01 Iyun 2020 02:28
990
DÜNYA
A- A+

ABŞ-da iğtişaşlar səngimir


25 şəhərdə komendant saatı tətbiq olundu


Ötən ayın 25-də ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ölkə ictimaiyyətini hiddətləndirmişdir.

Həmin gün ağdərili polis əməkdaşı üç həmkarının köməyi ilə Floydu yerə yıxıb təxminən 10 dəqiqə ərzində dizini onun boğazına dirəmiş, nəticədə vətəndaş ürək tutmasından ölmüşdür. Dörd polisin hamısı işdən çıxarılmışdır. Əsas günahkar ehtiyatsızlıqdan qətl törətməkdə ittiham olunaraq həbs edilmişdir, qalan üç nəfər barəsində isə təhqiqat başlamışdır.

Hüquq mühafizə orqanları əməkdaşlarının zorakılığı ölkədə kütləvi etiraz aksiyalarına gətirib çıxarmışdır. Nümayişçilər əmindirlər ki, qaradərili vətəndaşın qətli irqi ayrı-seçkilikdən qaynaqlanır. Onlar federal avtomobil yollarını bağlayıb Floydun ölümünə görə ədalət və qisas tələb etmişlər.

Etirazlar iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunmuşdur. Aksiyaların iştirakçıları avtomobilləri və inzibati binaları yandırmış, mağaza və ofisləri qarət etmişlər. Vaşinqtonda narazı sakinlər Ağ evin yaxınlığında toplaşıb etiraz etmişlər. Həm asayiş keşikçiləri, həm də nümayişçilər arasında zərərçəkənlərin olduğu bildirilir. "Assoşieyted Press” agentliyinin verdiyi xəbərə görə, Filadelfiyada 10-dan çox polis əməkdaşı yaralanmışdır. Detroyt şəhərində (Miçiqan ştatı)19 yaşlı gənc həlak olmuşdur. Onu avtomobildən atəş açan naməlum şəxs güllələmişdir. İndiana ştatının İndianapolis şəhərinin mərkəzində bir nəfər həlak olmuş, azı iki nəfər güllə yarası almışdır. Oklənddə (Kaliforniya ştatı) federal mühafizə xidmətinin güllə yarası almış əməkdaşı xəstəxanaya aparılmış, amma onun həyatını xilas etmək mümkün olmamışdır. Atlantada (Corciya ştatı) dörd polis əməkdaşı və bir mülki şəxs yaralanmışdır.

Vəziyyəti sabitləşdirmək üçün yerli və federal hakimiyyət orqanları bir sıra addımlar atmalı olmuşdur. 25 şəhərdə, o cümlədən Atlanta, Los-Anceles, Siətl, Çiqaqo, Filadelfiya, Pittsburq və Minneapolisdə komendant saatı tətbiq edilmişdir. Digər tərəfdən, iğtişaşların bürüdüyü şəhərlərə Milli Qvardiyanın bölmələri yeridilmişdir. Altı ştatda yerli hakimiyyət orqanları qvardiyaçıları səfərbər etmişdir. Öz növbəsində Pentaqon asayişi bərpa etmək üçün hərbi polisin bölmələrini hazırlıq vəziyyətinə gətirmişdir.

Minnesotanın qubernatoru Tim Uolz II Dünya müharibəsindən bəri ilk dəfə ştatın ərazisində Milli Qvardiyanın tam səfərbər olunduğunu elan etmişdir. Yerli Milli Qvardiyanın komandiri, general-mayor Con Censenin dediyinə görə, keçən ayın 29-da 700-dən çox qvardiyaçının kütləvi etiraz aksiyalarının yatırılması işinə cəlb edilməsi ştatın tarixində hüquq mühafizə orqanlarının keçirdiyi ən böyük əməliyyat idi, lakin bu, kifayət etmədi. CNN telekanalı xəbər verir ki, asayişin bərpa olunmasında iştirak edən qvardiyaçıların sayı 2500 nəfərə çata bilər.

Qubernator Uolzun dediyinə görə, Minneapolisdə yaranmış vəziyyətin Floydun öldürülməsinə reaksiya ilə artıq heç bir əlaqəsi yoxdur. O vurğulamışdır ki, "söhbət vətəndaş cəmiyyətinə hücumdan, qorxu yaratmaqdan və böyük şəhərlərimizin dağıdılmasından gedir”. Qubernator iğtişaşlar zamanı rəngarəng icmaların yaratdığı müəssisə və infrastrukturun mənasız talanlara məruz qaldığını qeyd etmişdir. O əlavə etmişdir ki, nümayişçilər ictimai kitabxanaları və digər ictimai infrastrukturu dağıtmış, yüz minlərlə məktəblinin yeməklə təmin edilməsi işini pozmuşlar.

Texas qubernatoru Qreq Ebbott etirazlar zamanı vandalizmin qarşısını almaq üçün ştatın şəhərlərinə 1500 qvardiyaçı göndərmişdir. Bundan əvvəl Hyustonda magistral yolları bağlayan 200 nəfər həbs olunmuşdur.

ABŞ-ın Baş prokuroru Uilyam Barr iğtişaşların səbəbkarlarının hamısını məsuliyyətə cəlb etməyə söz vermişdir. O qeyd etmişdir ki, "kənardan gəlmiş radikallar və təşviqatçılar” Amerika şəhərlərində etiraz aksiyalarına nəzarəti ələ keçirmişdilər: "Kənar radikallar və təşviqatçı qruplar vəziyyətdən sui-istifadə edərək zorakılıqla öz maraqlarını reallaşdırırdılar”. Məlumata görə, etiraz aksiyalarının ilk beş günü ərzində 17 şəhərdə təxminən 1400 nəfər həbs edilmişdir.

ABŞ Prezidenti Donald Tramp, da ölkədə cərəyan edən hadisələrə münasibət bildirmişdir. O qeyd etmişdir ki, lazım gələrsə, Minnesota ştatına qoşun göndərər. Tramp həmçinin ştatın hakimiyyət orqanlarını etirazçılarla daha sərt davranmağa çağırmışdır. Prezident digər "liberal qubernator və mer”lərə də eyni məzmunlu müraciət etmişdir, çünki əks halda, "federal hökumət vəziyyətə müdaxilə edib gərəkli olanı edər”, o cümlədən hərbçilərin qeyri-məhdud hakimiyyətindən və çoxsaylı həbslərdən istifadə edər.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video