30 May 2020 10:13
578
SİYASƏT
A- A+

Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında qarşılıqlı siyasi anlaşma güclənir

Bu gün Respublika Gününün bayram edilməsi müasir Azərbaycanın son illərdə əldə edə bildiyi bir sıra siyasi və iqtisadi uğurlara yekun vurmaq üçün yaxşı fürsətdir. Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev müasir dünya proseslərində Azərbaycanın yeri və rolu barədə sualları cavablandırarkən bildirib.

- Dmitri İvanoviç, bu gün Azərbaycan dünyada prinsipial olaraq müstəqil mövqe nümayiş etdirir. Siz onun xarici siyasətdəki uğurlarını necə qiymətləndirirsiniz?

–Müstəqil Azərbaycan öz suverenliyini ardıcıl surətdə müdafiə edir, heç bir qüvvənin ona təsir etməsinə yol vermir, bununla belə, tərəfdaşlarını dinləyir, onlarla qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurur. Bu, Azərbaycan rəhbərliyinin prinsipial mövqeyidir. Prezident İlham Heydər oğlu Əliyev həmişə vurğulayır ki, müasir şəraitdə hər bir ölkə özünün xarici siyasətində dinc dialoq, bərabərhüquqlu tərəfdaşlıq və əməkdaşlıq istiqamətini əsas götürməlidir. Bu istiqamət Azərbaycana dünya birliyində layiqli nüfuz, əhəmiyyətli məsələlərin müzakirəsində sanballı səs qazandırıb. Üstəlik, dövlətlərin çoxu öz beynəlxalq mübahisələrində Azərbaycanı müstəqil vasitəçi kimi görmək istəyir. Bakı çox vaxt münaqişə edən tərəflərin səmərəli danışıqları üçün meydana çevrilərək, dünyadakı geosiyasi sabitliyi möhkəmləndirir.

– Qlobal məsələlərin həllində respublikanın roluna gəldikdə, Azərbaycan çoxsaylı regional və beynəlxalq təşkilatların üzvüdür. Sizcə, o, bu strukturlarda nə dərəcədə əhəmiyyətli rol oynayır?

–Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, həm də onların bəzilərində sədrlik edir. Mən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından və Qoşulmama Hərəkatından danışıram. Bu, respublikanın dünya birliyi üçün əhəmiyyətini vurğulayır. BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, Azərbaycan müxtəlif cəmiyyətlər və mədəniyyətlər arasında körpü yaradır. Respublika hər il müxtəlif beynəlxalq forumlara – siyasi, humanitar və mədəniyyət forumlarına ev sahibliyi edir. Bakı dəfələrlə ən nüfuzlu idman tədbirlərini qəbul edib.

Azərbaycanın təşəbbüsləri həmişə beynəlxalq əməkdaşlığın inkişafına və çox mühüm dünya miqyaslı məsələlərin həllinə yönəlir. Məsələn, Azərbaycan ötən il dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına başçılıq etməklə, inkişaf etməkdə olan ölkələrin bir sıra böhranlı problemlərinin həllinə kömək edib. Bu il mayın 4-də isə Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında koronavirusa qarşı mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. İlham Heydər oğlunun sözləri ilə desək, pandemiyanın bütün dünyanı bürüdüyü bir vaxtda planetin həmrəyliyə və əməkdaşlığa ehtiyacı var.

– Müasir müstəqil Azərbaycan dünyanın iqtisadi reytinqlərində tez-tez yüksək yerlərə layiq görülür. Sizcə, bu uğur nədən qaynaqlanır?

–Təkcə son 15 ildə Azərbaycan Respublikasının iqtisadiyyatı üç dəfə genişlənib. Bunlar rekord göstəricilərdir. Özü də onun xarici borcu ÜDM-nin cəmi 20 faizini təşkil edir. Belə bir fakt da diqqətəlayiqdir ki, dünya ölkələrinin çoxundan fərqli olaraq xarici ticarətdə Azərbaycanın saldosu müsbətdir. Neft-qaz və aqrar-sənaye sahələri, sənaye infrastrukturu səmərəli inkişaf edir. Əlbəttə, belə göstəricilər beynəlxalq reytinqlərdə ölkəyə yüksək mövqe qazandırır.

Hazırda Azərbaycan regionun enerji tələbatını xeyli dərəcədə təmin edən dövlətdir. Potensial nəqletmə gücü 31 milyard kubmetr qaz olan Trans-Anadolu qaz kəmərinin ötən ilin sonunda tam miqyasda işə salınması respublikanı bütövlükdə Avropa üçün də enerji təhlükəsizliyinin qarantlarından birinə çevirib. Azərbaycanın Heydər Əliyevin "Əsrin müqaviləsi”nə əsaslanan, energetikanın uzunmüddətli məqsəd və vəzifələrini müəyyən edən dövlət enerji siyasəti strategiyası respublikanın iqtisadiyyatına sanballı töhfə verməkdə davam edir.

– Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət yetirilir. Siz Respublikanın bu istiqamətdə uğurlarını necə qiymətləndirirsiniz?

–Azərbaycanın uzaqgörən rəhbərliyi "neft erası”nın bitməsindən sonra da ölkənin dayanıqlı inkişafına istiqamətlənib. Artıq indinin özündə respublikanın enerji daşıyıcılarından asılılığı ildən-ilə azalır. Neft sektorundan əldə edilmiş gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişafına yatırılır. Bu ilin birinci rübündə həmin sahələrdə istehsal artaraq artıq rekord səviyyəyə - 23 faizə çatıb. Əlbəttə, koronavirus pandemiyası bu rəqəmlərə təsir edib, lakin Azərbaycan iqtisadiyyatının ölkənin təbii sərvətinə, əlverişli coğrafi mövqeyinə və bütün sahələrdə peşəkarlıq səviyyəsi yüksək olan kadrlara əsaslanan böyük potensialı şəksizdir. Heç şübhəsiz, Azərbaycan həm beynəlxalq layihələrin həyata keçirilməsi, həm də xarici investisiyalar üçün cəlbedici ölkə statusunu qoruyub saxlayacaq.

– İqtisadiyyatın şaxələndirilməsi çərçivəsində respublikada nəqliyyat infrastrukturuna xeyli vəsait yatırılır. Sizcə, hansı layihələr bu baxımdan xüsusilə diqqətəlayiqdir?

–Söhbət təkcə daxili deyil, həm də regionlararası infrastrukturdan gedir. Azərbaycan indinin özündə "Şərq-Qərb” və "Şimal-Cənub” istiqamətlərində tranzit daşımaları səmərəli təmin edir. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin fəaliyyəti, yeni beynəlxalq aeroportların tikintisi və Ələt qəsəbəsində Bakı Dəniz Ticarət Limanı kompleksinin açılışı da nəqliyyat logistikasına xidmət edir. Bütün bunlar Azərbaycanın təkcə Qafqaz regionu üçün deyil, həm də bütün Avrasiyanın ticarət sistemi üçün səmərəli və etibarlı nəqliyyat qovşağı statusu əldə etməsinə imkan verib və dünya iqtisadiyyatında heç bir cərəyan bunu dəyişdirə bilməz.

–Azərbaycanla Rusiyanı həm strateji tərəfdaşlıq, həm də dostluğa əsaslanan humanitar və mədəni əlaqələr birləşdirir. Sizcə, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq nə dərəcədə səmərəlidir?

–Rusiya-Azərbaycan tərəfdaşlığını xarakterizə edərkən, ölkələrimiz arasında qarşılıqlı siyasi anlaşmanın gücləndiyini, bu cür anlaşmanın Vladimir Vladimiroviç Putinlə İlham Heydər oğlu Əliyevin şəxsi əlaqələrini möhkəmləndirdiyini vurğulamaq lazımdır. Bu cür şəraitdə strateji tərəfdaşlıq bütün vacib sahələrdə təzahür edir. Biz bu yaxınlarda qəbul edilmiş yeddi "yol xəritəsi”nin birgə reallaşdırılmasına artıq başlamışıq. 2019-cu ilin yekunlarına görə, Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi artaraq 3,2 milyard dollara çatıb ki, bu da 2018-ci ilin göstəricilərindən 27,4 faiz yüksəkdir. Rusiya ilə onun bütün ticarət tərəfdaşları arasında əmtəə dövriyyəsinin genişlənməsi dinamikası müqayisə edilsə, Azərbaycanla əmtəə dövriyyəsi ən yüksək mövqelərdən biridir. Bu, ikitərəfli münasibətlərimizin inkişafının nəzərə çarpan uğurudur. Siyasətdə səmərəli qarşılıqlı fəaliyyət, qarşılıqlı investisiya yatırımının və əmtəə dövriyyəsinin genişlənməsi Rusiya ilə Azərbaycanın bundan sonra da yaxınlaşmasının və ümumi iqtisadi tərəqqimizin rəhni olacaq.

– Siz Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı üçün ən böyük potensialı iqtisadiyyatın hansı sahələrində görürsünüz?

–Bu, məsələn, birgə neft emalı və tikinti materialları istehsalı ola bilər. Müəssisələrin sözügedən sahələrdə ölkələrimizin tələbatını təmin etmək gücündə olması ilə yanaşı, dünya bazarına istiqamətlənməsi heç də az əhəmiyyətli məsələ deyil. Bundan əlavə, elektrik energetikasında böyük potensial var: Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşməsi yeni imkanlar yaradır.

Hətta bugünkü mürəkkəb epidemioloji şəraitdə də ölkələrimiz ticari-iqtisadi əməkdaşlığı davam etdirməyə imkan tapıblar, onlar təcrid olunmayıblar, beynəlxalq daşımaları dayandırmayıblar. Bu da tərəfdaşlığımızın sabitliyinin və möhkəmliyinin çox mühüm əlamətidir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video