25 May 2020 17:14
2379
Səfərlər
A- A+

Şamaxı şəhərində və rayonun Meysəri kəndində körpələr evi-uşaq bağçalarının açılışları olub

 
Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr evi-uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının mayın 25-də açılışları olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışlarda iştirak ediblər.

Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha təsdiqləyir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu sahədə çox mühüm nəticələr əldə edilib. Şamaxı rayonunun ehtiyacları nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu rayonda inşa olunan 2 uşaq bağçası Fondun həyata keçirdiyi bu cür layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir.

Şamaxıdakı 2 nömrəli körpələr evi-uşaq bağçası ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Bütövlükdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc məcburi köçkün ailələri üçün 16 mənzilli 1 yaşayış binası, rayonun Məlikçobanlı, Birinci Çaylı, Quşçu, Avaxıl, Dədəgünəş və Meysəri kəndlərində, ümumilikdə, 1212 yerlik orta məktəb binaları, Şamaxı şəhəri, Şəhriyar qəsəbəsi, Quşçu kəndlərində, ümumilikdə, 290 yerlik körpələr evi-uşaq bağçaları, Həmyəli, Birinci Çaylı, Quşçu, Mərzəndiyə, Avaxıl, Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri inşa edilib, Qaleybuğurd və Saqiyan kəndlərində 320 yerlik orta məktəblər, 210 yerlik Şamaxı Texniki Humanitar və Təbiət Fənləri Təmayüllü Liseyi və rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub.

Açılışı olan tədris-tərbiyə ocaqlarından biri də Şamaxının Meysəri kəndindəki körpələr evi-uşaq bağçasıdır. 1926-cı ildən fəaliyyətə başlamış Meysəri kənd 120 şagird yerlik tam orta məktəbinin köhnə binası istismar üçün yararsız olduğuna görə 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə kəndin giriş hissəsində 132 şagird yerlik yeni məktəb inşa edildikdən sonra Fond tərəfindən məktəbin köhnə binası körpələr evi-uşaq bağçasına uyğunlaşdırılmış layihə üzrə əsaslı təmir edilib. Körpələr evi-uşaq bağçasında 2019-cu ildə başlanılan təmir işləri 2020-ci ilin aprel ayında yekunlaşdırılıb.

Qırx yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları və digər zəruri otaqlar mövcuddur. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, müasir işıqlandırma sistemləri quraşdırılıb. Kənd yerlərində belə bağçaların və digər sosial, mədəni, təhsil obyektlərinin istifadəyə verilməsi ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır. Bu cür layihələr göstərir ki, Azərbaycanda həyata keçirilən sosial layihələrin miqyası və coğrafiyası getdikcə daha da genişlənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video