02 Iyun 2020 00:48
875
İQTİSADİYYAT
A- A+

Ölkənin bütün imkanları əhalinin sağlamlığının qorunmasına və sosial müdafiəsinin təminatına yönəlib


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST Mərkəzinin açılışında iştirak ediblər.

DOST Mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Burada əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Mərkəzin gün ərzində 500, il ərzində isə 150 mindən çox vətəndaşa xidmət göstərmək imkanı var.

Dövlətin apardığı siyasət liberal iqtisadiyyatın inkişaf yoludur. Lakin bu inkişafın hədəfi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Dövlət tərəfindən əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə qəbul etdiyi ardıcıl qərarlar da bunu sübut edir. Təkcə ötən il bu məqsədlə qəbul edilən iki sosial paketdən 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı faydalanıb.

Uğurla aparılan sosial siyasət davamlı xarakter daşıyır. Son 16 ildə bu istiqamətdə görülən işlərə nəzər yetirdikdə görürük ki, ölkənin iqtisadi imkanları artdıqca sosial sahəyə daha çox vəsait ayrılır. Başlıcası isə odur ki, bu vaxt sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlətin yaratdığı imkandan faydalanır. Məsələn, əvvəllər fərdi mənzillər və yaşayış binaları qaçqın və məcburi köçkünlər üçün tikilirdisə, indi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri də yeni evlərlə təmin olunurlar.

Məlum olduğu kimi, koronavirus pandemiyası dünya iqtisadiyyatına ciddi ziyan vurur. Bütün ölkələrdə iş yerləri bağlanır, işsizlik çoxalır. Nəticədə əhalinin sosial müdafiəyə olan ehtiyacı da artır. Dünya üzrə milyonlarla insan bu bəla üzündən ciddi sosial problemlərlə üzləşir. Sözsüz ki, dünyaya açıq olan Azərbaycanın iqtisadiyyatına da pandemiyanın mənfi təsiri var. Buna baxmayaraq, Prezident İlham Əliyev koronavirusun ölkə ərazisində yayıldığı ilk gündən bəyan etdi ki, bu çətin günlərdə dövlətin əsas məqsədi əhalinin sağlamlığını qorumaq və sosial müdafiəsini təşkil etməkdir.

Prezidentin bu bəyanatı sonrakı günlərdə əməli tədbirlərlə davam etdi. İşsiz vətəndaşların, aztəminatlı ailələrin, qeyri-formal məşğulluq fəaliyyəti göstərən insanların sosial müdafiəsini təmin etmək üçün 600 min nəfərə iki ay ərzində 190 manat vəsait ödənildi. Bu gün ölkədə 80 min ailəyə ünvanlı sosial yardım proqramı çərçivəsində orta hesabla hər ay 220 manat vəsait verilir. Eyni zamanda yeni iş yerləri açılır, özünüməşğulluq proqramlarından 12 mindən, ödənişli ictimai işlərdən 90 mindən çox insan faydalanır.

Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi səbəbindən dövlətin gəlirlərinin azalmasına baxmayaraq, Prezident İlham Əliyev bəyan etdi ki, heç bir sosial proqram ixtisar edilməyəcək. Cari ildə məcburi köçkünlər üçün salınan növbəti qəsəbənin açılışı da sübut etdi ki, dövlət başçısı vədinə sadiqdir. Bugünədək 7600 şəhid ailəsi dövlət tərəfindən fərdi ev və mənzillərlə təmin edilib. Cari ildə isə rekord həddə - 1500 şəhid ailəsi yeni ev və mənzillə təmin ediləcək.

İndi dünyada koronavirus pandemiyası bir qədər səngisə də, dövlət başçısı ölkənin səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirir. Hazırda hər cür şəraiti olan 20 xəstəxanada koronavirusa yoluxanlar müalicə olunur və bu sahədə heç bir problem yoxdur. Lakin Prezidentin ayırdığı vəsaitlə əlavə 10 modul xəstəxananın tikintisinə başlanıb. Artıq istifadəyə verilməsinə başlanmış həmin xəstəxanaların tikintisində məqsəd Azərbaycan vətəndaşlarının hər cür xəstəliklərdən daha etibarlı qorunmasını təmin etməkdir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video