02 Iyun 2020 00:49
2618
SİYASƏT
A- A+

İlham Əliyevin 111-ci hədiyyəsi



Prezident qlobal pandemiya ilə mübarizə dövründə də xoşməramlı missiyasını davam etdirərək daha 1336 məcburi köçkün ailəsinə sevinc bəxş etdi


"İndi dünyada bir neçə ölkədə məcburi köçkünlər vardır və bu ölkələrin sayı artır. Çünki müharibələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün şəhərcikləri salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər. Çünki biz köçkünləri belə gözəl evlərlə təmin edirik. Evlərin həm quruluşu, həm daxili dizaynı, təchizatı göz oxşayır. Azərbaycan bu sahədə də qabaqcıl yerlərdədir və hesab edirəm ki, bu, bizim borcumuzdur, bunu biz edirik və edəcəyik”.
Artıq illərdir ölkəmizdə əlamətdar günlərdə, bayramlarda Prezident İlham Əliyevin iştirakı ilə sosial, ictimai əhəmiyyət kəsb edən obyektlərin istifadəyə verilməsi ənənəyə çevrilib. Ötən həftə, may ayının 28-i - Respublika günündə dövlət başçısı bu ənənəyə bir daha sadiq qaldı.


1336 mənzil, 280 yerlik uşaq bağçası, 960 yerlik məktəb binası, xalçaçılıq və naxış emalatxanası


Cənab İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyeva daha 1336 məcburi köçkün ailəsinə sevinc bəxş etdilər. Dövlət başçısı bu münasibətlə keçirilən tədbirdə geniş çıxış edərək indiyədək həyata keçirilən layihələrdən, görülən işlərdən söz açdı.
Lökbatan qəsəbəsinin şimal-şərqində, bir az da dəqiq desək, Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində yerləşən bu qəsəbədə sayca 3-cü kompleks istifadəyə verildi. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihələr minlərlə ailənin mənzil problemini həll edib.
"Qobu Park-1”-də 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, "Qobu Park-2”-də 1300 ailəlik onmərtəbəli 13 bina, "Qobu Park-3” yaşayış kompleksində isə onmərtəbəli 13 yaşayış binası inşa olunub və 20 min əhalinin məskunlaşmasına xidmət edən bu işlər 2 il ərzində, qısa bir müddətdə icra edilib. Bütövlükdə, Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək.
Cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər.
Yeni kompleksin ərazisində 280 yerlik uşaq bağçası, 960 yerlik məktəb binası inşa olunub. Məktəb zəruri tədris avadanlığı ilə təchiz edilib, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli imkan yaradılıb. Bundan başqa, ərazidə "Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası inşa edilib. İlk dəfə həyata keçirilən bu layihənin məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması və sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək. Layihəyə il ərzində "Qobu Park-1”, "Qobu Park-2” və "Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Toxuculuğun sirlərinə daha dərindən yiyələnənlər emalatxanalarda müəllim kimi çalışacaq, digərləri isə evlərində dəzgahlarla təmin olunacaqlar. Onlar hədiyyəlik xalçalar toxuyacaqlar. Layihə çərçivəsində xalçaların satışı da təmin ediləcək. Emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaq. Burada uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.
Yaşayış kompleksində 1336 mənzil var. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib.
Kompleksə əsasən Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.


Məcburi köçkünlərin məşğulluğu, uğurlu biznes-layihələri həyata keçirilir


"Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr isə məcburi köçkünlərin məşğulluğunun biznes-layihələr vasitəsilə təmin olunması məqsədi daşıyır. İlk dəfədir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal müəssisələri qurulub. Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin açılması nəzərdə tutulur. Müəssisədə gün ərzində 1000-ə yaxın yumşaq və 500-ə yaxın plastik oyuncaq istehsal ediləcək. Yumşaq oyuncaq təxminən 15-20, plastik oyuncaqlar isə 10 çeşiddə olacaq.
Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Müəssisədə 25 nəfər işlə təmin olunacaq. Ümumilikdə müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi "Qobu Park-3”ün sakinlərindən formalaşdırılacaq. Şirkətlər icarə xərclərindən azad olunub ki, bu da müvafiq layihələrin kompleksdə reallaşdırılmasını sahibkarlar üçün cəlbedici edir. Layihələr yalnız sosial əhəmiyyəti ilə seçilmir. Onlar eyni zamanda biznesyönümlüdür. Belə ki, hər iki müəssisədə istehsal olunacaq məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edəcək.


Bu il hədəf 7-8 min məcburi köçkün ailəsinin mənzillərlə təmin edilməsidir


Prezident İlham Əliyev indiyədək həyata keçirilən bu xoşməramlı missiyadan danışarkən vurğuladı ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Yeni kompleksə köçəcək insanlar uzun illər çox ağır vəziyyətdə yaşayıblar. Yeni, tam təmirli mənzillər, əlbəttə ki, bu ailələrə böyük sevinc bəxş edəcək.
Göründüyü kimi, dövlət qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür. İndiyədək 111 şəhərciyin salınması böyük uğurdur.
Prezidentin də söylədiyi kimi, son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürsə də, Azərbaycanda məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur və heç bir proqram ixtisar edilməyib. Hətta ötən il məcburi köçkünlər üçün rekord sayda (5 minə yaxın) evlər-mənzillər tikilib.
Bu il isə qarşıya qoyulan hədəf 7-8 min məcburi köçkün ailəsinin evlərlə, mənzillərlə təmin edilməsidir: "Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq”.
Onu da əlavə edək ki, dövlət məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması üçün də ciddi addımlar atır. Keçən il məcburi köçkünlərə verilən müavinətin həcmi 50 faiz artıb. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir.
Bir sözlə, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır. Cənab Prezidentin açılış mərasimindəki çıxışı, məcburi köçkünlərə, qaçqınlara və xalqa olan müraciəti həm dövlət başçısının, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısının, diqqətinin təzahürüdür.
Bütün bunlar qaçqınların və məcburi köçkünlərin Azərbaycan Prezidentinin, Heydər Əliyev Fondunun daim xüsusi diqqət mərkəzində olduğunu aydın şəkildə nümayiş etdirir. Bu diqqət və qayğını daim öz üzərində hiss edən məcburi köçkünlər cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində tezliklə doğma yurda qayıdacaqları günün uzaqda olmadığına əmindirlər.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video