21 May 2020 00:34
3909
SİYASƏT
A- A+

İctimai-siyasi sabitlik inkişafımızın əsasıdır



Azərbaycanın sosial-iqtisadi inkişafını, insanların rifah halının yaxşılaşmasını, hüquq və azadlıqlarının daha dolğun ödənilməsini, beynəlxalq aləmdə qazanılan uğurlarını ölkəmizdəki sosial mühit və ictimai-siyasi sabitliklə əlaqələndirənlər qənaətlərində haqlıdırlar. Çünki birlik, həmrəylik, sabitlik qazanılan nailiyyətlərin əsası olmaqla, həm də gələcək fəaliyyətin səmərəliliyi, ahəngdarlığı üçün zəmanətdir.
Dövlət başçısı cənab İlham Əliyev də çıxışlarında bu amilləri daim diqqətə çatdırmaqla gücümüzü, qüdrətimizi, uğurlarımızı birliyimizdə görür və hər yerdə, hər zaman qayda-qanunları gözləməyi, nizam-intizamlı olmağı, sabitliyi qorumağı tövsiyə edir.
Sabitlik tək bizim üçün yox, bəşəriyyət üçün dəyərlidir.
Sabitlik vətən, xalq, dövlət üçün vacibdir.
Sabitlik cəmiyyətin səmərəli idarə olunması üçün əhəmiyyətlidir.
Sabitlik hər bir insanın həyatı, yaşayışı, xoşbəxtliyi, fəaliyyəti üçün gərəklidir.
İkinci dəfə müstəqillik əldə etdiyimiz 1990-cı illərin əvvəlinin acı təcrübəsi bunu deməyə əsas verir. İtirilən torpaqlarımız, əsir qalan yurdlarımız, düşmən tərəfindən dağılan, viran qalan kəndlərimiz, şəhərlərimiz erməni faşistlərinin vəhşi əməllərinin nəticəsi olmaqla bərabər, həm də daxili çəkişmələrin, özbaşınalıqların qurbanıdır. Bir milyondan artıq qaçqın və köçkünün acı taleyi, məşəqqətli həyatı buna sübutdur. Sözsüz ki, o illərdə ölkədə baş verən qarşıdurmaların, hərc-mərcliyin, məsuliyyətsizliyin qarşısı vaxtında alınsaydı, vəzifə sahibləri qətiyyət, iradə nümayiş etdirib uzaqgörən olsaydılar, təsirli tədbirlər həyata keçirilsəydi, birləşə bilsəydik dəhşətli fəlakətlərə yol verilməz, ölkə vətəndaş müharibəsi səviyyəsinə çatdırılmazdı.
Çox təəssüflər olsun ki, o vaxtlar iqtidar kürsüsündə oturub bu gün müxalifətdə olanların çoxları başımıza gətirilən bəlaları səhv və çox yanlış olaraq sırf Sovetlər İttifaqının dağılması, dünyada baş verən hadisələrlə əlaqələndirir, özlərinə bəraət qazandırmaq istəyirlər. Əlbəttə, yanaşma düzgün deyil, fikirlər məntiqsizdir. Həmin illər siyasətdə, idarəetmədə, ölkənin müdafiəsində, vətəndaşların təhlükəsizliyinin, hüquq və azadlıqlarının təmin edilməsində, ictimai-siyasi sabitliyin qorunmasında buraxılan çox ciddi səhvlər bunu sübut edir.
Fikir verin: Xocalı kimi bir şəhər uzun zaman mühasirədə köməksiz qalır, ancaq buna fikir verilmir, tədbir görülmür.
Qaradağlı faciəsi törədilir, kəndlərimiz bir-birinin ardınca işğal olunur, ancaq hadisələrə seyrçi mövqedən yanaşılır, qüvvələr səfərbər edilmir, sonrakı günlərdə baş verə biləcək dəhşətli olaylar barədə düşünülmür.
Gəncə hadisələri baş verir, ölkəyə rəhbərlik edənlərin bu barədə ətraflı məlumatı olmur, hakimiyyətdə olanlar günahı bir-birilərinin üzərinə atmaqla qarşılıqlı ittihamlarla, təhqirlərlə vəzifələrini bitmiş hesab edirlər.
Yaxud böyük bir rayonun rəhbəri vəzifəsindən azad edilib yerinə başqası gətirilir, dövlət başçısı isə bunu bilmir.
Cəbhədə döyüşməli olan canlı qüvvə, texnika siyasi məqsədlər üçün Bakıda cəmləşdirilir, ancaq cavabdeh şəxslər dillənmirlər.
O dövrün belə nümunələri bir deyil, yüzlərlə, minlərlədir. Sözsüz ki, ölkə vətəndaşları bu özbaşınalıqları, məsuliyyətsizliyi görməmiş, duymamış, həyatlarında hiss etməmiş deyildirlər.
Yol kənarından zorla maşına mindirilib səngərə atılan və düşmən gülləsinə tuş gələn gənc oğlunun faciəli taleyini yaşayan valideyn heç zaman hakimiyyətdən razı qala bilməzdi.
Heç bir səbəb olmadan incidilən, təhqir olunan, maşını, əmlakı əlindən alınan, etiraz edəndə həbsə atılan insan iqtidara arxa durmazdı.
Çətin gündə kömək, qayğı görməyən, siyasi oyunların qurbanına çevrilən, əzizlərini, gələcək həyatını təhlükədə, ölkəsini çətinlikdə görən, rəhbərlərinin fərasətsizliyinin, laqeydliyinin şahidi olan vətəndaş öz rəhbərinə ümid etməz, ondan kömək gözləməz.
Ziyalısını, veteranını, ağsaqqalını qiymətləndirməyən, hörmət etməyən, xalqın, torpağının taleyini düşünməyən, lovğa, təkəbbürlü, bacarıqsız rəhbəri xalq sevməz, dəstəkləməz, ona etimad göstərməz.
Ona görə də bəlalarımızın başlıca səbəbini Sovetlər İttifaqının dağılmasında deyil, 1988-ci ildən 1993-cü ilin ortalarına kimi Azərbaycana rəhbərlik edənlərin acizliyində, qətiyyətsizliyində, liberallığında görmək daha düzgün olar.
Bu bir həqiqətdir ki, əgər o dövrdə Azərbaycana Heydər Əliyev kimi müdrik bir insan rəhbərlik etsəydi, biz torpaqlarımızı itirməzdik, görünməmiş faciələri yaşamazdıq. Ulu Öndərin çətin bir vaxtda, 1993-cü ilin iyun ayında hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi qətiyyətli tədbirlər, siyasi gedişlər, ictimai sabitliyin bərpa edilməsi, özbaşınalıqların, qarşıdurmaların aradan qaldırılması, silahlı dəstələrin ləğv edilməsi, iqtisadiyyatın, sosial həyatın inkişafı üçün atılan addımlar, görülən işlər bunu deməyə əsas verir. Topla, tüfənglə, zorla qarşısı alına bilinməyən silahlı qruplaşmaların, hərc-mərcliyin qarşısını Heydər Əliyev öz təfəkkürü, ağlı, uzaqgörənliyi, təşkilatçılığı, prinsipiallığı və ən başlıcası, xalqına qayğısı, inamı, xalqın rəhbərinə olan hörməti, etimadı sayəsində ala bildi və tez bir zamanda ölkədə əmin-amanlıq, sabitlik yaratdı.
Heydər Əliyev qətiyyətlə deyirdi: "Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir”. Ulu Öndər bunun üçün vətəndaş həmrəyliyinin, birliyin, vətənə, dövlətə sədaqətin çox vacib olduğunu xatırladır, anarxiyanın, özbaşınalığın, xaosun, təkəbbürlülüyün qəbuledilməzliyini bildirir və yerini, hərəkətini, sözünü bilməyənlərə, ölkənin imicinə kölgə salanlara, vəzifəsini bacarmayanlara, şəxsi mənafeyi ictimai mənafedən üstün tutanlara, xalqın rifahı naminə mövqe bildirməyənlərə qarşı ciddi tədbirlər görürdü. O, nizam-intizamlı, qayda-qanunlara əməl edən insanları sevir və qiymətləndirirdi.
Azərbaycanın tədricən iqtisadi, siyasi, mənəvi böhrandan uzaqlaşması, bu gün qüdrətli, sürətlə inkişaf edən bir dövlətə çevrilməsi məhz ölkədə yaradılan ictimai-siyasi sabitliyin nəticəsində mümkün olmuşdur. Əlbəttə, bunun üçün, ilk növbədə, xalqımız Ümummilli Lider Heydər Əliyevə və bu sabitliyi, milli birliyi, vətəndaş həmrəyliyini qoruyub möhkəmləndirən, dövlətimizin uğurları, xalqımızın sosial-rifah halının yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyən, mühüm layihələrə imza atan, islahatlar, tədbirlər həyata keçirən, proqramlar təqdim edən cənab İlham Əliyevə borcludur, minnətdardır.
Ölkədə hökm sürən sabitliyi, birliyi, qarşılıqlı hörmət və ehtiramı əldə olunan müvəffəqiyyətlərin əsası, təkanverici qüvvəsi, xalqın dövlətinə sədaqət və məhəbbətinin ifadəsi kimi hər bir çıxışında səsləndirən, yüksək dəyərləndirən İlham Əliyev bu əmin-amanlığın heç zaman pozulmasına yol verilməyəcəyinə əmin olduğunu bildirməklə bərabər, həm də dincliyimizi pozanlara, xalqımızın, dövlətimizin adına, uğurlarına qara yaxanlara qarşı ciddi mübarizə aparılacağını bəyan edir. Məqsəd aydın, seçim düzgün, yol inkişafa doğrudur.
İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən sonrakı dövrlərin sosial-iqtisadi göstəriciləri, həyata keçirilən layihələr, proqramlar, qəbul olunan yol xəritələri, imzalanan fərman və sərəncamlar buna bir nümunədir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi və davam etdirilməsi ölkənin sosial-iqtisadi, mədəni həyatını kökündən dəyişdirmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, "Azərbaycan inkişaf, sabitlik yolu ilə getmişdir. Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir”.
Məqsədin aydınlığı və aliliyi qazanılan nəticələrdə özünü göstərir. Belə ki, 2003-cü ildən indiyə kimi Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatlarımız 27 dəfə, orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır. Bu illər ərzində 33 elektrik stansiyası, 3 300 məktəb, 700-dən çox tibb müəssisəsi tikilib, təmir olunub istifadəyə verilmişdir. 17 min kilometrə yaxın yol çəkilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq əhəmiyyətli layihələr reallaşmışdır. Ölkə üzrə qazlaşmanın səviyyəsi 51 faizdən 96 faizə çatdırılmışdır. Yüz minlərlə məcburi köçkünə, şəhid ailələrinə evlər tikilib, mənzillər verilmişdir. Bunlar dövlət başçısı tərəfindən görülən işlərin və həyata keçirilən tədbirlərin bir hissəsidir.
Aqrar sahəyə də qayğı, diqqət unudulmamışdır və bu sahə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət daşıyır. Çünki kənd təsərrüfatı tarixən respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olmuş, insanların həyat şəraitinin yaxşılaşmasında illər boyu mühüm rol oynamışdır. Ümummilli Lider sovetlər dövründə hakimiyyətdə olduğu illərdə ölkədə kənd təsərrüfatını inkişaf etdirməklə respublikanı ittifaqın qabaqcılları sırasına çıxara bilmiş, xalqımıza böyük şöhrət qazandırmışdır. Çox təəssüflər olsun ki, müstəqilliyimizə qədəm qoyduğumuz 1990-cı illərdə ölkənin kənd təsərrüfatı sistemi tamamilə dağıdıldı, bərbad hala salındı. Üzüm, çay plantasiyaları, heyvandarlıq kompleksləri, emal müəssisələri, su-drenaj şəbəkələri, maşın-mexanizmlər, su-nasos qurğuları, sınaq-təcrübə stansiyaları məhv edildi. Həmin özbaşınalıqların ağrısını isə bir neçə illər kənd əməkçiləri - pambıqçılıqla, baramaçılıqla, əkinçiliklə məşğul olan insanlar çəkməli oldular.
İşıq, yol, su, qaz təminatı olmadan, əməkçilər üçün imkan və şərait yaradılmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlər, qarşıya qoyulan vəzifələr məhz bu istiqamətə - regionlarda insan həyatı və fəaliyyəti üçün vacib olan məsələlərin həllinə, problemlərin aradan qaldırılmasına yönəldildi və bu da digər sahələrlə bərabər kənd təsərrüfatının inkişafına mühüm təkan verdi.
Bu gün regional inkişafda, iqtisadiyyatın sürətləndirilməsində və şaxələndirilməsində aqrar sektor aparıcı rol oynayır və bu sahədə həyata keçirilən tədbirlər çoxşaxəlidir, diqqət qarşıda duran vacib məsələlərin həllinə yönəldilmişdir. Bilavasitə ərzaq təhlükəsizliyinin təmin olunmasına, işsizliyin aradan qaldırılmasına, insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına, kəndin inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda diqqəti qeyri-neft sektorunda artımın 14 faizdən çox olmasına, 98 min iş yerinin yaradılmasına yönəltməklə bu sahədə kiçik və orta sahibkarlığın inkişafını, biznes mühitinin yaxşılaşmasını mühüm amil kimi qeyd etmiş və bildirmişdir ki, burada aqrar sektor əsas yer tutur.
Aqrar sektorun inkişafı ilə əlaqədar qəbul olunmuş bir çox qanunlar, tərtib edilmiş proqramlar, layihələr, imzalanmış fərman və sərəncamlar bu sahənin ildən-ilə irəliləməsinə, çətinliklərin aradan qaldırılmasına imkan yaratmış, ölkə iqtisadiyyatına, insanların həyat şəraitinə faydalar vermişdir. Dövlət başçısının "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” keçən il imzaladığı fərmanlar inkişafımıza yeni təkandır. Məhz buna görə də 2019-ci il aqrar sahədə çalışanlar üçün uğurlu olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalı çoxalmış, məhsuldarlıq yüksəlmiş, ixrac artmış, qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilmişdir.
Taxıl, qarğıdalı, günəbaxan, pambıq, şəkər çuğunduru, tütün, kartof, tərəvəz, üzüm, yaşıl çay yarpağı, barama, bostan məhsulları istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmış, heyvandarlıq və quşçuluq inkişaf etdirilmiş, emal müəssisələri məhsullarının ixracında 14 faizlik artım əldə edilmişdir. Pambıqçılıqda qazanılan nəticələr daha uğurludur. Əvvəlki ilə nisbətən pambıq əkin sahəsinin 32 min hektar azaldılmasına baxmayaraq, məhsul istehsalı 61,7 min ton artırılmış, hər hektardan 29,5 sentner (hər hektardan 12 sentner çox), ümumilikdə 295,3 min ton məhsul yığılmışdır. "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş bir çox vəzifələrin yerinə yetirilməsinə dövlət mühüm dəstək vermişdir. Çünki pambıqçılıq strateji və ölkəyə valyuta gətirən bir sahədir. Proqramda göstərildiyi kimi, "Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın inkişafını zərurətə çevirir. Məhz buna görə də ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilmişdir”.
Dövlət proqramlarının uğurla yerinə yetirilməsi, fərman və sərəncamların müvəffəqiyyətlə həlli isə dövlət başçısı tərəfindən aqrar sahənin inkişafına göstərilən qayğı və diqqətin nəticəsində mümkün olmuşdur. Son illər sahibkarlara güzəştli şərtlərlə iki milyard manatdan çox vəsait ayrılmışdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqroparkların, emal müəssisələrinin yaradılmasına üstünlük verilmişdir. Aqroparkların timsalında məhsuldarlığın yüksək olduğunu xatırladan dövlət başçısı qeyd etmişdir ki, keçən il taxılçılıqda bizim orta məhsuldarlığımız kifayət qədər yüksək olub - hektardan 32 sentner, böyük irəliləyişdir. Ancaq iri fermer təsərrüfatlarında bu, 50 sentner, bəzi yerlərdə 60 sentnerdir. Bu onu göstərir ki, aqroparkların yaradılması çox düzgün qərar idi.
Dövlət başçısı, hökumət tərəfindən kənd təsərrüfatına, sahibkarlara göstərilən dəstək hərtərəflidir. Bu, güzəştli kreditlərin verilməsində, vergilərdən azad olmada, yeni subsidiya mexanizminin tətbiqində, istehsal olunan məhsulun dəyərinin vaxtında ödənilməsində, yeni texnologiyaların, təcrübənin işə tətbiq olunmasında özünü göstərir. İstehsalın artımı başqa sahələrin inkişafını, xüsusilə emal sənayesinin yaradılmasını zərurətə çevirir. Üzümçülüyün, baramaçılığın, pambıqçılığın, tütünçülüyün, eləcə də digər sahələrin inkişafı bunu tələb edir. Prezidentimiz bu məsələlərə aydınlıq gətirərək deyir: "Kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır... o cümlədən tütünçülük... baramaçılıq da həmçinin. Pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir. Tərəvəzçilik də həmçinin”.
Emal sənayesinin yaradılması ixracın artırılması ilə bərabər, yeni iş yerlərinin açılması, ölkəyə əlavə valyutanın daxil olmasıdır. Kənd təsərrüfatı sahəsində ciddi islahatların aparıldığı bir vaxtda tədarük olunan məhsulun xammal halında deyil, emal edilərək satılması, ixraca yönəldilməsi mənfəət baxımından çox əhəmiyyətlidir.
Ölkədə kənd təsərrüfatı məhsulları istehsalı sürətlə artmaqdadır. Dövlət başçısının xatırlatdığı kimi, barama istehsalı 25, pambıq 26, yumurta 9, günəbaxan 43, kartof 12, tərəvəz 12, bostan məhsulları 11, meyvə və giləmeyvə 9, yaşıl çay yarpağı 7, üzüm 20 faiz artmışdır. Heyvandarlıq sahəsində də artım müşahidə olunmaqdadır. Ümumiyyətlə, 2019-cu il kənd təsərrüfatında irəliləyiş, islahatlar ili kimi yaddaqalandır. İl ərzində fermerlərə 380 milyon manat subsidiya verilmişdir. Elektron kənd təsərrüfatı sistemi yaradılmışdır. Aqrar sığorta sistemi işə düşəcəkdir.
"Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmana müvafiq olaraq, hazırlanan kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşması qaydalarının tətbiqi bitkiçiliyin, heyvandarlığın, sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradacaqdır. Aqrar sahədə lizinq fəaliyyətinin liberallaşdırılması, Vergi Məcəlləsində edilmiş dəyişikliklər, aparılmış institusional islahatlar və həyata keçirilən digər bir sıra mühüm tədbirlər aqrar sahənin inkişafına xidmət edir və istehsal nəticələrindən göründüyü kimi öz bəhrələrini verir.
Kənd Təsərrüfatı Nazirliyinin islahatlara, texnoloji proseslərə, qabaqcıl təcrübəyə, müvafiq orqanlarla əlaqələrin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsinə, əyani görüşlərin, məsləhətləşmələrin vacibliyinə, sahibkarlarla, mütəxəssislərlə münasibətlərin yaxşılaşdırılmasına önəm verməsi, qarşıya qoyulan vəzifələrin aktuallığının qiymətləndirilməsi və işə məsuliyyətin artırılması aqrar sahədə müvəffəqiyyətləri təmin edən başlıca şərtlərdən sayıla bilər və əslində, belədir.
Bu baxımdan "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan vəzifələr mühüm əhəmiyyət kəsb etmişdir. Dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və emal sektorunu formalaşdırmaq yol xəritəsində nəzərdə tutulan 9 strateji hədəfin reallaşdırılmasına xidmət edir və hər bir hədəf üçün prioritet istiqamətlər müəyyən olunmuşdur. 2016-2020-ci illəri əhatə edən bu hədəflər, ilk növbədə, kənd təsərrüfatının elmi əsaslarla idarə edilməsini, ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsini, istehsal vasitələri bazarının inkişafını, maliyyə çıxışının asanlaşdırılmasını, elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsini, məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsini, bazara çıxışın sadələşməsini, təbii resurslardan dayanıqlı istifadə mexanizminin formalaşdırılmasını, biznes mühitinin təkmilləşdirilməsini və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir. Bu, əvvəlki illərlə müqayisədə ÜDM-in artırılmasına, yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatı məhsulları istehsalının yüksəldilməsinə, torpaqlardan səmərəli istifadə edilməsinə, kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına, suvarma, əkin, ixrac, xidmət, mühafizə potensialının yaxşılaşdırılmasına hesablanmışdır.
Qarşıya qoyulan bu mühüm vəzifələrin həyata keçirilməsi uğurlarımızı təmin etmiş və yerinə yetirilə bilməyən məsələlərin həllinə imkan yaradır.
Bu gün respublikada kənd təsərrüfatının hərtərəfli inkişafı üçün münbit şərait formalaşıb, hüquqi, iqtisadi, mənəvi baza yaradılıb, idarəetmə mexanizmi təkmildir. Son illər Milli Məclisdə aqrar sahə ilə bağlı 300-ə yaxın məsələyə baxılmış, mühüm qanunlar qəbul olunmuş, bir çox qanunlara əlavə və dəyişikliklər edilmişdir. "Taxıl haqqında”, "Pambıqçılıq haqqında”, "Çayçılıq haqqında”, "Arıçılıq haqqında”, "Tütün və tütün məmulatları haqqında”, "Üzümçülük və şərabçılıq haqqında” və s. qəbul olunmuş bir çox qanunlarda təsbit olunmuş maddələr bilavasitə kənd təsərrüfatı sahələrində işlərin hüquqi müstəvidə tənzimlənməsini təmin edir və normal fəaliyyətin təmin olunmasına istiqamətləndirilmişdir. Sözsüz ki, dövrün tələbi, işlərin gedişi, qarşıya çıxan məsələlər, problemlər yeni qanunların qəbul olunmasını və qanunlara dəyişikliklər edilməsini şərtləndirir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Bundan sonra da artım çox sürətli olacaq, kiçik və orta sahibkarlığa üstünlük veriləcək, iri təsərrüfatların, aqroparkların yaradılması zərurətə çevriləcəkdir”.
Toxumçuluq təsərrüfatlarının yaradılması, məhsuldar sortların yetişdirilməsi, damazlıq cinslərin artırılması, müasir texnologiyaların tətbiqi, ixtisaslı, bacarıqlı kadrların hazırlanması, elmi-tədqiqat institutlarının fəaliyyətinin canlandırılması da bu qəbildəndir və dövlət rəhbərinin bildirdiyi kimi, aqrar sahənin inkişafı üçün yeni imkanlar yaradacaqdır. Milli Məclisin birinci iclasında ölkə prezidentinin xatırlatdığı kimi, ölkənin sosial-iqtisadi inkişafı üçün yeni, mütərəqqi qanunların qəbulu və qanunların icrasına nəzarətin gücləndirilməsi vacibdir və bu ölkə iqtisadiyyatının tərəqqisinə əhəmiyyətli fayda verə bilər. Buna görə də hər bir kəs üzərinə düşən vəzifəni layiqincə qiymətləndirib yerinə yetirməlidir.
Aqrar sahə çətin, məsuliyyətli olduğu qədər də maraqlı, cəlbedici, düşündürücüdür. Ölkə əhalisinin təxminən yarısının kənd rayonlarında yaşadığını və bilavasitə çoxunun kənd təsərrüfatı ilə məşğul olduğunu nəzərə alsaq, bu sahəyə diqqət və qayğının artırılmasının vacibliyini, onun ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolunu aydın görərik. Aqrar sahənin inkişafını ancaq dövlətin üzərinə atmaq düzgün olmazdı, çünki əkinə yararlı, məhsuldar torpaq sahələrinin əksər hissəsi bu gün insanların sərəncamındadır. Bu torpaqlardan səmərəli istifadə etmək, əkmək, becərmək, qorumaq, növbəli əkin sistemi tətbiq etmək, pay torpaqlarını birləşdirib iri təsərrüfatlar - kooperativlər, kooperasiyalar yaratmaq, suya, texnikaya, vəsaitə qənaət etmək sahibkarların vəzifəsidir. Dövlətin vəzifəsi isə sahibkarlara əlavə kömək göstərmək, güzəştli kreditlər, subsidiyalar vermək, onları texnika, gübrə və digər vasitələrlə təmin etmək, hüquqlarını qorumaq, çətinliklərini aradan qaldırmaqdır.
Torpağın sahibi insandır. Əldə ediləcək yüksək məhsul onun təşəbbüskarlığından, işinə münasibətindən, təsərrüfata, qazancına, ailəsini dolandırmağa marağından, düzgün düşünülmüş fəaliyyətindən asılıdır. Son illərin nəticələri göstərir ki, aqrar sahədə çalışan kənd əməkçiləri, sahibkarlar, mütəxəssislər, müvafiq orqanların rəhbərləri kənd təsərrüfatının inkişaf etdirilməsində çox maraqlıdırlar və həyata keçirilən mühüm tədbirlər də bunu sübut edir.
Azərbaycan vətəndaşı bu gün ölkəsini sabit, inkişaf edən, tanınan, ailəsini dinc, xoşbəxt, süfrəsini çörəkli, özünü vüqarlı, alnıaçıq, torpağını bollu-bərəkətli, azad görmək arzusundadır. Məhz bu arzu, inam vətəndaşlarımızı Prezidentimizin ətrafında sıx birləşdirir, sosial-iqtisadi inkişafımızı sürətləndirir və ölkəmizi daha xoşbəxt gələcəyə aparır.

Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video