21 May 2020 00:36
3462
SİYASƏT
A- A+

Cəsarətli, təşəbbüskar, ən islahatçı PREZİDENT



Cənab İlham Əliyev mütərəqqi siyasəti ilə qlobal böhranla mübarizəyə həm daxildə, həm də beynəlxalq səviyyədə böyük dəstək verir


İlin əvvəlindən bəşəriyyət üçün dəhşətli kabusa çevrilən koronavirus pandemiyası hələ də can almaqda, iqtisadiyyata ağır zərbələr vurmaqdadır. Bu fakt isə onu deməyə əsas verir ki, bəzi dövlətləri postpandemiya dövründə çox ağır günlər gözləyir. Lakin ilkin dövrdən qlobal pandemiyanı ciddiyə alıb qabaqlayıcı tədbirlər görən, müxtəlif proqramlar hazırlayan ölkələrin bu böhrandan az itki ilə çıxmaq imkanına malik olduqlarını da söyləyə bilərik.
Sevindiricidir ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan da bu dövlətlər sırasındadır. Çünki virusun miqyasının getdikcə böyüdüyü zamanda dövlət hər zamankı kimi insan amilini üstün tutaraq vətəndaşın sağlamlığını qorumaq üçün qabaqlayıcı tədbirlər gördü. Bunun müsbət nəticəsi isə göz önündədir.


Pandemiya dövründə hazırlanan ən böyük sosial-iqtisadi paket


Prezident İlham Əliyev ölkədə elan edilən karantin dövründə əhalinin sosial-rifah halının çətinləşməməsi üçün müstəqillik tariximizin ən böyük sosial-iqtisadi paketini təqdim etdi. Bu proqramla dövlət işləməyən vətəndaşların əməkhaqqını ödədi, aztəminatlı ailələrə maliyyə yardımları göstərdi. Bununla yanaşı, Azərbaycan pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına və bəzi dövlətlərə yardım etdi.
Bir sözlə, Azərbaycan regional və qlobal miqyasda pandemiyaya qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verərək bir daha dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən etibarlı tərəfdaşdır.
Mayın 19-da 3 saylı DOST mərkəzinin açılışında cənab İlham Əliyev pandemiya dövründə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələri, görülən işləri dəyərləndirdi. Gəlin, bir daha onlara nəzər yetirək:

- 3,5 milyard manatlıq sosial-iqtisadi paket;
- Dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqı tam ödənildi;
- Özəl sektorda çalışan 700 min insanın maaşının əhəmiyyətli hissəsi ödənildi;
- 600 min insana 2 ay müddətində 190 manat maliyyə vəsaiti verildi;
- 80 min ailəyə hər ay 220 manatdan çox ünvanlı sosial yardım ödənilir;
- Sahibkarlara maliyyə yardımları və müxtəlif güzəştlər edildi;
- Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edildi;
- 13 dövlətə, 3 beynəlxalq təşkilata müxtəlif formada yardım göstərildi;
- Tibbi ləvazimat, maska və kombinezonları istehsal edən 2 zavod açıldı;
- Virusa yoluxan insanların müalicəsi üçün yeni xəstəxanalar açıldı;
- Ölkədə heç bir sosial layihə təxirə salınmadı.
Bütün bunlar cənab İlham Əliyevin düşünülmüş uzaqgörən siyasətinin növbəti təntənəsidir desək, heç də yanılmarıq. Göründüyü kimi, Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması pandemiya dövründə də davam etdirilib.
Cənab İlham Əliyev bir daha həyata keçirilən sosial proqramlara diqqət yetirərək vurğuladı ki, ilin əvvəlində, yəni pandemiyanın alovlanan dövründə bir dənə də olsa sosial proqram ixtisar edilməyəcək. Eyni zamanda sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə də bu sahəyə göstərilən diqqət və həyata keçirilən əməli-praktiki addımlar bir daha dövlət siyasətinin mahiyyətini göstərir.


Ən mütərəqqi və insansevər təcrübə


Prezident həmçinin pandemiya dövründə həyata keçirilən xarici siyasətə də toxunaraq vurğuladı ki, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Hər zaman olduğu kimi, pandemiya dövründə də Azərbaycan istənilən dövlətlə təcrübəsini bölüşür.
Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Azərbaycan Prezidenti isə region və bütövlükdə dünya üçün çox faydalı olan təşəbbüslər irəli sürür. Ümumdünya Səhiyyə Təşkilatı isə bir çox ölkələrə Azərbaycanın təcrübəsindən yararlanmağı tövsiyə edir. Bununla yanaşı, Azərbaycan köməyə ehtiyacı olan dövlətlərə yardımlar edib və xeyirxahlıq missiyasını davam etdirməkdədir: "Xarici siyasətə gəldikdə, biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük. Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə də xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır”.
Dövlət başçısı son 2 ayda öz təşəbbüsü ilə videokonfrans formatında keçirilən beynəlxalq təşkilatların zirvə görüşlərini də xatırlayaraq dedi ki, Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. Bu da bir daha sübut edir ki, Azərbaycan hər bir işə çox məsuliyyətlə yanaşır və göstərdiyi səylər formal xarakter daşımır. Ona görə də Azərbaycanı nümunəvi ölkə adlandırırlar:
"Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm, başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da, görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.


Azərbaycan hər zaman üzüağ və alnıaçıq ölkədir


Göründüyü kimi, pandemiya dövründə də Azərbaycanda əhalinin sosial təminatı ilə bağlı dünyanın çox nadir ölkələrində rast gəlinən kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar da dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir.
Lakin Prezidentin söylədiyi kimi, pandemiya dövründə həm insanlar, həm də bəzi ölkələr özünün əsl simasını üzə çıxardı: "Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib”.
Həqiqətən də, Azərbaycan dövləti bütün dövrlərdə ehtiyacı olan insanlara, yardım üçün müraciət edən ölkələrə əl tutub və lazımi köməklik göstərib. Bu da cənab İlham Əliyevin humanist və insansevər siyasətinin bariz təcəssümüdür.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video