23 May 2020 00:46
999
SİYASƏT
A- A+

İlham Əliyevdən növbəti sərt xəbərdarlıq


Prezident bəyan etdi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı aparılan amansız mübarizə daha da gücləndiriləcək


"Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq...

Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalı və bunun kökü kəsilməlidir. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır”.

Bu sərt xəbərdarlığı Prezident İlham Əliyev mayın 21-də Ağstafa və İmişli rayonlarına təyin etdiyi yeni icra hakimiyyəti başçılarını qəbulu zamanı səsləndirib. Videoformatda baş tutan qəbulda dövlət başçısı hər zaman olduğu kimi, gənc kadrlara məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verməklə yanaşı, xəbərdarlığını da edib. Əgər yeni təyin olunan icra başçıları Prezidentin verdiyi tapşırıqları icra edə bilməsələr, cəzalanacaqlar. Ona görə də icra başçıları onlara göstərilən etimadı öz işləri ilə doğrultmalıdırlar.


Vətəndaşı narahat edən problemlər həll edilməlidir


Prezident yeni təyin olunmuş məmurlara rəhbərlik edəcəkləri rayonlarda bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmalı olduqlarını, korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökünün kəsilməsi üçün ciddi çalışmalarının vacibliyini vurğuladı: "Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”.

Dövlət başçısı həmçinin pandemiya dövründə ölkənin sosial-iqtisadi durumu, həyata keçirilən regional proqramlardan danışaraq vurğuladı ki, indiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək.

Qlobal böhrandan az itki ilə çıxmaq üçün dövlət bütün lazımi tədbirləri görür. Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan mexanizm ən yüksək qiymətə layiqdir. Dövlət yüz minlərlə insanın sosial vəziyyətinin pisləşməsini nəzərə alaraq onlara yardım göstərir. Bu yardım insanları belə bir ağır vəziyyətdə ruhlandırır və eyni zamanda onların maddi imkanlarının təmin edilməsində rol oynayır: "Biz bunu edirik ki, insanlar bu vəziyyətdən çıxsın və az itkilərlə çıxsınlar. İlk növbədə, koronavirusla bağlı mübarizədə görülmüş işlər yüksək qiymətə layiqdir. Eyni zamanda koronavirusa görə işini itirən, yaxud da ki, müvəqqəti olaraq itirən insanların da yardımına dövlət gəlməlidir. Ona görə də dövlət hər zaman bu işlərdə aparıcı rolunu oynayacaq”.


Sahibkarlara təzyiqlər aradan qaldırılmalıdır


Prezident hazırkı durumda sahibkarlığın inkişafının daha böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq vurğuladı ki, bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb. Ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər. İş adamları hansısa layihəni icra etmək, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə qarşılaşırlar: "Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Ona görə siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, onlar gəlib məhz sizin rayonlarınıza sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə, rayonların inkişafına töhfə versinlər. Amma bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verilir. Buna yol vermək olmaz”.

Cənab İlham Əliyev ölkədə kənd təsərrüfatının inkişafının prioritet sahə olaraq qaldığı üçün indiki şəraitdə aqrar sektorun müasir üsullarla inkişafı ilə əlaqədar çox geniş proqramların icra edildiyini diqqətə çatdırdı. Bu sahədə də yerli icra orqanlarından çox şey asılıdır. Ona görə də müvafiq dövlət qurumları ilə birlikdə kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülməli, insanlar işlə təmin edilməli, məhsuldarlıq artırılmalıdır. Ümumilikdə, kənd təsərrüfatının inkişafını şərtləndirən bütün amillər təmin edilməlidir.

Son 17 il ərzində bölgələrdə reallaşan layihələri dəyərləndirən Prezident qeyd edib ki, görülən işlərin ən azı 90 faizi onun təşəbbüsü ilə baş tutub.

Həqiqətən də, bu qısa dövrə nəzər yetirsək, bölgələrin sürətli inkişafının şahidi olarıq. Belə ki, bu müddətdə ölkədə həyata keçirilən dövlət proqramları çərçivəsində 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı, demək olar ki, yenidən qurulub, qazlaşdırma təxminən 100 faizə çatdırılıb, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın olimpiya idman mərkəzi tikilib. Bununla yanaşı, regionlarda gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər inşa edilib.

Bütün bu işlərə dövlət başçısı şəxsən nəzarət edib. Mütəmadi olaraq bölgələrə səfər edərək yeni-yeni obyektlərin açılışlarını edib, təməlini qoyub və ciddi göstərişlərini verib. Həmçinin ictimaiyyət nümayəndələri ilə görüşərək vətəndaşların problemləri ilə maraqlanıb və onların bəzilərinin yerində həll olunması ilə bağlı göstərişlər verib. Bütün bunlar da, əlbəttə ki, xalqın dövlətə olan etimadını, inamını daha da yüksəldib: "Bizim bölgələrdə gördüyümüz işlərin mənbəyi xalqın iradəsidir. Bildiyiniz kimi, artıq regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət proqramı icra olunur. Bütün proqramların tərtibatında yerlərdən gələn təkliflər üstünlük təşkil edir. Mənim bölgələrə, rayonlara çoxsaylı səfərlərim və səfərlər əsnasında vətəndaşlarla görüşlərim bu proqramların hazırlanmasında xüsusi rol oynayır”.


Prezident yeni kadrlara tövsiyə və tapşırıqlarını verdi


Çıxışının sonunda Prezident bir daha Azərbaycanın yeniləşdiyini, müasirləşdiyini və yeni kadrlardan çox şey asılı olduğunu söyləyərək, yeni təyin olunan icra başçılarına tövsiyə və tapşırıqlarını verdi: "Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhvali-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar. Bunu da bilməlisiniz ki, sizin fəaliyyətinizə diqqət göstəriləcək, nəzarət olunacaq. Elə işləməlisiniz ki, mənim tərəfimdən verilən bütün tapşırıqlar yerinə yetirilsin, Ağstafa və İmişli rayonlarının uğurlu inkişafı təmin edilsin”.

Bir sözlə, Prezident növbəti dəfə yeni təyin etdiyi İcra Hakimiyyəti başçılarını qəbul edərək onlara doğru istiqamət verdi və yeni kadrların fonunda digər məmurlara da sərt xəbərdarlığını etdi.

Ümumiyyətlə, hər kəs son aylar ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiyinə şahidlik edir. Bəzi rayonların icra hakimiyyəti başçılarının və ayrı-ayrı nazirliklərin struktur rəhbərlərinin işdən azad edilərək həbs olunmaları bir daha təsdiq edir ki, cənab İlham Əliyevin tapşırığına əsasən, korrupsiyaya qarşı amansız mübarizə başlayıb. Prezident isə bu istiqamətdə tədbirlərin daha da sürətləndiriləcəyini bəyan etdi.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video