26 May 2020 22:32
505
SİYASƏT
A- A+

XİN: Avropa İnsan Hüquqları Məhkəməsi Ramil Səfərovla bağlı Ermənistanın əsas niyyətini təmin etməyib

 
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirib.

AZƏRTAC-ın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, onlar Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq qərarı ilə tanış olublar.

"Əlbəttə, qərarla bağlı konkret fikir söyləmək üçün onun hüquqşünas ekspertlər səviyyəsində öyrənilməsi vacibdir, bununla belə qərarla bağlı müşahidələri bölüşmək olar. İlk növbədə, nəzərə almaq lazımdır ki, bu gün bölgəmizin həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının kökündə, məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində qurumuş düşmən siyasəti və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dayanır. Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəblərini təhrif etməklə işğalçı Ermənistan, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının davam edən qanunsuz işğalı və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. Lakin elə AİHM-in 2015-ci ilin 16 iyun tarixli "Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunur. Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına sözdə bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Habelə, AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb.

L. Abdullayeva qeyd edib ki, Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyəti və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır: "Avropa Məhkəməsinin gəldiyi qənaətlərlə bağlı söyləmək olar ki, Məhkəmə, əslində, Ermənistanın əsas niyyətini təmin etməyib. Belə ki, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib”.

XİN rəsmisi vurğulayıb ki, Avropa Məhkəməsi qərarda Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan Hökuməti tərəfindən pozulmadığını müəyyən edib: "Yəni, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan Hökumətini təmsil etməyib. Beləliklə də, Azərbaycan Hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz. Eyni zamanda, hesab edirik ki, Azərbaycan Silahlı qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi”.

L.Abdullayeva onu da qeyd edib ki, əfvolunma, dünya təcrübəsində istifadə edilən bir haldır və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət başçısının əfv etmək səlahiyyəti vardır: "Bir daha vurğulamaq istərdim ki, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. İki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən işğalçı qüvvələrin çıxardılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə insanın fundamental hüquqlarının təmin edilməsidir. Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini və Ramil Səfərovun məhz bu təcavüz siyasətinin qurbanı olan məcburi-köçkün olduğunu qərar ilə bağlı yaydığı mətbuat məlumatında qeyd edərdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video