22 May 2020 00:35
3505
SİYASƏT
A- A+

Qətiyyətli liderlik və əbədi müstəqillik



Tarixən belə olub - insan toplumları birləşərək xəyal və arzusunda olduqları cəmiyyəti və dövləti yaratmağa, beləliklə həm də fərdi azadlıqlarını təmin etməyə çalışıblar. Qoca tarix insanlığın bu məramından qığılcım alan saysız-hesabsız qanlı müharibələrin, kütləvi qırğın və məhrumiyyətlərin şahidi deyilmi?! Azad, ədalətli və müstəqil cəmiyyətdə yaşamaq istəyinə bütün varlığı ilə hakim kəsilən ayrı-ayrı toplumları və xalqları dünən də, bu gün də birləşdirən ortaq məqsəd isə budur: müstəqil dövlətdə və azad cəmiyyətdə yaşamaq!
Dünyanın qədim etnoslarından olan Azərbaycan xalqı da hər zaman müstəqil dövlətə sahib olmaq arzusu ilə yaşayıb. Minilliklər boyu bu əlverilşli məkanda saysız-hesabsız dövlətlər təşəkkül tapsa da, müəyyən xarici basqılar, eləcə də daxili çəkişmələr üzündən mövcudluqlarını uzun müddət saxlaya bilməyiblər. Yalnız XVI əsrin əvvəllərində qüdrətli sərkərdəmiz Şah İsmayılın hərbi, siyasi və diplomatik fəaliyyəti nəticəsində böyük bir coğrafiyada Səfəvilər dövləti yaradıldı və azərbaycanlıların mərkəzləşmiş dövlət qurmaq arzusu ilk dəfə olaraq xəyallardan reallığa çevrildi.
Mütərəqqi dünyanın təfəkkür tərzi ilə uzlaşan dünyəvi və hüquqi dövlət modeli qurmaq şansımız isə çox sonralar - yalnız XX əsrin əvvəllərində yarandı. Proses həm də qansız-qadasız, ziyalı fəhmi ilə məntiqi sonluğa yetişdi: əsrin əvvəllərində dövrünün görkəmli ədəbi simalarından olan Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Əli bəy Hüseynzadə, Firudin bəy Köçərli, Məmməd Səid Ordubadi və digərləri azadlıq və müstəqillik ideyalarını öz əsərlərində təbliğ edərək ictimai şüurda möhkəmlənməsinə təkan verdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gedən yolda bu dəfə sərkərdə əzm-qətiyyəti, qılınc-qalxan deyil, zəka, məslək və əqidə birliyindən qaynaqlanan müstəqillik ideyası sözünü dedi. Zamanı düzgün dəyərləndirən müdrik irfan sahibləri Zaqafqaziya Seyminin dağılması ilə milli müstəqillik məqamının yetişdiyini də düzgün dəyərləndirdilər.


Müsəlman Şərqinin parlayan ulduzu


Nəhayət, milli qürur tariximizə çevrilmiş o unudulmaz gündə - 1918-ci il mayın 28-də Zaqafqaziya Seyminin müsəlman təmsilçiləri milli istiqlaliyyəti elan etmək, milli hökuməti yaratmaq üçün Tiflisdə toplandılar. Uzun və gərgin müzakirələrdən sonra Milli Şura ruh yüksəkliyi və sevinc göz yaşları ilə "Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə”ni qəbul etdi. 30 may 1918-ci il tarixdə Azərbaycanın müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə məlumat verildi.
Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda yaradılmasını bu gün böyük qürur və fəxarət hissi ilə deyirik. "İstiqlal Bəyannaməsi”ndə müstəqil dövlətin yaranış və quruluş forması ilə yanaşı, ərazi hüdudları da dəqiq müəyyənləşdirilmişdi. Hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların siyasi, sosial və iqtisadi hüquqlarının təmini, hər kəsin milli, dini, sinfi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün əlverişli şəraitin yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü prinsipləri demokratik, hüquqi və dünyəvi dövlət modelinin əyani təzahürləri idi.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə nələrə nail olmadı ki?! İlk Avropa tipli universitet yaradıldı, qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli milli bayrağımız, gerb və himnimiz qəbul edildi. Milli pul dövriyyəyə buraxıldı, ordu, parlament, təhlükəsizlik strukturları formalaşdırıldı. Qonşu dövlətlərlə sivil diplomatik münasibətlər yaradıldı, vətəndaş rifahına xidmət edən sosial-iqtisadi islahatlar aparıldı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamında deyildiyi kimi: "Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi”.
Əlbəttə, əksər hallarda müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətin olur. Təəssüf ki, ötən əsrin əvvəllərində cərəyan edən hadisələr fonunda bu acı taleyi yaşamalı olduq. Tarix səhnəsinə gəlib-getmiş bir çox dövlətlər kimi, cümhuriyyət də məhz xarici müdaxilənin qurbanı oldu və mövcudluğu 23 ay çəkdi. Bununla belə, cümhuriyyət dövrü Azərbaycanın ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinin bərpasına nail olmasında həlledici istinad mərhələsi kimi tarixiləşdi və yaddaşlarda silinməz izlər buraxdı.


Müstəqilliyə etibarlı təməl


Xalqın dəyəri onun nəyə can atmasındadır. Azərbaycan xalqı da hər zaman milli ruh və özünəməxsusluğunu qorumağa çalışıb, bu amal uğrunda mücadilə aparıb. Ötən əsrin 30-40-cı illərində milli ruh və düşüncənin daşıyıcısı, milli təfəkkür sahibi olan aydınlarımıza qarşı törədilən qanlı terror və amansız repressiya dalğası belə xalqımızı milli məslək və iradəsindən uzaqlaşdıra bilmədi.
Bəli, Azərbaycanın tarixi şəxsiyyətlərinin, sərkərdələrinin həyata keçməyən, nisgilə çevrilən müstəqil dövlət arzusu ötən əsrin 70-80-ci illərindən başlayaraq məhz Ümummilli Lider Heydər Əliyevin gizli və bəzən də aşkar mübarizəsi ilə gerçəkliyə çevrildi. Böyük öndər, ilk növbədə, milli-mənəvi ruhu gücləndirməklə xalqı tarixi ənənə və köklərinə qovuşdurmağa nail oldu. Müxtəlif tədbirlərdə Azərbaycan dilində səlis çıxış etməklə ana dilinə hörmət və məhəbbətin vacibliyi ilə bağlı cəmiyyətə açıq mesajlar verdi. Milliləşmə zəruriliyini, ana dilinə, dinə, milli dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağın vacibliyini ictimai fikrə müdrikliklə təlqin etdi.
Həmin illərdə Heydər Əliyevin siyasi iradəsilə reallaşdırılan kompleks tədbirlər Azərbaycanda milli özünüdərk hissini gücləndirdi. Müstəqil düşüncə və dövlətçilik təfəkkürünün inkişafına zəmin yarandı. O dövr üçün kifayət qədər riskli və prinsipial görünən addımları ilə Heydər Əliyev Azərbaycan ictimai təfəkkürünü xof və qorxudan da azad etdi. Onun ciddi səyləri ilə 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşi gətirilərək Naxçıvanda torpağa tapşırıldı.
Müstəqillik təminatdan başlayır. Bu reallığı düzgün dəyərləndirən Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ötən əsrin 70-80-ci illərində inşa edilmiş yüzlərlə fabrik və zavodlar, iri sənaye müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları mahiyyət etibarilə milli müstəqilliyin gələcək iqtisadi, mənəvi və ideoloji zəmininə çevrilmiş oldu.
Bu sadə həqiqətlər fonunda Heydər Əliyevin müstəqillik tariximizdəki yeri və rolunun tamam fərqli olması da mübaliğəsiz reallıqdır. Bəli, Heydər Əliyev məhz dayanıqlı, qüdrətli, müstəqil Azərbaycan dövlətinin banisidir. Böyük strateqin hələ sağlığında söylədiyi "Azərbaycanın müstəqilliyi daimidir, sarsılmazdır, dönməzdir” fikri onun çağdaş tariximizdə layiqli yerini müəyyən edir.


İstiqlal yolunun fatehi


Alman mütəfəkkiri Yohan Volfqanq Getenin sözüdür: "Malını itirən bir şey, qürurunu itirən bir çox şey itirib. Cəsarətini itirən isə hər şeyini itirib”. Bəzən mövcudluğu sual altında olan hər bir xalq qətiyyətli və müdrik siyasi liderinin rəhbərliyi ilə zəruri olan cəsarəti nümayiş etdirir. Milli iradəsini ortaya qoyaraq azadlıq və istiqlala gedən yolda bütün məhrumiyyətlərə sinə gərir. Əsl lider ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış etmir, biganəlik və laqeydlik göstərmir.
Xalqımız ötən əsrin 80-ci illərinin sonunda müstəqilliyin bərpası yolunda cəsarət nümayiş etdirərək od-alovlardan keçdi, qurbanlar verməli oldu. Nəhayət, məşəqqət və faciələrdən sonra 1991-ci ilin 18 oktyabrında cümhuriyyətin varisi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası bütün dünyaya bəyan edildi. Lakin ilk illərdə hakimiyyətdə olan siyasi qüvvələrin naşı və yarıtmaz fəaliyyəti müstəqillik ideyasının praktik olaraq gerçəkləşməsinə və ictimai etimad qazanmasına imkan vermədi. Xüsusən də AXC-Müsavat cütlüyünün apardığı siyasət 1993-cü ilin əvvəlində Azərbaycanı böyük uçurumla üzləşdirdi. Vətəndaş müharibəsinin qığılcımları artıq alova çevrilirdi. Nəhayət, 1993-cü ilin iyun ayında Azərbaycanda dövlət idarəolunmaz vəziyyətə gəlib çıxdı. Respublikanın olum və ya ölüm dilemması qarşısında qaldığı bir şəraitdə çıxılmaz vəziyyətdə olan ovaxtkı başçıları Heydər Əliyevə üz tutdular.
Beləliklə, Azərbaycan xalqı öz taleyini təcrübəli, vətənini və xalqını sevən, onun arzu və istəkləri ilə yaşayan bir liderə - Heydər Əliyevə etibar etdi. İyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. 1993-cü il oktyabrın 10-da keçirilmiş prezident seçkilərində Ulu Öndərin ölkə seçicilərinin 95 faizindən çoxunun səsini qazanaraq inamlı qələbə qazanması çarəsizlik və bədbinlik içində yaşayan insanların daxilində işıqlı sabaha, təminatlı gələcəyə inam hissinin parıltısı, cücərtisi idi.
Ümummilli Lider qısa zamanda hakimiyyət boşluğunu aradan qaldırdı. İctimai-siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atdı. 1993-cü ilin iyul-avqust aylarında xalqımızın böyük dəstəyi ilə bu hadisələrin qarşısını alan, bütün qanunsuz silahlı birləşmələri tez bir zamanda aradan qaldıran Ulu Öndər, eyni zamanda, cəmiyyətdə milli həmrəyliyin, sabitliyin möhkəmləndirilməsinə nail oldu. İqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl və sistemli tədbirlər həyata keçirdi.
Qısa müddətdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu. Ümummilli Lider müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoydu. Özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi.
Siyasi və hüquqi müstəvidə də bir sıra mühüm nailiyyətlərə imza atıldı. 1994-cü ildə atəşkəsin elan olunması Azərbaycana nizami ordu quruculuğu yönümündə islahatlar aparmağa imkan verdi. Aparılan uzaqgörən xarici siyasət sayəsində Azərbaycanın dünyanın bir sıra aparıcı dövlətləri, o cümlədən qonşu ölkələrlə münasibətləri sahmana salındı.
Ümummilli Lider milli-mənəvi və tarixi irsə də daim böyük hörmətlə yanaşırdı. Ulu Öndərin 30 yanvar 1998-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncamı ilə xüsusi komissiya yaradıldı, cümhuriyyətin yaranmasının 80 illiyi respublikamızda və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd olundu.
Bəzən taleyin bizə nə qədər mühüm tarixi mərhələnin canlı şahidi olmaq fürsəti verdiyinin fərqində olmuruq. Şübhəsiz, bu günlərin müasiri olmaq, Azərbaycanın inkişaf mərhələlərinin iştirakçısına çevrilmək, tarixi nailiyyətlərinə görə qürur və fəxarət hissi keçirmək taleyin bizə xoş bir ərməğanıdır. Dövlətçilik nailiyyətlərimizin qürurunu yaşayarkən bütün bunların möhkəm təməlini qoymuş Ulu Öndər, dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin xatirəsini sevgi və ehtiram hissi ilə yad edir, dahi dövlət adamının əzəmətini bir daha anlamış oluruq. Şübhəsiz ki, bu nailiyyətlərin heç biri başlanğıc deyil. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bunlar Heydər Əliyevin təşəbbüsü, xeyir-duası ilə başlanmış inkişaf proseslərinin növbəti mərhələsi, davamıdır.


Müstəqil siyasətin bəhrələri


Əsl siyasi davamçı təkcə formalaşmış ənənələri yaşadan deyil, həm də onu zənginləşdirərək öz strateji baxışını ortaya qoyan, xalqının mənafeyinə uyğun siyasət yürüdən parlaq şəxsiyyətdir. Bu prizmadan cənab İlham Əliyevin son 17 ildə Ulu Öndərin siyasi kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirən və Azərbaycanın müstəqilliyini inamla təmin edən lider olduğu qabarıq görünür.
Tarixi, hüquqi və mənəvi təməli 1918-ci ilin 28 mayında qoyulmuş Azərbaycan Respublikası İlham Əliyevin qətiyyətli liderliyi ilə bu gün tam müstəqil siyasət yürüdür, öz taleyinə sahib çıxması ilə regionda seçilir. Azərbaycan Prezidenti İlham Əliyevin cümhuriyyətin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə dediyi bu dəyərli fikirlər heç zaman unudulmayacaq: "Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”.
Ötən 27 ildə bir çox ölkələrin yüzilliklər boyu nail olduğu sürətli inkişaf yolu keçmişik. Azərbaycanın uğurlarını bu gün ən müxtəlif prizmalardan dəyərləndirmək olar. Lakin bu sırada ölkəmizin milli maraq və mənafeyini qətiyyətlə təmin edən, müstəqil siyasət yürüdən ölkə kimi tanınmasını xüsusi vurğulamaq lazımdır. Ölkə Prezidenti son 17 illik rəhbərlik fəaliyyəti ilə Azərbaycanın müstəqilliyi arzusunda olan bütün dühaların arzu və istəklərini tam həyata keçirib. Respublikamız regionda və beynəlxalq arenada cərəyan edən proseslərə milli maraq və mənafeyindən çıxış edərək reaksiya verib. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları bu gün Azərbaycanın mövqeyini nəzərə alırlar.
Ermənistandan fərqli olaraq Azərbaycanın regionda öz siyasi dəst-xətti, müstəqil inkişaf yolu mövcuddur. Bu isə bir sıra dairələri, ilk növbədə, təcavüzkar ölkənin rəhbərliyini ciddi narahat edir. İkinci Dünya müharibəsi dövründə babasının alman faşistləri ilə xəyanətkar əməkdaşlığı üzə çıxan Ermənistanın baş naziri Paşinyanın Azərbaycan Xalq Cümhuriyyətinin əsas banilərindən olan Məhəmməd Əmin Rəsulzadəni saxta ittihamlarla eyni məsələdə günahlandırması təcavüzkar ölkənin siyasi, iqtisadi və ideoloji cəbhələrdə Azərbaycanla rəqabətə davam gətirmədiyinin bariz təcəssümüdür.
Obyektiv səbəblərdən ötən dövrdə Azərbaycanın həllinə nail olmadığı bir problem var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Dövlət başçısı İlham Əliyev münaqişənin həlli, torpaqlarımızın işğaldan azad edilməsi üçün lazımi məqamda qətiyyətli addımların atılacağını heç zaman istisna etməyib.
Bu gün milli müstəqilliyi praktik surətdə gerçəkləşdirməyə nail olmuş ölkə rəhbərliyi iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, səmərəli diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir. Xarici və daxili siyasətdə milli maraqların gerçəkləşdirilməsi amalı daim öndə dayanır.
Azərbaycan cəmiyyəti yüksək demokratik inkişafa hər hansı dağıdıcı inqilabla deyil, məhz təkamül yolu ilə nail olmağın zəruriliyini dərk edir. Xalq məhz bugünkü Prezident İlham Əliyevin uğurlu və səmərəli fəaliyyətinin bəhrəsi olan iqtisadi, elmi, mədəni inqilabı dəstəkləyir. Son illərdə ölkədə baş verən möhtəşəm, inqilabi yeniliklər, modernləşmə prosesləri ölkəsini, xalqını sevən hər bir vətəndaş tərəfindən razılıqla qarşılanır.
Şübhəsiz ki, Azərbaycanın ən müxtəlif sahələrdə müstəqil siyasət yürütməsini təmin edən başlıca amillərdən biri son illərdə əldə olunmuş böyük iqtisadi nailiyyətlərdir. Son vaxtlar neftin qiyməti 4 dəfəyədək aşağı düşsə də, respublikamız iqtisadi müvazinətini əzmlə qoruyur, böhranın mənfi təsirlərini azaltmaq üçün səmərəli iqtisadi və inzibati-qanunverici islahatlar aparır.
Əminliklə deyə bilərik ki, 2018-ci ilin 11 aprel seçkilərindən sonra Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə həyata keçirilən sosialyönümlü islahatlar dövlətimizin başçısının inqilabi islahatların təşəbbüskarı və icraçısı olduğunu bir daha sübut edir. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş qəhrəman insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin edilməsi, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin tikintisi, minimum əməkhaqqının 2 dəfə artırılaraq 250 manat müəyyən edilməsi, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borclarının müəyyən şərtlər civarında silinməsi, yanğından zərər çəkmiş sahibkarlara kompensasiyanın ödənilməsi və digər sosialyönümlü addımlar Azərbaycanda insan amilinin uca tutulduğunu bir daha təsdiqləyir.
Bütün dünya ölkələrini çıxılmaz vəziyyətə salmış koronavirusla mübarizədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk gündən nümayiş etdirdiyi uğurlu strategiya da hazırda mütərəqqi model kimi qəbul olunur. Xalqın mənafeyi nəzərə alınmaqla vaxtında atılmış qabaqlayıcı addımlar Azərbaycanın pandemiya ilə mübarizədə qısa müddətdə uğurlu nəticələr əldə etməsinə imkan yaratdı. Sosial təcrid tədbirlərinin vətəndaşların və iş adamlarının mənafeyinə toxunmaması istiqamətində atılan addımlar, ciddi sosial paketin qəbulu və qısa zamanda həyata keçirilməsi respublikamızın iqtisadi qüdrətini və insan amilinə verdiyi dəyəri bir daha üzə çıxardı.
Bu gün qürur hissi ilə onu da demək olar ki, pandemiya ilə bağlı iqtisadiyyatının tənəzzül keçirməsi səbəbindən Beynəlxalq Valyuta Fonduna kömək üçün müraciət etmiş 150-dək ölkə arasında Azərbaycanın adı yoxdur. Əksinə, respublikamız ilk gündən yüksək humanizm nümayiş etdirərək pandemiyadan sarsılmış bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara maliyyə dəstəyi göstərib.
"Müstəqillik, güclü dövlət, sabitlik və sosial rifah” tezisi bu gün Azərbaycanda aparılan çoxşaxəli islahatların qayəsini təşkil edir. Bu məqsədlər naminə dərin iqtisadi islahatlar aparılır, cəmiyyətdə korrupsiya və digər neqativ hallara qarşı mübarizə tədbirləri gücləndirilir. Yeni dövrün tələblərinə cavab verməyən, eyni zamanda dövlət başçısının xəbərdarlıqlarından nəticə çıxarmayan məmurlar barəsində sərt ölçülərin götürülməsi vətəndaşlarda köklü islahatların səmərəli nəticələrinə inamı daha da artırır.
Bütün bunlarla yanaşı, dövlətimizin başçısı milli-mənəvi dəyərlərin və tarixi irsin böyük himayədarı olduğunu dəfələrlə sübut edib. Xatırladaq ki, Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı əsasında cümhuriyyətin yaranmasının 100-cü ildönümü respublikamızda geniş qeyd olunub. Eyni zamanda, dövlətimizin başçısının 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi cümhuriyyət banilərinə göstəriləm yüksək ehtiram və hörmətin bariz təcəssümü olub.
Bu gün Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dövlətçiliyimiz mövcudluq tarixinin heç bir dönəmində bu qədər güclü olmayıb. Azərbaycan insanı tarixin heç bir mərhələsində özünü bu qədər təminatlı, güvənli, təhlükəsiz, azad hesab etməyib. Bəli, bütün bunlar real liderlik və həqiqi müstəqilliyin xalqımıza, dövlətimizə bəxş etdiyi əvəzsiz töhfələrdir. Qarşıda isə bizi hələ çox uğurlar gözləyir.

Bəxtiyar ƏZİZLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video