23 May 2020 00:44
1607
İQTİSADİYYAT
A- A+

Zəngin yeraltı sərvətlərimiz yeni iqtisadi analizlərin aparılmasını tələb edir


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi və ölkə iqtisadiyyatının əsas sektorlarının gələcək tələbatını ödəməyə qadir olan mineral-xammal bazasının formalaşdırılması məqsədilə bu il martın 16-da "Yer təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.

Danılmaz faktdır ki, hər bir dövlətin siyasi qüdrətini, müdafiə qabiliyyətini, sosial-iqtisadi inkişaf tempini müəyyənləşdirən amillərdən biri də onun mineral-xammal bazasıdır. Dövlət başçısının "bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik” kimi fikrinə söykənən siyasəti sayəsində bu gün məmnuniyyətlə qeyd etmək istərdik ki, istehsalatda işləyən və alim geoloqlarımızın əməyi və səyi nəticəsində Azərbaycanın əsas iqtisadi istiqamətlərini və potensialını müəyyənləşdirən etibarlı mineral-xammal bazası yaradılmışdır. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatının bir sıra sahələri, xüsusən qeyri-neft sektoruna daxil olan ağır sənaye, əlvan metallurgiya və tikinti sənayesi sahələrinin formalaşması, inkişafı bilavasitə mineral-xammal bazasından istifadəyə əsaslanır.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, "Yer ehtiyatlarının aerokosmik tədqiqatları” ETL-in elmi rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Vasif Babazadənin və həmin kafedranın dosenti Şəhla Abdullayevanın Azərbaycanın mineral-xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlərinin (8 monoqrafiya, 2 kosmotektonik xəritə) elm sahəsi üzrə 2020-ci ilin dövlət mükafatına təqdim edilməsi bu baxımdan təqdirəlayiqdir.

Yeraltı sərvətlərimiz barədə geniş məlumatı əks etdirən silsilə əsərlər çox ciddi, elmi cəhətdən peşəkar səviyyədə yazılmışdır. Onu da qeyd edək ki, Azərbaycanın yeraltı sərvətləri haqqında sistemli məlumat vermək asan iş deyil. Bu baxımdan təqdim edilən silsilə əsərlərə adi vəsait kimi deyil, eyni zamanda ölkə iqtisadiyyatının inkişafına investisiyanın cəlb olunmasında bir vasitə kimi baxmaq lazımdır. Heç şübhəsiz ki, bu əsərlərdən əməli istifadə faydalı qazıntı yataqlarının proqnozlaşdırmasını, qanunauyğun yerləşməsini, nəhayət, təbii sərvətlərin işlənməsini asanlaşdıracaq.

Dünyada Azərbaycan kimi mineral-xammal sərvətlərilə zəngin olan ölkələr azdır. Ən böyük dövlətlər də xammal baxımından başqa ölkələrdən asılıdır. Zəngin təbii sərvətlərə malik Azərbaycan isə heç bir dövlətdən asılı olmadan güclü iqtisadiyyat yaratmışdır. Ölkəmizə dünya şöhrəti qazandıran karbohidrogen xammalından başqa, yerin təkində ümumilikdə 750 faydalı qazıntı yatağının olması müəyyən edilmişdir. Bəlli olur ki, ölkə ərazisinin hər yüz kvadrat kilometr sahəsinə təxminən 9 yataq düşür. Onların sırasında qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, texniki mineral xammal, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye su yataqları vardır.

Ölkə iqtisadiyyatında bazar münasibətlərinin formalaşdığı və azad sahibkarlığın inkişafına geniş meydan açıldığı indiki vaxtda qeyri-filiz və tikinti materialları yataqlarının istismara cəlb edilməsi böyük əhəmiyyətə malikdir. İndi Azərbaycanda 400-ə yaxın hüquqi və fiziki şəxs qismində müəssisə qeyri-filiz xammalı və müxtəlif tikinti materiallarının hasilatı, istehsalı üzrə fəaliyyət göstərir.

Silsilə əsərlərdə alimlərimiz neftə alternativ baxıla bilən metallik faydalı qazıntı yataqları üzərində xüsusən ətraflı dayanırlar. Göstərilir ki, Azərbaycanın təkində təkcə filiz faydalı qazıntılarının 20-dən artıq müxtəlif növü aşkar edilmişdir. Özü də onların bir qismi çox iri yataqlarla təmsil olunmuşdur. Müəlliflərin fikrincə, bu növ mineral-xammal resurslara neftə alternativ kimi baxılmalıdır və onlar müxtəlif sahələrin, xüsusən əlvan metallurgiya sənayesinin inkişafına zəmin yaratmalıdır.

Alimlərimizin ardınca biz dövlətimiz üçün prioritet əhəmiyyət daşıyan filiz faydalı qazıntılarının siyahısını bir daha nəzərdən keçirməli və bu mineral-xammaldan səmərəli istifadə yolları haqqında düşünməliyik. Bu siyahıya dəmiri, alüminiumu, misi, qurğuşunu, sinki, molibdeni, xromu, qızılı, civəni, kobaltı və b. daxil etmək olar. Götürək Balakən rayonunda yerləşən Filizçay kolçedan-polimetal yatağını. Bu yataq ehtiyatına və filizlərdə metalların çeşidliyinə görə Avropanın unikal yataqlarından biri hesab edilir. Yatağın yerləşdiyi Balakən-Şəki metallogenik zonasında 10-dan artıq iri və orta ölçülü bu tip yataq aşkar edilmişdir (Katex, Kasdağ, Saqator, Mazımçay və b.). Əlbəttə, bu zonada polimetal kombinatı ilə birgə iri əlvan metallurgiya mərkəzi yaratmaq iqtisadi baxımdan əlverişli olardı. Kombinatın ekoloji cəhətdən zərərsiz, mütərəqqi texnologiya ilə işləməsi Filizçay yatağının filizlərindən faydalı komponentlərin (qurğuşun, sink, mis, qızıl, gümüş, bismut, kobalt, kadmium, indium, selen, tellur və s.) büsbütün çıxarılmasına imkan verər, üstəlik, yerin təkindəki kükürd kolçedanının böyük ehtiyatına malik olan, həmçinin flotasiya tullantısında saxlanılan bu xammalın itkisini aradan qaldırar, ondan sulfat turşusu və sərbəst kükürd almaq imkanı yaradardı. Bütün bunlar Balakən, Zaqatala rayonlarında sənayeni təşkil etməyə, kənd təsərrüfatının inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına kömək edərdi.

Digər misal: keçən əsrin 80-ci illərində geoloqlarımızın səyi nəticəsində Azərbaycanın bir sıra bölgələrində yeni tip filizləşmə - mis və molibden-porfir yataqları aşkar olunmuşdur. Onlardan ən perspektivliləri Qaradağ, Xarxar, Diaxçay, Göygündür, Misdağ və s.-dir. Bu yataqların filizlərindən mis, molibden və digər faydalı komponentlər çıxartmaq olar. Onu da qeyd etmək yerinə düşər ki, Nazirlər Kabinetinin 29 dekabr 1993-cü il 638 saylı qərarı ilə Şəmkir rayonu ərazisində Qaradağ mis-porfir mədəni əsasında göydaş istehsalı üzrə "Çənlibel” dağ-mədən dövlət müəssisəsinin yaradılması nəzərdə tutulmuşdu.

Prezident İlham Əliyev 2017-ci il aprel ayının 17-də Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsindəki çıxışında resurslarımızdan səmərəli şəkildə istifadə etməyi vurğulamış, təbii ehtiyatlarımızın təkcə neftlə, qazla məhdudlaşmamasını, əhəmiyyətli qızıl yataqlarının mövcudluğunu, bu məqsədlə bir müddət bundan əvvəl "AzerGold” dövlət qurumu - səhmdar cəmiyyətinin yaradılmasını, həmin yataqların istismarı və ixracı çərçivəsində işlərin aparılmasını, digər qiymətli faydalı qazıntı yataqlarının da mövcud olmasını, bu sahədə on milyonlarla dollar ixrac potensialının yaranmasını göstərmişdir. Prezident, eyni zamanda Azərbaycanda qara metallurgiyanın mineral xammal bazası sayılan Daşkəsən dəmir yatağı əsasında vahid bir istehsalat sahəsinin olmaması səbəbindən filizin çıxarılmasından başlayaraq son ixrac məhsuluna qədər bütöv istehsalat zəncirinin yaradılmasının vacibliyini qeyd etmişdir.

Ölkəmiz üçün əsas və strateji xammallardan biri olan qızıl yataqlarının istismarı da gündəlikdə duran vacib məsələlərdəndir. Bu baxımdan dövlət mükafatına təqdim edilən silsilə əsərlərdə ən önəmli yeri qızıl yataqlarının tutması təsadüfi deyil. Müəlliflərin "Azərbaycan qızılı”, "Nəcib metal filiz-maqmatik sistemləri”, "Ada qövsləri paleosistemlərinin qızıl saxlayan sulfid yataqları, onların metallogenik xüsusiyyətləri və geodinamik inkişafı” və s. bu kimi kitablarının elmi və praktiki əhəmiyyəti əvəzsizdir.

Azərbaycanın müxtəlif bölgələrində məxsusi və kompleks, habelə səpinti qızıl yataqları aşkar edilmişdir. Hazırda yalnız Gədəbəy qızıl-mis kolçedanı yatağı emal edilir, iri və əhəmiyyətli dərəcəli Çovdar qızıl yatağı istismar ərəfəsindədir. Bundan əlavə, çox perspektivli Tülallar qızıl yatağının da ehtiyatı hesablanır, Qoşa, Dağkəsəmən və digər yataqların istismarı gündəmdə saxlanılır. Elmi əsərlərdə təklif edilir ki, qızılın iştirak etdiyi və ehtiyatı böyük olmayan az rentabelli yataqların (məsələn, qızıl saxlayan mis-porfir yataqları) bir-birinə yaxın yerləşməsini nəzərə alaraq, onların kompleks şəkildə istismarına baxılma məsələsi nəzərə alınmalıdır.

Müəlliflər göstərirlər ki, nəcib metal yataqları üçün müəyyən olunmuş regional və lokal yerləşmə qanunauyğunluqları zəif öyrənilmiş təzahürlərin, habelə istismar edilən, yaxud istismara hazırlanan yataqların dərin horizontlarının perspektiv qiymətləndirilməsi üçün gizli filizləşmənin proqnozu və axtarışında da vacib meyar hesab edilə bilər. Bütün bunlar qızılçıxarma kimi sənaye infrastrukturunun yaradılmasına, dövlətin qızıl fondunun möhkəmlənməsinə, çevik xarici əlaqə ünsiyyətlərinin qurulmasına və nəhayət, xarici sərmayə qoyuluşlarının cəlb olunmasına gətirib çıxarar.

Silsilə əsərlərə qoşulan "Azərbaycanın kosmotektonik xəritəsi” və "Filiz faydalı qazıntılarının proqnozlaşdırılması ilə Azərbaycanın regional çatlılıq xəritəsi” üzərində ayrıca dayanmaq istərdik. Xəritələrdə müxtəlif miqyaslı kosmik və aeroşəkillərin deşifrə olunması, geoloji-geofiziki, geokimyəvi, buruq-qazma və geoloji planlama işlərinin təhlili nəticəsində metallogenik zonalar, başlıca filiz yataqları, müxtəlif tip minerallaşmanın perspektivli sahələrinin konturları öz əksini tapmış, Azərbaycanın qızıl filizi əyaləti ayrılmışdır. MDB məkanında ilk dəfə olaraq geodinamik əsasla tərtib olunmuş bu xəritələr AMEA-da mühüm elmi nəticə kimi qəbul edilmiş, 30-cu (Pekin) və 33-cü (Oslo) Beynəlxalq Geoloji konqreslərdə nümayiş etdirilmişdir. "Azərbaycan qızılı” və "Azərbaycanın mineral-xammal resursları” monoqrafiyaları, habelə adları çəkilən kosmotektonik xəritələrin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində təqdimat mərasimi keçirilmişdir. Müxtəlif illərdə bu əsərlər Moskvada və Sankt-Peterburqda keçirilən Beynəlxalq kitab yarmarkalarında Azərbaycanın stendlərində, kosmotektonik xəritələr isə Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində nümayiş etdirilmişdir.

Fundamental əsərlər toplusu və ona qoşulan kosmotektonik xəritələrdə geologiya elminin müasir konsepsiyaları nəzərə alınmış, elmi baxımdan təkmil, təcrübi cəhətdən çox əhəmiyyətli vəsaitlər hazırlanmışdır. Azərbaycan elminə böyük töhfə olan bu kitablar qeyri-neft sektoruna aid olan ən əhəmiyyətli nəşrlər sayıla bilər.

Ümumiyyətlə, mineral-xammal bazasından əməli istifadə tamamilə yeni iqtisadi analizlərin aparılmasını tələb edir. Şübhə etmirik ki, dövlət mükafatına təqdim edilən və zəngin yeraltı sərvətlərimizin atlası olan silsilə əsərlər bu baxımdan çox faydalı olacaqdır.

M.ƏLİYEV,

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi, texnika elmləri doktoru, professor

Ş.SƏFƏROV,

baş geoloq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video