26 May 2020 18:01
634
SİYASƏT
A- A+

Rusiya portalı: Paşinyan hitlerçi babası ilə bağlı qalmaqal girdabında


Mayın 8-də, Qələbə Günü ərəfəsində Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan sosial şəbəkələrin bir çox istifadəçiləri kimi, öz babasının fotoşəklini yayaraq ona qısa şərh əlavə edib: "Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyasının 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanların xatirəsinə əbədi eşq olsun”. Tezliklə Paşinyanın yaydığı şəklin altında baş nazirin babasının satqın olması, Qaregin Njdenin başçılığı ilə SS-in erməni legionunun sıralarına qəbul edilməsi və şərq cəbhəsində rüsvayçılıqla həlak olması barədə şərhlər yazılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Rusiyanın "inforuss.info” saytında dərc olunan məqalədə yer alıb. Məqaləni oxuculara təqdim edirik.

X X X

"Meydançı” baş nazirin özündən çıxmış tərəfdarları dərhal istiqamət götürərək sübutları etibarsız hesab edib, onun mənbəyinin Azərbaycanın www.trend.az portalı olmasını təsdiqləməyə cəhd göstəriblər. Guya bunların hamısı yalan, bədii vıyıltı və "xalqın sevimli baş naziri”nin parlaq inqilabçı obrazını ləkələmək məqsədi daşıyan Azərbaycan təbliğatıdır.

Lakin məlum olub ki, ilk mənbə kimi heç də Azərbaycan saytı deyil, əksinə Paşinyanın babası haqqında "Düşmənlə əməkdaşlıq edib və həlak olub” ifşaedici sərlövhəli məqalə ilə əsl erməni portalı olan "iravunk.com” çıxış edib.

Tezliklə aydın olub ki, Böyük Vətən müharibəsində həlak olanlar barədə məlumatların toplanılması məqsədilə Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan "Memorial” cəmiyyətinin ümumiləşdirilmiş məlumat bankının www.obd-memorial.ru saytında Ermənistan SSR-in İcevan rayonunun Yenokovan kəndində 1913-cü ildə doğulmuş və 1943-cü ildə həlak olmuş Nikol Vartanoviç Paşinyan haqqında məlumat yerləşdirilib. Baba Paşinyanın satqınlığının təsdiqi kimi onun SS ost-legionerlərinə tabeliyini təsdiq edən alman uçot sənədinin fotoşəkli təqdim olunur. Sənəddən belə çıxır ki, baba Nikol Paşinyan müharibə vaxtı hansısa dövrdə itkin düşmüş hesab edilib. Lakin sonradan müəyyən edilib ki, o, könüllü olaraq nasistlərə xidmətə keçib, 1943-cü il sentyabrın 29-da isə Zvyaqeldə (Novoqrad-Volınskda), Qərbi Ukraynada öldürülüb.

Ermənistan hökuməti başçısının imicinin təmizlənməsi üzrə xüsusi əməliyyata avral rejimdə Ermənistanın Müdafiə Nazirliyi də qoşulub. Qurumun yaydığı rəsmi bəyanatda bildirilir ki, guya Yenokovan kəndindən müharibəyə iki Nikol Paşinyan yollanıb. Onlardan biri Qızıl Ordu sıralarında vuruşub, digəri SS-də xidmət edib və həmin satqın baş nazirin babası deyil.

Lakin İcevan rayon hərbi komissarlığının arxivindən Sovet Ordusunun itkin düşən əsgər və serjantlarının uçotu üzrə Moskva bölməsinin sorğusuna cavab olaraq arayış götürülüb. Arayışda açıq-aydın göstərilir ki, Yenokovanda cəmi bir Nikolay Vartanoviç Paşinyan yaşayıb. Buradan da belə çıxır ki, Ermənistanın "meydançı” baş nazirinin babası müharibə vaxtı könüllü olaraq Qaregin Njdenin SS legionunda nasistlərə xidmət edib.

Qalmaqal çox üfunətli alınıb, çünki baş nazir Paşinyan öz əlaltıları və pərəstişkarları vasitəsilə yalan danışmağı və özünə bəraət qazandırmağı üstün tutub. Onun öz "qəhrəman” babasının həqiqətən kim olduğunu yaxşı bilməsi faktını "Ermənistanın milli qəhrəmanı” Qaregin Njdeni həyasızcasına müdafiə etməsi və Azərbaycan Prezidenti İlham Əliyevin MBD ölkələrinin sammitində nasizmin qəhrəmanlaşdırılmasının qəbuledilməzliyi məsələsini səsləndirərkən kəskin reaksiya verməsi təsdiq edir. Rusiyanın xarici işlər naziri ilə polemikası zamanı Paşinyan erməni legionunun rəhbərini və Qızıl Ordunun erməni əsgərlərinin qatilini marşal Baqramyanla müqayisə edib və bununla da kifayətlənməyərək Molotovu Hitler və Ribbentropla ünsiyyətdə ittiham edib.

Xatırlatmaq yerinə düşər ki, Paşinyanın babasının xidmət etdiyi Qaregin Ter-Arutyunyan (Njde) erməni silahlılarının rəhbəri və faşist yönümlü siyasi xadim olub. 1940-cı ildən SS-in təhlükəsizlik xidməti olan SD ilə gizli əməkdaşlıq edib. 1942-ci ildən Berlində Hitler Almaniyasının siyasi və xüsusi xidmət orqanlarının təşəbbüsü ilə yaradılan Erməni Milli Şurasının rəhbərliyinə daxil olub.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir müddət əvvəl ictimailəşdirilmiş sənədləri təsdiq edir ki, Erməni Milli Şurası Ermənistan SSR ərazisində Almaniya koloniyasının və protektoratlığının yaradılması təklifi ilə nasist Almaniyasının Şərqi ərazilər naziri Alfred Rozenberqə müraciət edib.

Müharibənin sonunda Qaregin Njde təxribat əməliyyatlarının keçirilməsi məqsədilə sovet Ermənistanına silahlı qrupların göndərilməsi üçün abverlə – hərbi kəşfiyyatla əməkdaşlıq edib.

Stalinin ifadəsi ilə desək, oğul ataya, nəvə babaya görə cavabdehlik daşımır. Amma Paşinyan alma almaya bənzər ifadəsini təsdiq etmək üçün əlindən gələni edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video