02 Iyun 2020 00:37
836
CƏMİYYƏT
A- A+

Azərbaycanla birlikdə “AZƏRBAYCAN” bunu da yaşadı



Qəzetlər də insanlar, bir az da geniş anlamda götürsək, xalqlar kimidir. Aralarında bəxtlisi və bəxtsizi də var, şanslısı və şanssızı da. Hədsiz imkanlara malik müasir İKT (informasiya kommunikasiya texnologiyaları) dövründə kütləvi informasiya vasitələrinin (KİV) "ağsaqqal”ı sayılan qəzetlərin nəinki duruş gətirə, hətta bütün sivil ölkələrdə yerini və sanbalını qoruya bilməsi bu klassik "bir parça kağız”ın hələ faydasının tükənməməsindən, yəni bəxt və şansından xəbər verir. Yox, əgər bir qəzet ən müxtəlif səbəblərdən, məsələn, vaxtı ötmüş, dövrün tələbləri ilə ayaqlaşa bilməyən KİV kimi münasibətdən haradasa bağlanırsa, yaxud çox az tirajla çıxırsa, deməli, onun bəxti bağlanıb, şansı tükənib.
Bugünümüzdə qəzetin "kollektiv təbliğatçı, təşviqatçı və təşkilatçı” funksiyalarının icraatçısından daha çox sözün yaxşı və birbaşa mənasında xəbərçilik etməli olduğunu danmırıq. Xəbər tapıb yaymaqsa, bildiyimiz kimi, müasir dövrümüzdə bütün digər məqsədləri ilə yanaşı, eyni zamanda gəlir və biznes sahəsidir (Bu haşiyəyə ona görə çıxdıq ki, qəzetlərin bağlanması və ya az tirajla çıxması üzündən bəxtsizliyinin həm də biznes tərəfi olduğunu biz də bilirik. Amma bütün hallarda KİV-in, o sırada qəzetlərin ilkin vəzifəsinin bu və ya digər tərəfə ideoloji dəstək verməkdən çox pul qazanmaq olduğu hələ indiyəcən sübut edilməyib. İdeologiya isə siyasi, yəni hakimiyyət məsələsidir).
Amma hazırda oxuduğunuz "Azərbaycan” qəzetinin ötən əsrin 90-cı illərinin əvvəlinəcən yaşadığı bəxtsizlik tamam fərqlidir. Hamımızın qürur və öyünc mənbəyi sayılan, iki il əvvəl böyük coşqu ilə yaradılmasının bir əsrlik yubileyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) rəsmi mətbu orqanı olmuş bu qəzetin bəxti təmsil etdiyi dövlətin taleyi ilə üst-üstə düşür.
Gəncənin Bulatov küçəsindəki evdə müvəqqəti yerləşən redaksiya 1918-ci il sentyabrın 15-də həmin şəhərdəki Yelizavetpol quberniyasının mətbəəsində "Azərbaycan” adlı qəzetin ilk sayını buraxdı. Azərbaycan və rus dillərində, A-3 formatında, dörd səhifə həcmində çıxan qəzet "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan”ın səhifələri açıqdır” çağırışı ilə çıxmışdır. Özünü rəsmən dövlət qəzeti elan etmədən, amma AXC hökuməti başçısının təşəbbüsü və dəstəyi ilə nəşrə başlayan, dövlət tərəfindən maliyyələşən "Azərbaycan” o dövr həmin vəzifəni uğurla yerinə yetirmişdir.
Çünki məsuliyyəti böyük idi. Bu barədə redaksiyamızın hazırlayıb nəşr etdirdiyi "100 yaşlı "Azərbaycan” adlı kitabında yazılır: "Azərbaycan” bir millətin qürurverici tarixinə sadəcə yol yoldaşı olmayacaqdı. O, Azərbaycan Xalq Cümhuriyyətinin ən mötəbər tribunalarından birinə çevriləcəkdi. Səhifələrindən cümhuriyyət hökuməti öz vətəndaşlarına müraciətlərini ünvanlayacaq, dostlarına, düşmənlərinə mövqeyini nümayiş etdirəcəkdi. Belə müqəddəs vəzifəni daşımaq üçün yaradılan qəzetin ən münasib, ən doğru adı elə "Azərbaycan” idi”.
Bəlkə də buna, yaxud taleyin bəxt oyununa görə o dövrkü "Azərbaycan”ın ömrü məqsəd, məram və ideyalarını təbliğ etdiyi AXC-nin ömrü qədər oldu. Ana dilində 443, rus dilində 438 nömrəsi işıq üzü görmüş "Azərbaycan”ın sonuncu nömrəsi cümhuriyyət hökuməti ilə köçdüyü Bakıda 1920-ci il aprelin 27-28-də çıxmışdır. "Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə az qalırdı. Cəmi bir il qabaqkı kimi millətsevərlərin ölkəsi də, qəlbləri də bayram şadyanalığı ilə coşub çağlamayacaqdı. Milli Şura günahsız insanların qətllərinə yol verməmək üçün od-alovla, qan-qadayla gələn XI qırmızı orduya hakimiyyətin könüllü təhvil verilməsi barədə qərar qəbul etmişdi... Azərbaycanın dövlət müstəqilliyi ilə birlikdə "Azərbaycan” qəzetinin fəaliyyətinə də son qoyuldu” ("100 yaşlı "Azərbaycan” kitabından).
"Azərbaycan”ın o dövrkü redaktorlarının da taleləri cümhuriyyətin özündən az fərqlənmişdir. Qəzetin ilk redaktorlarından olmuş Ceyhun bəy Hacıbəyli AXC süqut edərkən Azərbaycan nümayəndə heyətinin üzvü kimi Parisdə keçirilən Versal Sülh Konfransında iştirak edirdi. Bolşeviklərin onu bağışlamayacaqlarını bilən Ceyhun bəy vətənə qayıtmır və ömrünün sonunacan qürbətdə yaşayır, özü də çətin durumda. Üzeyir bəyin Azərbaycandan göndərdiyi vəsait olmasaydı, necə yaşayacağı müşkül idi. Ceyhun bəydən sonra bir müddət "Azərbaycan”a rəhbərlik etmiş Üzeyir bəy Hacıbəylini isə kommunistlərin cəzasından onun musiqi dühası xilas etmişdir. Əvəzində qəzetin rus variantının redaktoru olmuş Şəfi bəy Rüstəmbəyli Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra əvvəl Tiflisə, sonra Türkiyəyə köçməyə məcbur olmuş və elə orada torpağa tapşırılmışdır. Qəzetin 49 nömrəsinə redaktorluq etmiş Xəlil İbrahimin də həyatı faciəli sonluqla bitmişdir. O, 1938-ci ildə "xalq düşməni” kimi güllələnmişdir, baxmayaraq ki, bütün dövrlərdə bütün xalqların onun kimi aydın şəxslərə ehtiyacı olur. Ümumiyyətlə, "Azərbaycan”ın adlarını çəkdiyimiz redaktorlarının və çəkmədiyimiz əməkdaşlarının hər biri hələ bundan sonra neçə illər təkcə milli mətbuatımızın yox, bütünlükdə Azərbaycan tarixində nümunə götürüləsi şəxsiyyətlər və ziyalılar kimi xatırlanacaqlar.
Və xatırlandıqca da ideyaları, əməlləri yaşayacaq, necə ki, bugünkü rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı olan "Azərbaycan” qəzetinin timsalında bunun təsdiqini görürük. Bəli, 1992-ci ildə "Azərbaycan”ın ilk bəxtsiz dövrü 72 ildən sonra artıq 28 ildir müntəzəm nəşr edilən, dövlətin və dövlətçiliyin ideoloji cəbhəsində öndə olan şərəfli, müasir dönəmlə əvəzlənmişdir.
Özlüyündə bu mərhələ də qəzetimiz üçün asan olmamışdır. Təkcə "Azərbaycan” öz sələflilik hüququnu bərpa edib rəsmi dövlət qəzeti statusunu alandan sonra gənc müstəqil ölkəmizdə baş verən ictimai-siyasi hadisələri, sosial-iqtisadi böhranları, mənəvi-psixoloji aşınmaları və nəhayət, vətəndaş müharibəsi reallığını, eləcə də dövlət çevrilişlərinə cəhdləri xatırlamaq kifayətdir ki, həmin dövrün mürəkkəb mənzərəsi bir daha gözümüz önündə canlansın. Canlansın ki, hətta belə bir çətin dövrdə də "Azərbaycan”ın sələfi kimi dövlətçilik prinsipinə sadiq qaldığı və güclü ideoloji vasitə kimi hər zaman dövlətin yanında olduğu bir daha təsdiqlənsin.
Heydər Əliyev 1994-cü il dekabrın 6-da "Azərbaycan” qəzetinin 1000-ci nömrəsinin çapdan çıxması münasibətilə redaksiyanın kollektivinə ünvanladığı təbrik məktubunda yazırdı: "Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini bərpa etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai həyatda layiqli yerini tutdu. Müstəqilliyimizə düşmən kəsilmiş daxili və xarici qüvvələr öz çirkin məqsədlərinə çatmaq üçün bu gün də azğın niyyətlərindən əl çəkmirlər. Məlum oktyabr hadisələri onların mürtəce təbiətini bir daha aşkarladı. Amma Azərbaycan xalqı yekdilliklə ayağa qalxaraq öz qanuni Prezidentini, müstəqil dövlətçiliyini müdafiə etdi. Fərəhli haldır ki, həmin həlledici məqamda "Azərbaycan” qəzeti öz sayıqlığını bir an belə itirmədi”.
Yəqin ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə mövcud olmuş mürəkkəb vəziyyətdə qəzetimizin fəaliyyətinə və tutduğu mövqeyə bundan yüksək qiymət vermək mümkün deyil! Ümumiyyətlə, "Azərbaycan” ölkədə yeganə qəzetdir ki, onun fəaliyyətinə üç dəfə Prezident səviyyəsində məxsusi məktub vasitəsilə qiymət verilmişdir. Bu, böyük etimaddır və o, bizi təkcə şərəfləndirmir, həm də üzərimizə daha məsul vəzifələr qoyur.
Həmin vəzifələrin necə icra olunması isə indi yaşadığımız pandemiya dövründə daha qabarıq üzə çıxır. Bəli, artıq beşinci aydır bütün dünyanı çənginə almış koronavirus ölkəmizin də normal həyat ritmini pozdu. Martın 24-dən tətbiqinə başlanmış sərt karantin tədbirləri əhalinin həm yaşam tərzinə, həm də iş-gücünə təsirsiz ötüşmədi. Tədbirlər mərhələ ilə yumşaldılanadək ölkə sakinlərinə tələb olmadıqda evdən çıxmamaq əvvəl tövsiyə, sonra qadağan edildi, bir sıra vacib müəssisə və təşkilatlardan savayı qalan bütün təsərrüfat subyektlərinin fəaliyyəti müvəqqəti dayandırıldı.
Amma belə bir vaxtda da qəzetimizin nəşri davam etdi. Çünki pandemiya ilə bağlı dövlətin gördüyü tədbirləri, ölkədəki vəziyyəti xalqa çatdırmaq, əhalini virusdan qorumaq üçün maarifləndirmək lazım idi. Eyni zamanda redaksiyanın əməkdaşlarının sağlamlıqlarını da riskə atmaq olmazdı. O üzdən biz internetin imkanlarından istifadə etməklə evdən işləməyə qərar verdik və maksimum çalışdıq ki, oxucularımız bunu hiss etməsinlər.
Bunun üçün baş redaktorun rəhbərliyi ilə redaksiyamızda xüsusi iş rejimi quruldu. Adətən hər gün səhər saatlarında baş redaktorun yanında aparılan planlaşdırma indi baş redaktorun birinci müavini, məsul katib və şöbə redaktorlarının iştirakı ilə telefonla həyata keçirilirdi. Baş redaktor tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müxbirlərin hazırladığı yazılar elektron poçt vasitəsilə şöbə redaktorlarına ötürülürdü. Şöbə redaktorları lazımi redaktələrdən sonra materialları yenə də elektron poçt vasitəsilə korrektorlara, onlar isə öz vəzifələrini icra edərək redaksiyada iş başında olan katibliyə göndərirdi. Bundan sonra materiallar katiblikdə səhifələnərək PDF formatında baş redaktora təqdim olunurdu. Baş redaktorun müəyyən tövsiyə və tapşırıqları əsasında edilən düzəlişlərdən sonra qəzet çapa göndərilirdi.
Həmin dövr redaksiya regionlarla da əlaqəsini üzmədi. Bölgə müxbirlərimiz imkanlarında olan vasitələrlə ölkənin əksər rayon və şəhərləri ilə əlaqələr quraraq redaksiyanı lazımi materiallarla təmin edirdilər.
Etiraf edək ki, ölkədə sərt karantin tədbirlərinin hökm sürməsinə, o cümlədən çoxsaylı müəssisə və təşkilatların işləməməsinə, təhsil ocaqlarının, ticarət və xidmət obyektlərinin bağlanmasına baxmayaraq, qəzetimiz mövzu sarıdan korluq çəkməmişdir. Bununsa əsas səbəbi pandemiya dövründə Prezident İlham Əliyevin daha intensiv fəaliyyət göstərməsi və həmin səbəbdən əməkdaşlarımızın üzərinə çoxsaylı vəzifələrin düşməsi idi. Dövlət başçısının keçirdiyi beynəlxalq səviyyəli videokonfransları, davam etdirdiyi struktur və kadr islahatlarını, karantin tədbirlərindən ziyan çəkən əhalinin, xüsusən özəl sektorda çalışanların sosial müdafiəsinin gücləndirilməsi üçün atdığı addımları, imzaladığı sərəncamları, müxtəlif təyinatlı mühüm obyektlərin açılışında iştirakını və bu zaman çıxışlarında verdiyi bəyanatları şərh və təbliğ etmək həmin günlər qəzetimizin ən çox diqqət yetirdiyi mövzular olmuşdur. Bununla yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar çərçivəsində əhalinin maarifləndirilməsi də unudulmurdı.
İndi budur, Operativ Qərargahın növbəti yumşaldılma tədbirlərindən sonra biz işimizə - əvvəlki kimi redaksiyamızın ofisinə qayıtmışıq, baxmayaraq ki, ölkəmizdə, bütün dünyada olduğu kimi, karantin tədbirləri davam edir. Bu səbəbdən əməkdaşlarımızın sağlamlıqlarının qorunmasının təmin olunması üçün redaksiyada bütün tədbirlər tələb edilən səviyyədə həyata keçirilir.
Doğrusu, yatsaq yuxumuza da girməzdi ki, vaxt gələcək, biz qəzeti məcburiyyət üzündən işə - redaksiyaya gəlmədən çıxaracağıq. Amma, necə deyərlər, ağlımıza gəlməyən başımıza gəldi və "Azərbaycan” bunu da yaşadı. Həm də təkcə yaşamadı, pandemiyanın sərt sınağından üzüağ çıxdı.
Bununla belə, kim nə deyir desin, müasir İKT nəyə imkan verir versin, jurnalist evin yox, redaksiyanın divarları arasında, məişət qayğılarının deyil, hadisələrin içində, doğmalarından daha çox əhalinin yanında olmalıdır. Əks halda KİV, o cümlədən qəzet o deyil, dünyanın ən qabaqcıl İKT-sindən istifadə edilsə belə. Odur ki, koronavirusun tezliklə ölkəmizdən çəkilib gedəcəyi, qalan karantin tədbirlərinin də ləğv olunacağı, tam normal həyata dönəcəyimiz günü səbirsizliklə gözləyirik.
Bəli, "Azərbaycan” belə bir çətin dövrü yaşadı və bu tarixi də öz səhifələrində tarixə həkk etdi!

Raqif MƏMMƏDLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video