21 May 2020 00:19
664
CƏMİYYƏT
A- A+

Azərbaycanda koronavirusla bağlı vəziyyət tam nəzarətdədir



Bundan sonra məsuliyyətli davranaraq sağlamlığını qorumaq hər kəsin öz əlindədir


Yer kürəsinin hər yerində tüğyan edən yeni tip koronavirusun, COVID-19-un yayılmasının qarşısının alınması üçün aylardır mübarizə aparılır. Ölkələr çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması məqsədilə addımlar atırlar. Bəzi ölkələr bu addımları atmaqda geciksələr də, vaxtında zəruri və səmərəli tədbirlər həyata keçirən dövlətlər də var. Nəticə də özünü göstərir. Artıq bəzi ölkələrdə gözəgörünməz düşmən üzərində qələbə çalmaq mümkün olub.
Bir sıra ölkələrdə isə virusun törətdiyi fəsadların minimuma endirildiyi nəzərə alınaraq tətbiq olunmuş karantin tədbirləri mərhələ-mərhələ, planlı şəkildə yumşaldılır. Koronavirusdan ən çox əziyyət çəkmiş ölkələr də bu istiqaməti əsas götürürlər. Baxmayaraq ki, mütəxəssislər koronavirus epidemiyasının ikinci dalğasının gələcəyinə, hətta bu bəlanın bəşəriyyətlə daim yaşayacağına dair xəbərdarlıqlar edirlər.
Pandemiyanın hansı tempdə davam edəcəyinə baxmayaraq, karantin rejiminin yumşaldılması, bir sıra məhdudiyyətlərin aradan qaldırılması qaçılmazdır. Çünki dünya iqtisadiyyatı çöküb və bu da cəmiyyətin gələcəyi üçün belə davam edə bilməz. Digər tərəfdən, insanları davamlı olaraq evdə təcrid vəziyyətində saxlamaq olmaz: bu, həm insanların sağlamlığına ziyandır, həm də müəyyən psixoloji problemlər yarada bilər. Odur ki, bütün dünya ölkələri xüsusi rejimli karantinin yumşaldılmasına başlayıb. Təbii ki, bütün dünyada pandemiyanın davam etdiyi vəziyyətdə karantin tədbirlərini bütünlüklə ləğv etmək təhlükəlidir və ciddi fəsadlar yarada bilər. Odur ki, ölkələr problemlərini daxildə həll etməyə və çətin durumdan çıxmağa çalışırlar.


Azərbaycan özünü dünyaya nümunəvi ölkə kimi təqdim edib


Azərbaycan hökumətinin də bu məsələ ilə bağlı sosial siyasəti məlumdur. Dövlət koronavirus pandemiyasına qarşı qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülən mühüm qabaqlayıcı və operativ işlər, məhdudlaşdırıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa və pandemiyanın geniş vüsət almasının qarşısını almağa imkan verdi. Prezident İlham Əliyevin tapşırıqları və şəxsi nəzarəti ilə görülən müvafiq tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alındı, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olundu. Koronavirus Azərbaycanda genişmiqyaslı pandemiya şəklində yayılmadı. Virusa yoluxanların, dünyasını dəyişənlərin və sağalanların ümumi nisbətini götürsək, ölkədə pozitiv rəqəmlər mövcuddur. Bütün dünyadakı durumla müqayisə etdikdə bizdə itkilər minimal sayılır. Tədbirlərə başlandığı gündən indiyədək atılan addımların məqsədi insanların sağlamlığını təmin etmək və eyni zamanda bu bəladan minimum itkilərlə çıxmaqdır. Koronavirusla bağlı statistika da məqsədə nail olunduğunu, ölkəmizin qlobal pandemiyanın öhdəsindən bacarıqla gəldiyini aydın şəkildə göstərir.
Azərbaycan özünü dünyaya pandemiya ilə ən uğurlu mübarizə aparan nümunəvi ölkə kimi təqdim edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkəmizdə koronavirusa qarşı atılan addımları, bu sahədə görülən işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. ÜST-ün Baş direktorunun dövlət başçısına məktub göndərməsi, ölkəmizin verdiyi dəstəyə görə təşəkkür etməsi, görülən işləri təqdir etməsi və dünya üçün Azərbaycan modelinin tətbiq edilməsinin nə qədər vacib olduğunu vurğulaması Prezident İlham Əliyevin bütün dünyada qəbul edilən nüfuzlu lider olduğunu təsdiqləyir.
Bəli, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verir. Koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır. Elə ona görə də sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlər növbəti dəfə yumşaldılıb.


Əsas məsuliyyət vətəndaşın öz üzərinə düşür


Lakin karantin rejiminin yumşaldılması insanların məsuliyyətini azaltmasına bəhanə olmamalıdır. Əksinə, bundan sonra əsas məsuliyyət məhz vətəndaşın öz üzərinə düşür. Artıq sağlamlığını qorumaq hər kəsin öz əlindədir. Bu baxımdan hamı məsuliyyətini dərk etməlidir. Təəssüf ki, son həftələrin rəqəmləri bunun əksini göstərir. Karantin rejimi yumşaldılandan sonra ölkəmizdə koronavirusa yoluxma sayı artıb. Bunun da səbəbi insanların nizam-intizamı pozmasıdır. Tətbiq olunan qadağaların ləğv edilməsi vətəndaşlarda virusun azaldığı və ya yoxa çıxdığı kimi düşüncə yaradıb. Halbuki virus yox olmayıb, var və yoluxmağa, can almağa davam edir. Amma nədənsə bəzi vətəndaşlar bunu gözardı edir, sosial məsafəni qorumur və maska taxmırlar.
"Azərbaycanda əhalinin neçə faizinin virusa yoluxmasından asılı olmayaraq, virusla mübarizənin yeni mərhələsində hər bir kəsin üzərinə düşən məsuliyyət daha da çoxalır. Bu mərhələdə hər kəsin, hətta həkimlərin də diqqət edəcəyi məsələlər birinci mərhələdən tam fərqlidir. Çünki artıq virus ilk mərhələdəki kimi yeni deyil. Bu mərhələdə ayrı-ayrı müəssisələrə, qurumlara və insanların toplaşdığı yerlərə xüsusi diqqət yetirilməlidir”.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib. Həkimin sözlərinə görə, virus əvvəlki kimi qalmaqda davam edir, sadəcə, ölkələrdə virusla mübarizə özünün fərqli mərhələsinə qədəm qoyub. Ona görə də bu, pandemiyanın yeni mərhələsi adlandırılır. Belə ki, mübarizənin ilkin mərhələsində məqsəd əhalini maarifləndirmək, bir-birindən uzaq durmalarını müəyyən qadağalarla təmin edərək yoluxma əmsalını aşağı salmaq və yeni virus növünü elmi olaraq öyrənmək idi: "Bəs ikinci mərhələdə insanlar nəyə diqqət yetirməlidirlər? Hər kəsin bilməsi vacib olan məsələlərdən biri də ondan ibarətdir ki, ikinci mərhələdə elmi olaraq virus haqqında bildiklərimizi praktiki olaraq tətbiq etməliyik. Məsələn, artıq məlumdur ki, virus hava və damcı üsulu ilə ötürülərkən burada vacib faktorlar aerozollardır. Aerozollar damcıdan da dəfələrlə kiçikdir ki, bunlar bəzən havada bir neçə saat da qala bilir. Bu da açılan restoran və kafelərin iş rejimində ciddi nəzərə alınmalıdır. Bundan başqa, bilirik ki, məsafənin saxlanılması və maskalardan istifadə əlləri təmiz saxlamaqdan daha da önəmlidir. İnsanlar bu kimi faktorları nəzərə alaraq qaydalara maksimum əməl etməlidirlər. Virusla mübarizənin bu mərhələsində təbii ki, dünyanın hər yerində yoluxma sayı artacaq və infeksiyanın hansı yaş qrupları arasında yayılması da ölüm sayına təsir edəcək. Ona görə də Azərbaycanda bu mərhələdə ayrı-ayrı müəssisələrə, qurumlara və insanların toplaşdığı yerlərə xüsusi diqqət yetirilməlidir”.
N.Abdullayev bildirib ki, əgər tapşırılan gigiyenik tələblərə əməl olunmasa və virusa yoluxma baş verərsə, həmin qurumların və insanların toplaşdığı yerlər yenidən bağlanmalıdır. "Amma belə yoluxmaların olmasının ikinci dalğa adlandırılması düzgün deyil. Çünki bu kimi hallar dəfələrlə təkrarlana bilər ki, bütün elm adamlarının da narahat olduğu budur. Digər vacib amil isə Azərbaycanda yay bitənə qədər insanları bu vəziyyətdə maksimum maarifləndirməkdir. Əks-halda yaydan sonra hər il olan müəyyən qrip dalğası zamanı vəziyyət çox ciddi şəkildə pisləşə bilər. Məqsədlərdən biri də xüsusi risk qrupuna daxil olan insanları peyvənd tapılana qədər qorumaq olmalıdır. Hamı bilməlidir ki, yeni mübarizə mərhələsində virusun Azərbaycanda bu günə kimi nə qədər yayılmasından asılı olmayaraq, hər bir kəsin üzərinə düşən məsuliyyət daha da çoxalıb”.


Qaydalara əməl edilmədikdə yoluxma sayı artır


Bəli, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi rejimli karantin yumşaldılsa da, artıq şəxsi məsuliyyət ən yüksək səviyyədə dərk edilməlidir. Biz bu xəstəliyin qarşısını almaq, yoluxma faizini endirmək üçün nə etmək lazım olduğunu bilirik. İctimai məkanlardan, insanların toplaşdığı yerlərdən mümkün qədər uzaq durmaq, sosial məsafəni qorumaq və maska taxmaq lazımdır. Bu günə qədər bütün ölkələr yoluxmanın qarşısını almaq üçün sosial məsafənin qorunmasından, təcrid addımlarından istifadə edirlər. İnsanların məsuliyyətini dərk etməsi, sosial məsafəni qoruması, ehtiyac olmadığı hallarda evdən çıxmaması, tibbi maska taxması, şəxsi gigiyenasını gözləməsi, qaydalara laqeyd yanaşmaması yoluxma hallarının qarşısını almaq üçün olduqca vacibdir.
Dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirib və xəstəxanalar tikilib, xarici ölkələrdən dərmanlar, tibbi vasitələr gətirilib. İndiki məqamda isə önə çıxan məsələ şəxsi məsuliyyətdir. İnsanlar başa düşməlidirlər ki, bu xəstəliyi tamamilə üstələməmişik. Həyat da, mübarizə də davam edir. Qaydalara nə qədər çox riayət edilirsə, yoluxma bir o qədər az qeydə alınır. Qaydalara əməl edilmədikdə isə yoluxmanın sayı artır. Karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması əhalidə arxayınlıq və məsuliyyətsizlik yaratmamalıdır. Pandemiya başa çatmayıb və virus hələ qeyb olmayıb. Ona görə də hər bir kəs məsuliyyətli olmalı, nizam-intizama əməl etməli və özünü, yaxınlarını qorumalıdır.

Xəyalə MURADLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video