21 May 2020 00:35
3396
İQTİSADİYYAT
A- A+

Azərbaycan yenə birinci oldu


Bu dəfə Enerji Keçidi İndeksi üzrə


Dünya İqtisadi Forumunun Enerji Keçidi İndeksi (ETI) üzrə dərc etdiyi yeni hesabatda indeks cədvəlinin 44-cü pilləsində qərarlaşan Azərbaycan MDB məkanında ən yüksək nəticəyə nail olmuşdur. Ötən hesabatla müqayisədə ölkəmizin mövqeyi 13 pillə yaxşılaşmış, 2015-ci illə müqayisədə isə ümumilikdə 2 faizlik artım əldə edilmişdir.

Bu barədə yayılan məlumatda qeyd edilir ki, ölkəmizin ETI indeksi üzrə ümumi göstəricisi 58,1 faizdir və bu, 2020-ci il üzrə qlobal ETI göstəricisindən (55,1 faiz) yüksəkdir. Beləliklə, Azərbaycan MDB məkanInda irəli çıxmaqla həm də Qətər, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi zəngin enerji resurslarına malik ölkələri geridə qoymuşdur.

Qeyd etmək vacibdir ki, qazınılan uğurlar uzun illər ölkənin enerji sektorunda bütün istiqamətlərdə aparılan dərin islahatların nəticəsidir. Dövlət başçısı bu yaxınlarda "Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimindəki çıxışında ölkənin enerji təchizatında mükəmməl infrastrukturun yaradılmasının ardıcıl və kompleks şəkildə davam etdiyini bildirmiş, 90-cı illərdə nəinki bölgələrdə, hətta paytaxtın özündə gecə saatlarında televerilişlər qurtaran kimi işıqların qənaət üçün kəsildiyini xatırlamışdır. Həmin illər rayonlarda ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilərdi. Hətta 2004-cü ildə də Azərbaycan özünü elektrik enerjisi ilə təmin edə bilmirdi. Məhz o vaxtdan regional elektrik stansiyalarının tikintisinə başlanılmış və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir. Prezident İlham Əliyev bu gün qazanılan uğurların təməlinin o vaxtdan qoyulduğunu belə izah edir: "Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində”.

Davos Forumunun yeni hesabatında 115 ölkənin enerji sistemləri 40 indikator üzrə əhatə edilmiş, 20 beynəlxalq və mötəbər məlumat təchizatçısının informasiyaları meyar kimi əsas götürülmüşdür.

İqtisadi inkişaf və artım, enerjiyə çıxış və təhlükəsizlik, ətraf mühitin dayanıqlılığı kimi 3 əsas istiqamətlərin hər biri üzrə enerji sənayesinin rəqabətqabiliyyətliliyi, ÜDM-ə töhfəsi, atmosferin çirklənməsi, adambaşına düşən karbon emissiyası, enerji təchizatının keyfiyyəti və sair kimi mühüm amillər qiymətləndirilmişdir. Enerji sisteminin performansı üzrə Azərbaycan 100 üzərindən 67 faizlik göstəriciyə nail olmaqla hesabatda ən yaxşı mövqeyə malik 30 ölkədən biri kimi qeyd olunur. ETI indeksinin enerji keçidinə hazırlıq sub-indeksi üzrə 6 əsas istiqamətdə qiymətləndirilmiş, enerji sektorunda kapital resurslarına çıxış, beynəlxalq öhdəliklərə sadiqlik, şəffaflıq və siyasi sabitlik, qanunların rolu və digər çoxsaylı alt-indikatorlardan təşkil olunmuşdur. Azərbaycan bu sub-indeksin mümkün 100 balından 49-nu qazanmışdır. Maraqlıdır ki, hesabata görə, neft idxal edən ölkələr neft ixrac edən ölkələri bir sıra parametrlər üzrə üstələmişdir. Resurs ixracatçılarının bu sub-indeks üzrə balı ümumilikdə aşağı olsa da, Azərbaycan bu baxımdan Yaxın Şərqin əsas neft ixrac edən ölkələrindən daha üstün mövqeyə malikdir və hətta MDB məkanında birincidir.

Hesabatda, həmçinin qeyd olunur ki, dünyada enerji sistemlərinə tələbatın son illər artması qlobal enerji tələbatına 40 faiz artmasına səbəb olmuşdur. Hazırkı dövrdə iqtisadi, maliyyə, tənzimləyici və infrastruktur baxımından dayanıqlılıq, sabitlik effektiv enerji sistemlərinə keçid üçün ilkin şərtlərdən hesab olunur. Yeni enerji sistemlərinə keçidin bir parametri olaraq, enerji təhlükəsizliyi həm də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, hazırda təbii qazın neftdən fərqli olaraq məhdud coğrafi məkanda paylanması səbəbindən dəyər zənciri də qeyri-adekvatdır. Beləliklə, yeni enerji sistemlərinə istiqamətlənmə qlobal səviyyədə xüsusi əhəmiyyət kəsb edir.

Bərpaolunan enerji növlərinə çəkilən xərclərin artması bu istiqamətdən əldə olunan enerjinin dəyərinin əhəmiyyətli dərəcədə artmasına gətirsə də, hesabatda dünya ölkələrinə ətraf mühitin davamlı sağlamlaşdırılması, bu istiqamətdə həyata keçirilən siyasətlərin tənzimlənməsi, texnologiya və maliyyə yatırımlarına ciddi fikir verilməsi tövsiyə olunur.

Onu da nəzərə almaq vacibdir ki, 2020-ci ildəki Dünya İqtisadi Forumunda müxtəlif regionlardan olan steykholderlər tərəfindən dayanıqlı iqtisadi inkişafa nail olmanın əhəmiyyəti xüsusi vurğulanmışdır. Azərbaycan iqtisadiyyatının əsas maliyyə mənbəyi karbohidrogen resurslarının istismarı ilə bağlı olsa da, yeni bərpaedilən enerji sistemlərinin, ətraf mühitin qorunmasının və bu kontekstdə dayanıqlı inkişafın ölkəmiz üçün prioritetliyi göstərilmişdir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video