02 Iyun 2020 00:37
586
CƏMİYYƏT
A- A+

Koronavirusla səmərəli mübarizə vətəndaş məsuliyyətinə bağlıdır



İri ticarət mərkəzlərində sanitar-epidemioloji qaydalara riayət olunması mütləqdir


Dünyanı sarsıdan COVID-19-a qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən nümunəvi ölkələr sırasında ölkəmizin adı öndə çəkilir. Azərbaycan xalqının sağlamlığını düşünərək virusun yayılmasının qarşısını almaq üçün dərhal qabaqlayıcı, çevik tədbirlər həyata keçirən azsaylı və ilk dövlətlərdəndir. Məhz vətəndaşlarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, koronavirusun yayılma sürətinin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimini növbəti dəfə uzatmaq qərarı verdi. Bununla belə, xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin daha bir qismi növbəti dəfə yumşaldıldı. Qərara əsasən ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall”ların fəaliyyətinə qoyulan qadağa aradan qaldırıldı. Beləliklə, iki aydan çoxdur bağlı qalan iri ticarət mərkəzləri və "Mall”lar (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları istisna olmaqla) iyunun 1-dən yenidən fəaliyyətə başladı. Ancaq, əlbəttə, yeni qaydalar əsasında...
Belə ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) müxtəlif ticarət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması, profilaktikası məqsədilə metodik vəsait hazırlayıb. Obyekt sahibləri, vətəndaşlar bu qaydalara mütləq şəkildə riayət etməlidirlər.


Davamlı dezinfeksiya tədbirləri vacibdir


Metodik vəsaitdə qeyd olunur ki, ticarət mərkəzlərinin daxilində tibbi maskadan istifadə məcburidir. Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir. Eyni zamanda bu məkanlarda xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personal müvafiq təlim keçməlidir.
Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə mərkəzə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır. Hərarəti yüksək olan və infeksiya simptomları olan şəxslər tibb məntəqəsində izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisəsinə göndərilməlidir.
Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.
Geyim satışı obyektlərində dəyişmə otaqlarında, kosmetika və ətriyyat satışı dükanlarında isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır. Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti müəssisələrində, eləcə də mobil cihazların, ehtiyat hissələrinin və aksesuarların satışı və təmiri mərkəzlərində müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya olunmalıdır.
Ticarət mərkəzlərində təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır. Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.
Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:
- giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
- qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- istehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər);
- çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);
- döşəmələr (xlor tərkibli məhlul və ya digər);
- soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);
- sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
- anbarlar (xlor tərkibli məhlul və ya digər);
- tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
- tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
- ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);
- kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).


İşçi heyətin şəxsi gigiyenası və müayinəsi


İşə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçi əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidir. İş zamanı özündə COVID-19-a spesifik olan əlamət hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir:
- xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;
- həmin işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.
Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır. Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır). Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır. Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir. Birdəfəlik maskalardan təkrar istifadə etmək olmaz. Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması zəruridir.
Sadalanan tövsiyələrə riayət etmək hər kəsin sağlamlığı naminə mütləq və zəruridir. Yalnız obyekt sahibləri, icarədarlar deyil, vətəndaşlar da bu qaydalara mütləq şəkildə riayət etməli, diqqətli və məsuliyyətli olmalıdırlar. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Azərbaycan dövləti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsəd güdür - vətəndaşları maksimum dərəcədə qorumaq. Lakin xəstəliklə mübarizədə müsbət nəticələrə nail olmaq üçün təkcə dövlət tərəfindən görülən işlər kifayət deyil. Həyata keçirilən tədbirlər vətəndaşların qoyulan qaydalara ciddi riayət etməsi ilə müsbət nəticə verə bilər. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və bu məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayət etməsindən birbaşa asılıdır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.
Bir də unutmayın ki, qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Xəyalə MURADLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video