20 May 2020 00:50
1308
İQTİSADİYYAT
A- A+

Aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyini təmin edir



Hər bir ölkənin inkişafında həyata keçirilən islahatlar mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən son 16 ildə aparılan uğurlu iqtisadi islahatlar da ölkəmizin sürətli inkişafını təmin edən başlıca faktordur. Dövlət başçısının bu sahədə gördüyü işlər dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq qurumlar Azərbaycanı dünyanın 10 ən islahatçı ölkəsi kimi dəyərləndirir. Bu da dövlət başçısının gördüyü mühüm işlərə verilən yüksək qiymətin göstəricisidir.

Aparılan uğurlu islahatlar sosial-iqtisadi sferanın bütün sahələrini əhatə edir. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Geniş islahatların tətbiq edildiyi sahələrdən biri aqrar sektordur. Ərzaq təhlükəsizliyi məsələsi ilə bilavasitə bağlı olduğu üçün bu sahənin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Aqrar sektor əhatə etdiyi coğrafiyaya və məşğul əhalinin sayına görə də xüsusi çəkiyə malikdir. Kənd təsərrüfatının inkişafı, bu səbəbdən də əhəmiyyətlidir. Bu sektor, eyni zamanda, sənayenin bir çox sahələri üçün xammal bazası rolu oynayır.
Məlum olduğu kimi, hazırda dünyada dövlətlər arasında münasibətlər kəskin şəkil alıb. Gərgin siyasi rəqabət iqtisadi münasibətlərə də mənfi təsir göstərir. Buna görə dövlətlər bir-birinə qarşı iqtisadi sanksiyalardan istifadə edirlər. Əvvəllər bu sanksiyalar siyasi, hərbi, iqtisadi və maliyyə xarakteri daşıyırdısa, indi buraya ərzaq məhsullarının ixracı da əlavə olunub. Digər tərəfdən, dünyada əhalinin sayı sürətlə artır. Sözsüz ki, bu da ərzağa olan tələbatın artması deməkdir. Həmin səbəbdən hazırda ərzaq məhsulları da enerji daşıyıcıları kimi strateji əhəmiyyət kəsb etməyə başlayır. Xüsusilə mühüm qida vasitəsi olan buğda siyasi təzyiq vasitəsinə çevrilib. Görülən odur ki, bir çox dövlətlər siyasi məsələlərdə uzlaşa bilmədikləri ölkələrə müxtəlif bəhanələrlə buğda idxalına qadağa qoyur.
Qeyd edildiyi kimi, Prezident İlham Əliyev Azərbaycanda aqrar islahatların aparılmasına və bu sahənin inkişafına xüsusi önəm verir. Belə ki, kənd təsərrüfatında çalışan fermerlər torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilib. Bununla yanaşı, onların istifadə etdikləri yanacaq və sürtgü yağlarına görə də dövlət tərəfindən subsidiya ödənilir. Gübrə, toxum və damazlıq heyvanlar da güzəştli qiymətlərlə verilir. Eyni zamanda fermerlərə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası və avadanlığı satılır və ya aqrolizinqlər vasitəsi ilə xidmət göstərilir. Dövlətin qayğısı nəticəsində Azərbaycan kəndlisi dünyanın inkişaf etmiş ölkələrinin ən yaxşı texnika və texnologiyalarından istifadə edərək yüksək məhsul götürür.
Vurğulayaq ki, ölkə üzrə taxılçılıqda ümumi göstərici 30 faiz olduğu halda, yeni texnika və texnologiyalardan istifadə edən aqroparklarda bu rəqəm 60 faizdən yüksəkdir.
Əvvəllər aqrar sektorda çalısan fermerlərin ən böyük problemi maliyyə çatışmazlığı olub. İslahatların ilk illərində bu vəsaitin çatışmazlığı üzündən fermerlər öz təsərrüfatlarını genişləndirə bilmirdilər. Dövlət bu problemi aradan qaldırmaq üçün kənd təsərrüfatında çalışan sahibkarlara güzəştli şərtlərlə kredit ayırmağa başladı. Ayrılan güzəştli kreditlərin 80 faizi regionlarda fəaliyyət göstərən sahibkarlara verildi. Sözsüz ki, regionlarda yaşayan əhalinin çox hissəsi kənd təsərrüfatı ilə məşğul olduğu üçün bu kreditlərin də çox hissəsini onlar aldılar. Beləliklə, kəndlinin maliyyə çatışmazlığı problemi həll edildi. Bu gün həmin güzəştli kreditlərdən istifadə edən kiçik və orta təbəqəli fermerlər iri sahibkarlara çevrilib.
Dövlət tərəfindən aqrar sektorda keçirilən islahatlar və fermerlərə göstərilən hərtərəfli dəstək öz bəhrəsini verir. Qeyri-neft sektorunda məhsul istehsalına görə kənd təsərrüfatı xüsusi çəkiyə malikdir. Bu gün bir çox kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etməklə yanaşı, onları xarici bazara da ixrac edirik. Prezident İlham Əliyev cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə demişdir: "Birinci rübdə kənd təsərrüfatının artımı 3,7 faiz olmuşdur. Bitkiçilikdə daha böyük nəticələr əldə edilib, 13 faizdən çox artım var. Nəzərə alsaq ki, keçən il də bitkiçilikdə artım böyük idi, bu, göstərir ki, bu sahə uğurla, sürətlə inkişaf edir. Heyvandarlığa gəldikdə, burada inkişafa nail olmaq üçün daha çox vaxt lazımdır. Burada da artım 3 faizdən bir qədər çoxdur”.
Ölkəmizdə əsas ərzaq məhsulu - buğdaya olan tələbatın ödənilməsi üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkini təşkil edib. Bununla yanaşı, ölkə üzrə 21 rayonda 100 min hektarda ikinci strateji məhsul olan pambığın əkini proqnozlaşdırılıb. Mövsümü uğurla başa vurub, yüksək məhsul almaq üçün 19 mindən çox istehsalçı ilə müqavilə bağlanılıb ki, əkin sahələri toxum, gübrə və pestisidlə təmin edilsin. Eyni zamanda bol məhsul götürmək üçün tütün, şəkər çuğunduru, bostan, tərəvəz sahələrində, meyvə bağlarında əkin və becərmə işləri uğurla davam edir.
Bu gün aqrar sektorda həyata keçirilən uğurlu islahatların nəticələrini bazar və supermarketlərdə satılan kənd təsərrüfatı məhsullarının mənşəyinə diqqət yetirdikdə aydın görürük. Əgər 1990-cı illərdə məhsulların çox hissəsini xaricdən gətirirdiksə, indi onların əksəriyyəti öz torpağımızın və zəhmətimizin barıdır. Alıcılar da dad və keyfiyyətinə görə yerli məhsullara üstünlük verir.
Eyni zamanda ölkədən ixrac edilən qeyri-neft məhsulları arasında kənd təsərrüfatı mallarının çəkisi ildən-ilə artır. Son iki-üç ildə qeyri-neft sektorunda ixrac edilən məhsullardan ölkəyə ən çox valyuta gətirən xam qızıl, pomidor, pambıq və fındıqdır. Göründüyü kimi, dörd məhsuldan üçü kənd təsərrüfatına aiddir. Bu fakt bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan aqrar islahatlar uğurlu olub. Bunun sayəsində ölkənin ərzaq təhlükəsizliyi təmin edilib, üstəlik, xarici bazara məhsul çıxarılaraq valyuta əldə etmək imkanı yaranıb.

Rüstəm KAMAL,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video