Bir çoxu mədəniyyətimizin müəyyən hissələrini hələ də xatırlayır, əsrlər ötsə də, nəsildən-nəslə keçirərək yaşadırlar”.

Bundan başqa, ölkə xaricində Azərbaycan türkcəsini təbliğ edəcək qurumun yaradılması təqdirəlayiq olardı. Qurum başda keçmiş Səfəvi imperiyasının ərazisi olmaqla fəaliyyət göstərəcəyi ölkələrdə mədəniyyət mərkəzi, dil kursu, kitabxana, təhsil ocağı (bağça, məktəb, universitet) açmaq, Azərbaycanda yay məktəblərində praktik dil kursları təşkil etməklə məşğul ola bilər: "Bəhs edilən coğrafiyada yaşayan soydaşlarımız bir sıra səbəblərdən hazırda ana dillərini ya heç bilmirlər, ya da öz yerli ləhcələrində danışırlar. Bizim hazırkı fəaliyyətimiz soydaşlarımızın istəkləri ilə internet üzərindən dilimizin tədris edilməsidir. Artıq bu istiqamətdə ciddi işlər aparılır. Bir çox soydaşlarımız dilimizi öyrənməyə başlayıblar. Hesab edirəm ki, təqaüd proqramı çərçivəsində hər il bir neçə yüz gənci Azərbaycanda oxutmaq, təhsil sonrasında məzun dərnəkləri ilə əlaqələri daimi tutmaq olar. Əfqanıstandakı qızılbaş və mərvi qrupları içində Azərbaycanda ana dilimizi öyrənib və müəllim ixtisası üzrə təhsil alaraq öz ölkələrində soydaşlarımıza dilimizi tədris etmək istəyən könüllülər var. Aradakı ünsiyyət baryerini qaldırmaq, dili bərpa etmək, re-assimilyasiya prosesini başlatmaq üçün xüsusi yayım orqanı qurulmalı, kitab və jurnallar çap edilməlidir. Hər il xüsusi idman yarışları, Azərbaycan türkcəsində yazan ədib, publisist və jurnalistlərin görüşü təşkil edilməlidir. Əsas məqsədimiz Azərbaycanı, dilimizi, tariximizi, zəngin mədəniyyətimizi tanıtmaq, dünyanın hər yerində Azərbaycana bağlı insanların sayını artırmaq, dünya qızılbaşlarını bir yerə toplamaq, ölkəmizin beynəlxalq aləmdə etibarını artırmaqdır”.

Qızılbaş mirasının daşıyıcıları hələ ki sosial şəbəkədə bir araya gəlirlər. Ən diqqəti çəkən məqam odur ki, onların arasında gənclər mütləq əksəriyyəti təşkil edirlər. Əcnəbi ölkədə doğulub oranın bir parçasına çevrilmiş və qloballaşma dövrünün reallıqlarını yaşayan bu gənclərin indi soy-köklərinə bağlılıq göstərmələri, qızılbaş mahiyyətləri və Azərbaycan əsilli olmaları ilə qürur duymaları, həqiqətən, möhtəşəmdir. Onların tarixi vətənlərində bir araya gələcəkləri gün isə uzaqda deyil...

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video