31 May 2020 11:18
1141
Səhiyyə
A- A+

Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının 47-ci iclası keçirilib


Mayın 29-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) növbəti - 47-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk dəfə virtual formatda keçirilən iclasda ÖƏK-ə üzv olan təşkilatlar – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Heydər Əliyev Fondu, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ET Ağciyər Xəstəlikləri İnstitutu, Ümumdünya Səhiyyə Təşkilati, Dünya Bankı, Vərəm Əleyhinə QHT Koalisiyasına üzv olan QHT-lər, İİV/QİÇS sahəsində fəaliyyət göstərən QHT-lər, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Respublika Narkoloji Mərkəzinin nümayəndələri, eyni zamanda, Fransanın Azərbaycandakı səfiri Zaxariye Qross müşahidəçi qismində iştirak ediblər.

ÖƏK-in son bir illik uğurlu fəaliyyəti haqqında ÖƏK Katibliyi tərəfindən məlumat verildikdən sonra Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri, Milli Məclisinin deputatı Soltan Məmmədov çıxış edib. Soltan Məmmədov son illər səhiyyə sahəsində aparılan uğurlu və davamlı islahatlardan bəhs edib, bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə sahəsində ölkənin uğurlu siyasət yürütdüyünü, düzgün və vaxtında icra olunan tədbirlər nəticəsində nümunəvi ölkələr sırasında olduğunu diqqətə çatdırıb.

Soltan Məmmədov müzakirələr zamanı qeyri-hökumət təşkilatlarının qanunvericilikdə ehtiyac duyulan dəyişikliklərlə bağlı müraciətlərinə cavab olaraq, Milli Məclisin Səhiyyə Komitəsinin, Əmək və Sosial Siyasət Komitəsinin üzvü kimi vətəndaş cəmiyyəti nümayəndələrinin, Komissiya üzvlərinin təkliflərini müntəzəm olaraq parlament üzvlərinin diqqətinə çatdıracağını bildirib.

Milli Məclisin deputatı ölkədə İİV, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə Vərəm və İİV/QİÇS sahəsində görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndirərək, Qlobal Fondun COVID-19-la mübarizə sahəsində də ölkələrə dəstək vermək üçün maliyyə vəsaiti ayırmasının təqdirəlayiq olduğunu qeyd edib. Bu maliyyə vəsaiti çərçivəsində seroloji-epidemioloji tədqiqatların aparılması və xüsusi lazımi qoruyucu vasitələrin alınmasını nəzərdə tutan layihə təklifi müzakirə olunaraq, Qlobal Fonda təqdim edilməsi üçün ÖƏK üzvləri tərəfindən təsdiq olunub.

Fransanın Azərbaycandakı səfiri Zaxariye Qross çıxışı zamanı Fransanın Qlobal Fonda maliyyə yardımı ayıran ikinci ən böyük donor ölkə olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Qlobal Fondun əsas risk qrupları arasında hər iki xəstəliklə mübarizə istiqamətində apardığı uğurlu fəaliyyəti yüksək qiymətləndirib. Səfir Ölkə Əlaqələndirmə Komissiyasına bu sahədə aparılan uğurlu fəaliyyətə görə təşəkkürünü bildirib.

Ədliyyə Nazirliyinin rəhbərliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi, QİÇS-lə Mübarizə Mərkəzinin və ET Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyi, ÜST-ün nümayəndəsi xəstəliklərlə mübarizə sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat veriblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndəsi və digər iclas iştirakçıları Azərbaycanın ilk dəfə donor qismində çıxış edərək Qlobal Fonda maliyyə dəstəyi göstərməsinin yüksək qiymətləndirildiyini vurğulayıblar. İclasın sonunda ÖƏK üzvləri toplantının yüksək səviyyədə təşkilinə və vacib mövzular ətrafında maraqlı müzakirələr aparıldığına görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası milli məşvərətçi orqan statusuna malikdir, hüquqi və fiziki şəxslərin bir çox sahələr üzrə könüllülük prinsipi əsasında qurulmuş əməkdaşlığını təmsil edir. ÖƏK fəaliyyəti zamanı Azərbaycan Respublikasının qanunvericilik sistemini, Qlobal Fondun Əsasnamə və tövsiyələrini rəhbər tutur. ÖƏK-in Əsasnaməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Komissiyanın məqsədi Azərbaycanda İİV/QİÇS, Vərəm və Malyariyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsinə, eyni zamanda, Vaksin və İmmunlaşdırma üzrə QAVİ Alyansın dəstəyi ilə həyata keçirilən layihələrin koordinasiyası, monitorinqi, nəzarəti və lazımi digər müvafiq qərarların qəbul olunmasına yardım etməkdir. ÖƏK heyətinə dövlət və qeyri-hökumət sektorlarının nümayəndələri daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video