31 May 2020 19:35
1391
PARLAMENT
A- A+

Parlamentin yaz sessiyası başa çatdı



Mayın 31-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlik təsdiq edildikdən sonra deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikirlərini bildirdilər.
İlk çıxış edən deputat Nizami Səfərov Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı bəzi hüquqi məsələlərə aydınlıq gətirdi. Avropa İnsan Hüquqları Məhkəməsinin mayın 26-da çıxardığı qərarla bağlı ətraflı məlumat verən deputat qeyd etdi ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndindən irəli gələrək 31 avqust 2012-ci il ildə Prezident İlham Əliyev tərəfindən Ramil Səfərov barəsində verilən əfv fərmanı birmənalı olaraq beynəlxalq hüquqi razılaşmadan irəli gəlir və dövlətimizin öz üzərinə götürdüyü öhdəliklərin hüquqi çərçivəsindədir. Ümumxalq səsverməsi ilə, referendumla qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş dövlət başçısının əfvetmə səlahiyyətləri suveren qaydada həyata keçirilir. Heç bir dövlət, dövlətlər qrupu, beynəlxalq təşkilat, beynəlxalq məhkəmə bu səlahiyyətlərin realizə olunmasına müdaxilə edə bilməz.
Nizami Səfərov dedi ki, erməni tərəfi qarşısına qoyduğu məqsədinə nail ola bilməmişdir və Budapeşt şəhərində baş vermiş hadisəyə görə Azərbaycan Respublikasının substantiv mənada məsuliyyət daşıması barədə sərsəm iddiası tamamilə iflasa uğramışdır: "Məlum hadisə ermənilərin provokativ və təhqiramiz davranışına dözə bilməyən Azərbaycan Ordusunun zabiti tərəfindən fərdi qaydada törədilən hadisədir və Azərbaycan dövlətinin, yaxud onun hansısa rəsmi orqanının bu hadisə ilə heç bir bağlılığı olmaması barədə məhkəmə aydın mesaj vermişdir”.
Erməni tərəfinin ikinci uğursuzluğu Ramil Səfərovun transferinə görə Macarıstan Respublikasının məsuliyyətinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Məhkəmənin qənaətinə görə, bu məsələdə Macarıstan beynəlxalq öhdəliklərinin pozulmasına yol verməmişdir.
ABŞ Dövlət Departamenti 25 ildən artıq vaxt keçdiyini nəzərə alaraq, Dağlıq Qarabağla bağlı mühüm hərbi-siyasi hadisələrə dair məxfi şifrəli onlarla sənədi ictimaiyyət üçün açıq elan etdiyini deyən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun sözlərinə görə, sənədlərlə tanışlıq bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərbi və iqtisadi cəhətdən ən zəif dövründə təslimçilik aktlarına bərabər sayıla biləcək onlarla diplomatik təklifləri, yaxud "sülh planı” adı altında hazırlanan sənədləri rədd edib. "Bundan ötrü böyük cəsarət və iradə tələb olunurdu. Nəzərə alın ki, o vaxt regionda Azərbaycan Prezidenti yeganə dövlət başçısı olub ki, belə mövqe tutub və Ermənistanın işğal reallığını diplomatik sənədlər üzərinə daşıyıb”, - deyə Zahid Oruc bildirdi.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Müşfiq Məmmədli, Cavid Osmanov, Bəhruz Məhərrəmov, Şahin İsmayılov, Əli Məsimli, Müşfiq Cəfərov, Etibar Əliyev bir sıra məsələlərə dair fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər.
Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, Prezident İlham Əliyev "Qobu Park-3” yaşayış kompleksinin açılışında AXC-nin gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə bağlı problemləri yada saldı. Əli Hüseynli qeyd etdi ki, dövlət başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçib: "Ölkə rəhbərinin fikirləri həm tövsiyə, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyır. Heydər Əliyev hələ ötən əsrin 80-ci illərinin sonunda sovetlərin güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı. Bu gün Azərbaycan tarixdə olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır”.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə layihələri müzakirələrdən sonra qəbul olundu.
Qısa fasilədən sonra iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” saziş və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” protokolun təsdiq edilməsi haqqında qanun layihələri təsdiqləndi.
İlk sənədlə bağlı məlumat verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dedi ki, bu saziş Azərbaycan-Türkmənistan münasibətlərinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə ikinci sənədlə bağlı məlumat verərək dedi ki, protokola bir sıra əlavələrin edilməsi təklif edilir.
Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Fəzail Ağamalı sənədləri yüksək dəyərləndirdi və qeyd etdi ki, sazişin ratifikasiya edilməsi münasibətlərə yeni dinamizm gətirəcək.
İclasda "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda müzakirəyə çıxarıldı. Qeyd edildi ki, adlar verilən şərabçılıq məhsullarına görə bir sıra dövlət rüsumları ləğv edilir. Belə ki, "Dövlət rüsumu haqqında” qanunun iki maddəsinin (18.62.2 və 18.62.3) ləğvi təklif olunub. Bu, adlar verilən şərabçılıq məhsullarına dövlət reyestrində qeydiyyata alınma üçün 10 manat və attestasiya üçün 10 manat dövlət rüsumunun ləğvini nəzərdə tutur.
Sənəd səsverməyə çıxarılaraq qəbul edildi. İclasda, həmçinin "Yeyinti məhsulları haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunn layihəsi də təsdiqləndi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, parlamentdə çıxış edən deputat həmkarlarını narahat edən fikirlər səsləndirməməlidir. Lakin təəssüf olsun ki, parlamentin iclasında belə bir hal baş verir.
"Bu zalda oturan deputatlar - əlisilahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı kimi hiss edir. Hər kəs burada Qarabağ deputatıdır. Burada Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərində xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd edilir. Birmənalı şəkildə bildirirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ problemi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutulmamalıdır”.
Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli isə çıxış edərək dedi ki, Şimaldan, Cənubdan, Şərqdən və Qərbdən uzanan "iti caynaqlar” və məsud baxışlar Azərbaycanı kifayət qədər məsuliyyətli olmağa çağırır. Çünki kifayət qədər düşmənlərimiz var: "Belə bir məqamda bizim özümüzdən başqa bir-birimizə söykənib, əl-ələ verib bu çətin məqamlarda ağır vəziyyətdən birlikdə çıxmaqdan başqa yolumuz yoxdur. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilərlər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və eyni zamanda qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda məsuliyyətli olmaq lazımdır”.
Sədr Sahibə Qafarova da çıxış edərək müavinlərinin fikirləri ilə həmrəy olduğunu ifadə etdi.
İclasda, həmçinin Mülki Məcəllədə və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqləndi. Birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi isə geniş müzakirə mövzusu oldu.
Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirilir.
Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Müzakirələrdə çıxış edən parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Milli Məclisin deputatları bu dövr ərzində böyük təbliğat işi ilə məşğul olub. Komitə sədrinin sözlərinə görə, maska taxmayanlar cərimə olunmalıdır: "Bu gün bu məsələdən yayınmaq istəyənlər var. Başqa cərimələri başa düşmək olar. Ancaq bu, sənin, ailənin, qonşunun sağlamlığı üçündür. Bu layihəyə bir maddə də salınmalıdır. Şayiələrin yayılmasına qarşı ən sərt tədbirlər görülməlidir. Kimsə maska taxmır, bəziləri də durub deyir ki, həmin insanların maska almağa imkanı yoxdur. Belədirsə, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın.
Bəzisi deyir ki, cərimələr dövlət tərəfindən bağışlanacaq, bəzisi deyir ki, koronavirusdan ölənlərə şəhid statusu veriləcək. Yəni bunlar hər şeyi düşünür, maska taxmaqdan başqa...”
Deputat Fəzail Ağamalı isə dedi ki, karantin rejiminin yumşaldılması cəmiyyətdə müsbət qarşılansa da, məsuliyyətsiz vətəndaşlara görə yoluxma sayı artmaqdadır. Deputat Fazil Mustafa isə hesab edir ki, toy mərasimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Konkret vaxt, tarix qoyulmalıdır. Çıxış yolu müəyyən edilməlidir. Konkret vaxt ərzində, məhdud sayda insanların iştirakı ilə bu tədbirlər keçirilməlidir.
Deputat Razi Nurullayev fərqli çıxış etdi. Onun fikrincə, pandemiya ilə əlaqədar dünyada sanki xəstələr gizlədilir. Buna görə də vətəndaşlar daha çox şayiələrə inanır. Deputat bu məsələdə bəzi sirlərin olduğunu desə də, Spiker Sahibə Qafarova onun fikri ilə razilaşmadı və qeyd etdi ki, koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur, bütün proses şəffaf aparılır.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edildi.
Sonra iclasda "Ünvanlı dövlət sosial yardımı haqqında” və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda təsdiqləndi.
Sonda isə Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırdı ki, mayın 31-də parlamentin yaz sessiyasının sonuncu iclası keçirilsə də, 82 deputat növbədənkənar sessiyanın keçirilməsi üçün müraciət edib. Bununla bağlı sərəncam imzalanıb. Növbədənkənar sessiyanın ilk iclasları - iyunun 1-i və iyunun 2-də keçiriləcək.
Sədr bildirdi ki, ümumilikdə yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilib: "Prezident İlham Əliyevin parlamentin ilk iclasında verdiyi tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün işlər görülüb. Yaz sessiyasının ilk günündən Milli Məclisin Aparatında və İşlər İdarəsində islahatlar aparılıb. Milli Məclisin Aparatında 13 əvəzinə 9 şöbə, işlər idarəsində 9 şöbə yerinə 4 şöbə saxlanılıb. İslahatlar parlamentin işinin daha yaxşı keçirilməsini təmin edəcək”.
Sədr, həmçinin vurğuladı ki, Milli Məclisin deputatları və əməkdaşları tərəfindən Koronavirusla Mübarizə Fonduna 250 min manatdan çox vəsait köçürülüb.
İclas Dövlət himninin səslənməsi ilə başa çatdı.

Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video