25 May 2020 17:15
2205
Səfərlər
A- A+

Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanışlıq

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar.

AZƏRTAC xəbər verir ki, bir sıra sahələrdə, o cümlədən şəhər təsərrüfatı, kommunal, səyyar tibbi və digər sahələrdə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Şamaxı rayonuna çoxlu sayda nəqliyyat vasitələri və xüsusi texnikalar ayrılıb.

Şamaxıya səfəri zamanı həmin nəqliyyat vasitələri və texnikalar dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim olundu. Bildirildi ki, texnika və nəqliyyat vasitələri seçilərkən rayonun turizm potensialı, seysmik ərazidə yerləşməsi və landşaftı nəzərə alınıb. Rayonda sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün 10 avtobus ayrılıb. Rayonun kommunal təsərrüfatında bundan sonra məişət tullantıları daşıyan, küçə süpürən və yuyan, qartəmizləyən və digər müasir texniki vasitələrdən istifadə ediləcək. Şamaxının səhiyyə potensialına 3 təcili tibbi yardım avtomobili və 1 reanimasiya maşını əlavə olunacaq. Bundan başqa, rayonun bərpa-quruculuq və abadlıq işlərində istifadə etmək üçün çoxlu sayda ağır və yüngül tonnajlı yük maşını, ağır tonnajlı buldozer, çoxfunksiyalı ekskavator və digər texniki vasitələr ayrılıb. Bu təşəbbüs dövlət başçısının regionların daha da müasirləşməsi, şəhər, qəsəbə və kəndlərdə rahat həyat şəraitinin yaradılması üçün apardığı sosial-iqtisadi siyasətin daha bir əyani göstəricisidir.

Ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verən Prezident İlham Əliyev dedi:

-Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Həm Prezidentin ehtiyat fonundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir. Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir - həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz prinsipcə görürük ki, əhalini nəzərə alaraq nə qədər texnika lazımdır. Ona görə, digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək.

Prezidentin köməkçisi Anar Ələkbərov: Oldu, cənab Prezident, aydındır.

Prezident İlham Əliyev: Mən göstəriş vermişdim ki, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlər görülsün. Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda, Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir. Dayanacaqlar da pis vəziyyətdədir. Ona görə bu yeni texnika bütün şəhər infrastrukturunun müasirləşməsinə xidmət göstərəcək. Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir. Bu müasir təcili tibbi yardım maşınları hər yerdə lazımdır, özü də ən aparıcı şirkətlərin istehsalıdır. Əlbəttə ki, yeni avtobuslar həm rahatlıq gətirəcək, həm də təhlükəsizlik baxımından çox vacibdir.

Anar Ələkbərov: Cənab Prezident, Sizə təşəkkür edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video