03 Iyun 2020 00:57
1435
PARLAMENT
A- A+

Maska taxmayanlara qarşı cəzalar qüvvəyə mindi


İyunun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyə 3 məsələnin daxil edildiyini bildirdi.

Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər. İlk söz alan deputat Fazil Mustafa orta məktəblərdə hərbi dərslərin bərpa edilməsinin vacibliyini önə çəkdi. Soltan Məmmədov koronavirusla mübarizə sahəsində görülən işlərdən söz açdı. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Sumqayıtın ekologi vəziyyətinə diqqət çəkərək, məişət tullantılarının emalı ilə bağlı fikirlərini bildirdi.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təmsil etdiyi dairədə kənd təsərrüfatının suvarılması ilə bağlı problemləri diqqətə çatdırdı. Qeyd etdi ki, hazırda bununla bağlı iki layihə hazırlanıb ki, onlardan biri Zəyəm çayının üzərində su anbarının tikintisidir. Bu anbarın inşası Tovuz və Şəmkir rayonlarının suvarma suyu ilə təminatında byöük rol oynaya bilər. Digər layihə isə Kür çayından su nasosları ilə kəndlərə su vurulmasıdır ki, bu layihənin reallaşdırılması da problemin həllinə xidmət edər.

Deputat Tural Gəncəliyev Kanada parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə "təbrik məktubu" göndərməsini tənqid etdi. Bununla bağlı Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərdiyini deyən Tural Gəncəliyevin sözlərinə görə, Reyçl Harderin köməkçisi erməni mənşəli Kanada vətəndaşıdır: "Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderi saxta məlumatlarla təmin edib. Deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirməliydi. Münaqişə ilə bağlı məsələni obyektiv şəkildə öyrəndikdən sonra addım atmalıydı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır".

Deputat Eldar Quliyev qanunların icrasına nəzarətlə bağlı ayrıca qurumun yaradılmasını təklif etdi. Eldar Quliyev həmçinin sosial şəbəkələrdə insan ləyaqətinin tapdalanmasının qarşının alınması üçün qanunlarda dəyişikliklər olunmasını vacib saydı.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da təmsil etdiyi dairədəki su çatışmazlığından danışdı.

Milli Məclisin Sədri Sahibə Qafarova bu problemin təmsil etdiyi Şəmkir rayonunda da olduğunu və bununla bağlı işlərin görüləcəyini bildirdi.

Deputat Cavanşir Paşazadə pay torpaqları ilə bağlı qanunun işlək hala gətirilməsinə ehtiyac olduğunu dedi. Deputat suvarma probleminin təmsil etdiyi bölgədə də olduğunu bildirdi: "Lənkəran sitrusçuluq və çayçılıqla məşğul olan bölgədir. Xalq cəbhəsi dövründə çayçılıqla bağlı olan torpaq sahələri məhv edildi. Suvarma problemi isə bu gün də həmin bölgədə qalmaqdadır. Su problemi çayçılığın inkişafına bu gün də mane olur. Su anbarları 60 il əvvəl tikilib, artıq lillə dolub. Anbarları təmizləmək lazımdır”.

"Son günlər sosial şəbəkələrdə şəhid ailələri və qazilərimizin təhqirlərə məruz qaldığının şahidi oluruq”. Bunu isə Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirdi. Onun sözlərinə görə, Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var: "Bu gün şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur. Onların sadəcə xüsusi diqqətə ehtiyacı var. O insanların hər biri bizim diqqət mərkəzimizdə olmalıdır”.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputatlardan Razi Nurullayev, Şahin İsmayılov, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Ramil Həsən, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Vüqar Bayramov, Nəsib Məhəməliyev, Aqiyə Naxçıvanlı bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Çıxışlarda aqrar sahədə vəziyyət, suvarma sistemlərinin yenilənməsi, sosial şəbəkələrdəki mövcud qanunsuzluqların aradan qaldırılması barədə fikirlər səsləndirildi.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş) Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı məlumat verdi. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir. Qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verdi. Bildirildi ki, qanun layihəsinin 2-ci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı verilən təkliflərə işçi qrupu tərəfindən baxılıb. Komitə sədri vurğuladı ki, dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edir, ölkə Prezidentinin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri əsasında hazırlanıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul olundu.

İclasda son olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirdi ki, qanun layihəsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli qanununun icrası ilə əlaqədar hazırlanıb. Deputat bildirdi ki, qanunun əvvəlki oxunuşlarda parlamentdə müzakirələri zamanı deputatlar tərəfindən heç bir yeni təklif qeydə alınmamışdır. Qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video