02 Iyun 2020 00:36
6602
Mədəniyyət
A- A+

Qədim türk inancları



Qədim türk inanc sistemi ilə bağlı tarixi qaynaqlarda ümumilikdə 3 əsas istiqamət müəyyənləşdirilmişdir. Bunlar Göy Tanrı inancı və ya Tenqriçilik, təbiət inancı və "atalar” inancından ibarətdir. Bəzi tarixçilər qədim türk inanclarını Şamanizmin bir qolu hesab edir, eləcə də Totemizmlə əlaqələndirirlər. Ancaq adıçəkilən inanclar türklərin yaşadığı ərazilərə digər bölgələrdən gəldiyi üçün bu inanclar birbaşa qədim türk inancı hesab edilmir.
Göy Tanrı inancı və ya Tenqriçilik - Qədim türklərin əsas inancı Göy Tanrı (Tenqri) idi. Qədim dövrdə təkcə türklərdə müşahidə edilən bu inanca görə Tenqri ən uca varlıq və yaradan olaraq qəbul edilirdi. Qədim türk inancında Göy Tanrı dedikdə göy üzü nəzərdə tutulmur, göyün də bir yaradanı olduğuna inanılırdı. Bununla yanaşı, Göy Tanrı inancında günəş, ay, ulduzlar, ildırım və bu kimi təbiət ünsürləri müqəddəs hesab edilirdi. Göy Tanrı inancı bəzi tarixi qaynaqlarda çoxtanrılı inanc kimi qəbul edilsə də, ən üstün tanrı tək idi və o da Tenqri idi. Digər müqəddəs varlıqlar isə Göy Tanrının köməkçiləri qismində çıxış edirdilər.
Göy Tanrı qədim türklərin inancına görə hər şeyə müdaxilə etmirdi. Hər şeyi kənardan izləyir, ancaq türklər dara düşdüklərində və digər müqəddəs varlıqların gücündə olmayan çətinliklərlə qarşılaşdıqlarında ona söykənilirdi. Maraqlı məqamlardan biri də ondan ibarət idi ki, qədim türklər hər hansı istəkləri üçün Göy Tanrıya qurban kəsmir, daha çox müqəddəs köməkçi varlıqlara yönəlirdilər. Qədim türklərin Göy Tanrıya olan etiqadı çox güclü idi. Onlar başlarına gələn hər şeyin səbəbkarının məhz Göy Tanrı olduğuna inanırdılar. Döyüşlərdə əldə etdikləri qələbələri və məğlubiyyətləri də bununla əlaqələndirir, məğlub olduqda onun qəzəbləndiyinə, qalib gəldikdə isə sevindiyinə etiqad bəsləyirdilər.
Qədim türklərdə dövlət idarəçiliyi də Göy Tanrı ilə bağlı idi. Onlar seçilmiş xaqanın Göy Tanrının nəsib etməsi ilə seçilə biləcəyini qəbul edirdilər. Göy Tanrı inancının spesifik xüsusiyyətlərindən biri də Tenqrinin hər hansı təsvirinin qadağan edilməsi ilə bağlı idi. Onlar Göy Tanrının mücərrəd və fövqəladə bir formada olduğuna inanırdılar. Tarixi mənbələrdə qədim türk din xadimlərinə "qam” adı verilmişdir.
Təbiət inancı - Qədim türklərdə təbiət ünsürləri müqəddəs hesab edilir və Göy Tanrının köməkçiləri kimi qəbul edilirdilər. Türklər Günəş, Ay, ulduzlarla yanaşı, dağ və təpələri, dəniz, çay və bulaqları, mağaraları, meşələri, dəmiri və qılıncı da müqəddəs hesab edir, bəzən onlar üçün qurban kəsirdilər. Qədim türklərdə dağın və təpənin inanc dəyəri çox yüksək idi. Yüksəklik rəmzi kimi qəbul edilən bu təbiət ünsürlərinin ruhunun olduğuna da inanılırdı.
Qədim türklərdə Yer-Su ruhlarına da inanc var idi. Yer-Su torpaq ana Ötügənə bağlı idi və onlara hörmət vacib hesab edilirdi. Meşəyə girildiyində sakitliyə riayət etmək, meşəyə zərər vurmamaq şərt idi. Meşədən nəsə götürülərdisə, bu, təbiət ruhlarının icazəsi ilə olmalı idi. Meşələrlə bağlı qədim türklərdə inanc mövcud idi. Meşələrdə ov etdikləri üçün türklər meşəni müqəddəs hesab edir və onlara qida bəxş etdiyini düşünürdülər. Meşə ilə yanaşı, qədim türklər ağacı da müqəddəslik simvolu olaraq qəbul edirdilər. Kökü yerin dərinliklərinə, gövdəsi və budaqları isə göylərə yüksələn ağacın həyat ilə ölüm mənasını daşıdığını qeyd edirdilər.
Qədim türk inanclarında bozqurd da müqəddəslik rəmzi idi. Bozqurd milli düşüncə və duyğuları simvolizə edirdi. Bozqurdun müqəddəs simvol (totem) olaraq seçilməsinin əsas səbəbləri tabeçilik qəbul etməyərək əhliləşdirilməməsi, ağıllı, çevik və vüqarlı olması ilə bağlıdır. Bozqurdla yanaşı qədim türklərdə at da müqəddəs idi. Türklər uşaqlıqdan etibarən atda gəzər, onunla böyüyər, hətta öldükdə məzara belə birlikdə basdırılardılar. Təsadüfi deyil ki, qədim türk dastanlarında qəhrəmanların adı atları ilə birlikdə çəkilərdi. Türk dastanlarında Tulpar adı ilə tanınan qanadlı atdan tez-tez bəhs edilir. Bəzi qaynaqlarda türklərdə alovun da müqəddəs hesab edildiyi və inanc simvolu olduğu deyilir. Alovun su ilə birgə ruhu təmizləməsinin ona müqəddəslik qazandırdığı qeyd edilir.
Tarixi araşdırmalar göstərir ki, ümumilikdə təbiət qədim türklərdə bütünlüklə müqəddəs xüsusiyyətlərə malik bir anlayış olmuş və onların inanc sistemində mühüm əhəmiyyət kəsb etmişdir.
"Atalar” inancı - Qədim türklərin inanc sisteminin əsas istinad nöqtələrindən biri də ölmüş soykökünə, yəni atalara olan hörmət və ehtiramdır. Türk inancında ata həmin nəslin və ya qəbilənin nüfuzlu şəxsi və lideri, döyüşçülər və din xadimləri hesab edilir. Bu inanca görə ataların ruhu onlar öldükdən sonra da yaşamaqdadır. Məhz bu səbəbdən ataların məzarına böyük önəm verilmişdir. Atalar inancında onlara qurbanlar kəsilər, dualar edilərdi. Hətta ataların adına xüsusi mərasimlər və bayramlar təşkil edilərdi. Atalar eyni zamanda ictimai və dini hökmlərin banisi hesab edilir, adət-ənənələrin qoruyucusu olaraq qəbul edilirdi. Atalar inancı türk xalqları arasında ən qədim inanc növlərindən biri hesab edilir.
Qədim türk inanclarında qeyd edildiyi kimi, fərqli yanaşmalar mövcud olmuşdur. Tarixin müxtəlif dövrlərində qədim türklərdə totemizm (insanla heyvanlar və ya bitkilər arasında metafizik bir əlaqənin olduğunu qəbul edən düşüncə və davranış sistemidir), animizm (ölənlərin ruhlarının əbədi olaraq dünyada qaldığı və dünyanı gəzərək "canlılıq” gətirdiyinə inanan inanc sistemidir) və xüsusilə şamanizm (təbiətə hökm edən güclərə tapınmanı ehtiva edən və sehirlə əlaqəli inanc sistemidir) inancı mövcud olmuşdur.
Şamanizm sadəcə qədim türklərdə deyil, eləcə də Çin, Hindistan, Malayziyada da geniş yayılmış bir inanc sistemi idi. Şamanların əsas missiyası insanlarla təbiətdəki ruhlar arasında əlaqəni təmin etməkdən ibarət idi. Bir çox tarixçilərin fikrincə, qədim türklərdə şamanizmin bir çox elementləri müşahidə edilsə də, onların tamamilə bu inanc sisteminə sahib olduğunu demək mümkün deyil.

Ceyhun ƏLİYEV,
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video