02 Iyun 2020 00:31
1219
Mədəniyyət
A- A+

Ədibin həyatının ən az öyrənilmiş üç ili...



Azərbaycan ədəbi-bədii, elmi-pedaqoji, ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev yazıçı, dramaturq, tərcüməçi, publisist kimi olduqca zəngin bir irs qoyub getmiş, bir müddət aktiv ictimai-siyasi fəaliyyət göstərmiş, diplomatik işdə çalışmış, universitetdə ədəbiyyat tariximizdən mühazirələr oxumuşdur. Doğrudur, ömrünün axırlarına yaxın o da silahdaşı Mirzə Cəlil kimi, Azərbaycanda "yuxarı dairələr”də müəyyən mənada unudulmuş, etinasızlıqlarla üzləşmiş, özünə ögey münasibətdən incikliyini məktublarında dönə-dönə qeyd etmişdir, lakin müasirləri, dövrünün tanınmış şəxsiyyətləri onun çoxşaxəli fəaliyyətini hələ sağlığında ikən yüksək dəyərləndirmişlər.
Akademik Kraçkovski, akademik Bartold, Leninqrad Şərq Dilləri İnstitutunun rektoru Vorobyov və onlarla başqaları ədəbi fəaliyyətinin 35 illiyi münasibətilə 1927-ci ildə yazıçıya göndərdikləri məktub və teleqramlarda ona məhz böyük yazıçı və alim kimi müraciət etmişlər.
Ə.Haqverdiyevin ədəbiyyat, mədəniyyət və mətbuat tariximizdəki rolu və yeri barədə görkəmli tədqiqatçılar Ə.Şərif, M.Cəlal, C.Xəndan, Ə.Sultanlı, C.Cəfərov, A.Zamanov, Y.Qarayev, K.Məmmədov, M.Məmmədov, Q.Kazımov, H.İsrafilov, C.Hacıyev, D.Hacıyev, Ə.Saraclı, T.Mütəllimov və başqaları dissertasiya, monoqrafiya və dəyərli məqalələr yazmışlar. Lakin qeyd edək ki, uzun illər boyu obyektiv və subyektiv səbəblərdən Ə.Haqverdiyevin ömür yolunun bəzi məqamlarının üstündən ya sükutla keçilmiş, ya ötəri bəhs olunmuş, ya da ədibin müasirlərinə, dostlarına yazdığı məktublarında, məqalələrində və xatirələrində müəllifin özünə aid epizodik məlumatlar olduğu kimi verilməklə kifayətlənilmişdir. Halbuki yazıçının özünün 1927-ci ildə yazıb Tiflisə, "Yeni fikir” qəzetinə, şəxsən Əziz Şərifə göndərdiyi "Müxtəsər tərcümeyi-halım” və 1933-cü ildə qələmə aldığı, sonralar seçilmiş əsərlərinə salınan "Tərcümeyi-halım” avtobioqrafiyası araşdırıcılara ipucu verir ki, yazıçının yalnız bir və ya bir neçə cümlə ilə kifayətləndiyi tarixçələr, faktlar daha geniş araşdırılsın, şərh olunsun.
Təhlillər göstərir ki, yazıçının tərcümeyi-halının Gürcüstanla bağlı 1916-cı ilin axırları - 1919-cu ilin fevralınadək olan dövrünün yenidən, dolğun şəkildə araşdırılmasına ciddi ehtiyac duyulur. Bunun zəruriliyini yazıçının həyat və yaradıcılığının tədqiqi ilə məşğul olan tədqiqatçılarımızın bəziləri də xüsusi vurğulamışlar. Professor Məmməd Məmmədov ötən əsrin səksəninci illərində qələmə aldığı, lakin ciddi araşdırıcı məsuliyyəti ilə çapına tələsmədiyi "Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı” monoqrafiyasında yazıçının ömür yolunun, ədəbi irsinin öyrənilməsi sahəsində tədqiqatlar aparmış alimlərimizin zəhmətini qədirbilənliklə vurğulamaqla yanaşı, "indiyə qədər Ə.Haqverdiyevin mükəmməl elmi tərcümeyi-halı yazılmamışdır” qənaətinə təsadüfən gəlməmişdi, əslində, bu sahədəki boşluqların hökmən doldurulması zərurətini irəli sürmüşdü.
Yazıçının sağlığında dərc olunmuş ilk tərcümeyi-halın müəllifi aralarında böyük yaş fərqi olmasına baxmayaraq, onunla uzun illər dostluq etmiş görkəmli tədqiqatçı, professor Əziz Şərifdir. Bugünkü ədəbiyyatşünaslar nəsli Əziz Şərifə minnətdar olmalıdırlar ki, ədəbiyyatımızın bir neçə başqa korifeyi kimi, Ə.Haqverdiyevin də həyatı və fəaliyyəti ilə bağlı olduqca qiymətli tədqiqatlar aparmış, onun məktublarını qorumuş, çap etdirmiş, xatirələrini qələmə almaqla araşdırıcıların ixtiyarına zəngin materiallar vermişdir. 1927-ci il fevralın 4-də Tiflisdə Rustaveli teatrında yazıçının ədəbi fəaliyyətinin 35 illik təntənəli yubileyinin təşkilinin ağırlığını da xüsusi komissiyanın yaradılmasına baxmayaraq, dövrünün tanınmış ziyalısı, "Yeni fikir” qəzetinin redaktoru Rzaqulu Nəcəfov (şair Əliqulu Qəmküsarın qardaşı - Ş.Ş.) və Əziz Şərif çəkmişlər. Ə.Haqverdiyevin məktublarından da görürük ki, ədib onların bu xidmətini heç zaman unutmamış, bənzərsiz bir yubiley gecəsinin baş tutmasında onların zəhmətini dönə-dönə xatırlamışdır. Məhz yubiley ərəfəsində Ə.Haqverdiyev özünün "Müxtəsər tərcümeyi-halım”ı yazaraq "Yeni fikir” qəzetində çalışan Əziz Şərifə göndərmişdir. Əziz Şərif Ə.Haqverdiyevin qeydlərini əsas götürərək, yubiley günündə "Yeni fikir” qəzetinin 1927-ci il 4 fevral tarixli sayında "Ə.Haqverdiyevin tərcümeyi-halı” adlı yazısını dərc etdirmişdir.
Əbdürrəhim bəyin ilk professional bioqrafı kimi Əziz Şərif yazıçının əlimizdəki arxivinin çox da zəngin olmadığını təəssüf hissi ilə qeyd etmişdir: "Öz dilindən eşitdiyimə görə, onun bir çox əlyazmaları və ədəbi materialları 1916-cı ildə Ağdamdan köçəndən sonra arada itib-batmışdı. Ədibimizin Mirzə Fətəli Axundzadə kimi daimi məskəni yox idi. Müxtəlif vaxtlarda o, Peterburq, Bakı, Şuşa, Ağdam, Tiflis şəhərlərində yaşamağa və çalışmağa məcbur olmuşdu. Ancaq həyatının son illərini köçüb Bakıda qalmışdı. Bu köçəri həyat nəticəsidir ki, Əbdürrəhim bəy öz yazıları və materiallarını səliqə ilə saxlaya bilməmişdi. Buna görə də, mən biləsi, əlimizdə olan arxiv onun son on üç illik həyat və yaradıcılığını əhatə edir...” Maraqlıdır, ədib Ağdamdan köçəndən sonra arada itib-batan "bir çox əlyazmalar və ədəbi materiallar” nələrdən ibarət olmuşdur? Yazıçı Əziz Şərifə də konkret heç bir şey söyləməmişdir. 1916-1919-cu illərdə - Gürcüstanda olduğu dövrdə isə Ə.Haqverdiyev bədii yaradıcılıqla çox nadir hallarda məşğul olmuşdur. Təxminən həmin illəri nəzərdə tutan Ə.Şərif yazırdı: "Bu zaman Əbdürrəhim bəy ədəbiyyatdan bir növ uzaqlaşmışdı və heç nə yazmırdısa da, ictimai-mədəni işlərdə olduqca fəal iştirak edirdi”. Tədqiqatçı M.Məmmədov ədibin həmin illərdə ədəbi yaradıcılıqdan qismən, ədəbiyyatşünas Ə.Saraclı isə tamamilə uzaqlaşdığını yazmış, onlar Haqverdiyevin əsasən ictimai-siyasi, diplomatik işlərlə məşğul olduğunu vurğulamışlar. Ədəbiyyatşünas alimlər bu qənaətə gəlməkdə ona görə haqlıdırlar ki, həmin illərdə Əbdürrəhim bəyin yalnız üç hekayə yazıb çap etdirdiyi məlumdur: "Həmşəri pasportu”, "Röya” və "Mirzə Səfər”. Deməli, "itib-batan ədəbi materiallar” deyiləndə yazıçının 1916-1919-cu illərdə qələmə aldıqlarından söhbət belə gedə bilməz. Bəlkə də ehtimal etmək olar ki, "itib-batan”lar yazıçının hələ Ağdamda olarkən qələmə aldığı, lakin çapa vermədiyi əlyazmalardır.
Ə.Haqverdiyevin 1916-1919-cu illərdə Gürcüstandakı fəaliyyəti ilə bağlı əldə detallarına qədər məlumatların olduğunu söyləmək də düzgün olmazdı. Yazıçı özünün tərcümeyi-hallarında bəlkə də fəaliyyətinin ən zəngin, çoxspektrli həmin illərindən olduqca "xəsisliklə” bəhs etmiş, cəmi 9-10 cümlə ilə kifayətlənmişdir. Zənnimizcə, bu da təsadüfi deyildir. Yazıçı öz tərcümeyi-hallarını Sovet hakimiyyəti illərində qələmə aldığından ola bilsin ki, olduqca mürəkkəb 1916-1919-cu illərdəki həyat və fəaliyyətindən təfərrüatı ilə bəhs etməyi məhz siyasi baxımdan lazım bilməmişdir. Yazıçının əldə olan arxivinin əsasən həyatının yalnız son on üç ilini (1920-1933) əhatə etməsi də bir qədər düşündürücüdür. Bəlkə də Haqverdiyev 1920-ci il aprel çevrilişindən əvvəlki illərlə bağlı bəzi əlyazmalarının, məktublarının, sənədlərinin saxlanılması qayğısına bilərəkdən qalmamışdır. Bu ehtimalı Haqverdiyevin qeydlərindəki bəzi nüanslar da qüvvətləndirir. Məsələn, "Tərcümeyi-halım”da Cümhuriyyət dövründə Ermənistandakı diplomatik işindən geri çağırılmasını özünün "xətti-hərəkətinin” "hökumətin xətti-hərəkətinə” zidd gəlməsi ilə bağlamasını da təsadüfi hesab etmirik. Bunu yazıçının siyasi senzuradan yayınmaq istəyi ilə əlaqələndirmək daha doğru olardı.
Ədibin tərcümeyi-halı ilə bağlı mövcud bilgilərin zənginləşdirilməsi üçün əsasən həyat və fəaliyyətinin 1916-1919-cu illəri əhatə edən dövrlərini daha geniş araşdırmaq lazımdır: Şəhərlər İttifaqının Qafqaz şöbəsindəki işini; Borçalı qəzasında komissarlıq fəaliyyətini; Gürcüstan Demokratik Respublikası parlamentində təmsilçiliyini; Dağıstanda və Ermənistanda Azərbaycanın diplomatik nümayəndəsi kimi çalışmalarını.
Ə.Haqverdiyev Şəhərlər İttifaqının Qafqaz şöbəsində cəmi üç ay və yaxud bir qədər çox işləmişdir. Yazıçının qeydlərindən görünür ki, 1916-cı ilin axırlarında həmin qurumda işə başlamış, 1917-ci il fevral inqilabından sonra işindən ayrılmışdır. Haqverdiyevin yazdığına görə, qurumun "Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini” ona həvalə etmişlər. Söhbət hansı ad altında çıxan jurnaldan gedir? Ədibin özü bu barədə heç nə yazmamışdır. Ə.Haqverdiyevin həyat salnaməsinə çox yaxından bələd olan Əziz Şərif də, görünür, konkret bilgiyə malik deyildir. Çünki tədqiqatçı Ə.Haqverdiyevlə bağlı xatirəsində açıqca yazır ki, o, Əbdürrəhim bəy Ağdamdan Tiflisə köçüb gəlməzdən bir qədər əvvəl, 1915-ci ildə Moskvada ali məktəbdə oxuyurmuş, 1917-ci ilin yayından 1918-ci ilin yanvarınadək isə Naxçıvanda olmuş, Tiflisə yalnız 1918-ci ilin yanvarında qayıtmışdır. Ona görə də Ə.Şərifin Haqverdiyevin Şəhərlər İttifaqı Qafqaz şöbəsinin jurnalında fəaliyyəti ilə bağlı ətraflı məlumata malik olmaması tamamilə təbiidir. "XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabında isə ədibin "Şəhərlər ittifaqının Qafqaz şöbəsi əxbarı” adlı məcmuəyə müdirlik etdiyi göstərilmişdir. Professor Əflatun Saraclı isə ədibin adıçəkilən qurumun "Xəbərlər” adlı rus dilində çıxan aylıq topluya müdirlik etdiyini yazmışdır. Tədqiqatçı K.Məmmədov sözügedən mətbuat orqanının "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” olduğunu qeyd etmişdir. Prinsipcə, hər üç mənbədə jurnalın (yaxud məcmuənin, toplunun) adı təxminən eyni cür göstərilmişdir.
Ə.Haqverdiyev 1927-ci ildə qələmə aldığı "Müxtəsər tərcümeyi-halım”da "Molla Nəsrəddin”, "Zənbur”, "Həyat”, "Təzə həyat”, "İrşad”, "Yeni irşad”, "Tərəqqi”, "Açıq söz” kimi qəzet və jurnallarda çalışdığını qeyd etmiş, lakin Şəhərlər İttifaqı Qafqaz şöbəsindəki redaktorluğundan ətraflı bəhs etməmiş, rəhbərlik etdiyi jurnalın adını da çəkməmişdir. Bu, bir neçə səbəblə bağlı ola bilər. Əvvəla, Şəhərlər İttifaqının Qafqaz şöbəsindəki fəaliyyəti uzun sürmədiyindən, təxminən üç ay çəkdiyindən Ə.Haqverdiyev bu barədə ətraflı danışmağı bəlkə də lüzumsuz saymışdır. Digər bir səbəb isə, görünür, yenə siyasi motivlərlə bağlı olmuşdur.
1916-1919-cu illərdə Gürcüstanda yaşadığı dövrlərdə Ə.Haqverdiyevin imzasına "Molla Nəsrəddin”, "Qardaş köməyi”, "Tartan-partan”da və rusca çıxan "Qruziya” qəzetində rast gəlirik. Əbdürrəhim bəy bu zaman öz fəaliyyətini əsasən siyasi əqidə çərçivəsində məhdudlaşdırmaqdan uzaq olmuş, mənsub olduğu xalqın üzləşdiyi çoxçeşidli problemlərin həllinə əsl vətəndaşlıq yanğısı ilə qoşulmuşdur. Ümumiyyətlə, uzun illər boyu müxtəlif mətbuat orqanlarında ayrı-ayrı siyasi baxışlara malik şəxslərlə çiyin-çiyinə işlədiyi zamanlarda da ədib öz fəaliyyətini milli problemlərin həllinə yönəlmiş çalışmalarla uzlaşdırmağı bacarmış, bu məqamda hər cür siyasi əqidə məsələsinin fövqündə olduğunu göstərmişdir. M.Ə.Rəsulzadə, Ə.Qarayev və onlarla başqalarının timsalında bir-birinə tamamilə zidd siyasi cəbhələrdə olan şəxslərlə birgə çalışmaları onu göstərir ki, əslində, Ə.Haqverdiyevin ən böyük amalı harada olursa-olsun xalqına xidmət etmək, onu mədəni millətlər sırasında görmək idi. Təsadüfi deyil ki, biz onu "Molla Nəsrəddin”də Mirzə Cəlil, "Həyat”, "İrşad” və "Tərəqqi”də Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə, "Tazə həyat”da Haşım bəy Vəzirov, "Açıq söz”də M.Ə.Rəsulzadə, "Tartan-partan”da Əliheydər Qarayevlə birgə görürük...
Ə.Haqverdiyevin özünün qələmə aldığı tərcümeyi-hallardan və ədibin bioqraflarının qeydlərindən də göründüyü kimi, görkəmli yazıçı tanınmış ictimai xadim olaraq 1917-ci il fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsi və onun Mərkəzi Şurasının üzvü seçilmişdir. Ə.Haqverdiyev Tiflisdə Tamadovun sədrliyi ilə təzəcə fəaliyyətə başlayan 115 nəfərlik Müsəlman Komitəsi və onun idarə heyətinin üzvü idi. "Açıq söz” qəzeti yazırdı: "Tiflisdə Tamadov sədarəti altında 115 əzadan ibarət müsəlman komitəsi təşkil edilmişdir. Komitə müsəlmanlarla məskun olan yerlərdən hədsiz teleqramlar alır. Teleqramlarda indiki hadisədən dolayı müsəlmanların şadlığı bəyan edilir...” Komitənin heyət üzvləri arasında Ə.Haqverdiyevlə yanaşı, H.Minasazov, M.Abaşidze, E.Sultanov və bir çox başqa müsəlman ziyalılar var idi. Həmin ilin mart ayında isə Ə.Haqverdiyev Borçalı qəzasında yerli idarə məclisinin komissarı vəzifəsini icra etmək üçün Şulaver qəsəbəsinə getmişdir. Ədib Şulaverdə Gürcüstan Demokratik Respublikası elan olunana qədər işləmişdir.
Ə.Haqverdiyevin Gürcüstan Milli Şurasının - parlamentinin üzvü seçilməsi ilə ictimai-siyasi fəaliyyətinin ən parlaq dövrü başlanmışdır. O, 1918-ci il sentyabrın 29-dan 1918-ci il yanvarın 31-dək - parlamentin fəaliyyətinin dayandırılması və Müəssisələr Məclisinin yaradılmasınadək deputat kimi olduqca səmərəli fəaliyyət göstərmişdir. Qeyd edək ki, Gürcüstanın müstəqilliyinin elan olunmasından sonra Ə.Haqverdiyev Borçalıdan Tiflisə gəlmiş və paytaxtda azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin edilmiş, bu vəzifədə çalışarkən Gürcüstan Müsəlmanları Milli Şurası tərəfindən qurumun sədri Əliheydər Qarayev, Tiflis şəhər 2-ci Xarpux Azərbaycan ibtidai məktəbinin müəllimi Mirzə Hüseyn Həsənzadə və o dövrdə şəhərin ictimai-siyasi-mədəni həyatında fəal rol oynayan gənc Əziz Şəriflə birlikdə parlamentə üzv göndərilmişdir. Əbdürrəhim bəy M.Həsənzadə ilə birlikdə parlamentdə gürcü deputatlar - L.Natadze, N.Sinsadze, T.Kiknadze və N.Çiqoqidzenin daxil olduğu maarif komissiyasının tərkibində fəaliyyət göstərmişdir. Ə.Haqverdiyev deputat kimi ölkə konstitusiyasının verdiyi imkanlardan istifadə edərək gürcüstanlı soydaşlarının ana dilində təhsil alması, bu sahədəki mövcud problemlərin aradan qaldırılması, məktəblər şəbəkəsinin genişləndirilməsi, bütövlükdə milli mədəniyyətin qorunması, inkişafı üçün yorulmadan çalışmışdır. Tanınmış tədqiqatçı Gülnara Qoca-Məmmədova arxiv sənədlərinə istinad edərək Gürcüstan Demokratik Respublikası parlamentində türk deputatların, o cümlədən Ə.Haqverdiyevin milli-mədəni, xüsusən də maarifin inkişaf etdirilməsi sahəsindəki çalışmalarına dair maraqlı faktlar üzə çıxarmışdır. Məsələn, parlamentin maarif komissiyasının 1918-ci il 18 dekabr tarixli iclasında Ə.Haqverdiyev ölkə ərazisində toplam 15 müsəlman məktəbi olduğunu, onlardan isə yalnız 10-nun fəaliyyət göstərdiyini vurğulamış, tədbirlər görülməsini istəmişdir. Yaxud parlament məktəblərdə dini tədrisin ləğvi məsələsini müzakirə edərkən Ə.Haqverdiyev dövrün tələblərindən çıxış edərək "şəriət din dərsi deyil, Məhəmməd dini əsasında əxlaq təlimidir” deyərək öz mövqeyini ortaya qoymuşdur. Qeyd edək ki, Gürcüstan Demokratik Respublikası dövründə (1918-1921) türklərin təhsil aldığı geniş məktəblər şəbəkəsi yaradılmış, milli-mədəni sahədə sonrakı illərdə əldə olunmuş gəlişmələrin sağlam bünövrəsi qoyulmuşdur. Bu işdə deputat kimi fəaliyyət göstərmiş Ə.Haqverdiyevin də müstəsna xidmətləri olmuşdur. Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri Gürcüstan arxivlərində türk parlamentarilərin fəaliyyətini özündə əks etdirən bütün sənədlərin toplanması və dilimizə tərcümə edilərək çap olunmasıdır. Məhz həmin sənədlər sayəsində həm də ədibin ictimai-siyasi fəaliyyətinin bütün spektrləri ilə tanış olmaq imkanı əldə edə bilərik.
Nəhayət, Ə.Haqverdiyevin Dağıstanda və Ermənistandakı çox qısa sürən, obyektiv və subyektiv səbəblərdən uğursuzluqla nəticələnən diplomatik fəaliyyəti barədə. "Tərcümeyi-halım”da oxuyuruq: "1919-cu sənədə müsavat hökuməti məni Bakıya çağırıb Dağıstana göndərdi. Orada mənim işləməyim Denikinə xoş gəlməyib onun əmri ilə 24 saatda Bakıya sürgün olundum. Bakıda bir az qaldıqdan sonra Ermənistana göndərdilər. Lakin orada mənim xətt-hərəkətim hökumətin xətt-hərəkətinə müğayir gəldikdən və Xanxoyski ilə uzun-uzadı mübahisədən sonra istefa verdim”.
Denikinin Ə.Haqverdiyevin simasında Azərbaycan diplomatına Dağıstanda işləməyə imkan verməməsi, ədibin təbirincə desək, onu "sürgün etməsi” sırf siyasi motivlərlə bağlı olmuşdur. 1919-cu ildə regionda olduqca mürəkkəb vəziyyət hökm sürürdü. Müstəqilliyini təzəcə elan etmiş Güney Qafqaz ölkələri Denikinin israrlı təhdidləri ilə üzbəüz qalmışdı. Aralarındakı sərhəd mübahisələrinə baxmayaraq, Denikin ordularının hücumlarından qorunmaq məqsədilə Azərbaycan və Gürcüstan 1919-cu il iyunun 16-da Tiflisdə 10 maddədən ibarət hərbi müdafiə sənədi imzalamışdı. Müqavilənin birinci bəndinə görə razılığa gələn dövlətlər razılığa gələn respublikalardan birinin, yaxud hər ikisinin müstəqilliyini və ərazi toxunulmazlığını hədələyən hər cür hücumlara qarşı bütün silahlı qüvvələrlə və hərbi vasitələrlə birgə çıxış etməyi öhdələrinə götürürdülər. İkinci tərəfdən, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri müəyyənləşdirilərkən Dağıstan vilayətinin Kürə və Samur dairələri ilə bağlı ortaya müəyyən mülahizələr çıxmışdı. Yetkililərin yazılı ifadəsinə görə, həmin məsələnin yaxın gələcəkdə Dağlı Respublikası ilə danışıqlar yolu ilə həll olunacağı planlaşdırılmışdı. Ümumiyyətlə, müstəqil Azərbaycanın müstəqil xarici siyasət yeritməsi, ona boyun əyməməsi səbəbindən Denikin Xalq Cümhuriyyətinə qarşı düşmənçilik siyasəti yeridirdi. Qeyd edək ki, Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistanda Denikin ordusunun yolunu səbirsizliklə gözləyirdilər. V.Qurko-Kryajin yazırdı: "Gürcüstanın və Azərbaycanın əksinə olaraq Ermənistan hökuməti Denikin ordusu ilə o dərəcədə dostluq əlaqəsi saxlayırdı ki, İrəvanın siyasi xadimlərindən birinin dediyi kimi, "Ermənistan respublikası öz qüvvələri ilə birlikdə Denikin ordusunun 7-ci korpusudur”. Ona görə də Azərbaycan diplomatı kimi Ə.Haqverdiyev Denikinin xüsusi tapşırığı ilə təcili surətdə Bakıya qaytarılmışdır.
Beləliklə, qeyd edə bilərik ki, bu vaxta qədər yazıçının həyatının ən az öyrənilmiş dövrü 1916-1919-cu illəri əhatə edir. Həmin dövrün elmi araşdırılması üçün Ə.Haqverdiyevin öz əli ilə yazdığı tərcümeyi-hallar, onun qələmə aldığı və ona ünvanlanmış məktublar, müasirlərinin xatirələri yenidən işlənilməli, ən başlıcası isə, Gürcüstan arxivləri, xüsusən də Gürcüstan Milli Şurası ilə bağlı arxivlərdə saxlanılan sənədlər mükəmməl şəkildə incələnməlidir.

Şahbaz ŞAMIOĞLU,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video