20 May 2020 00:43
3180
SİYASƏT
A- A+

Sumqayıtın möhtəşəm inkişafı, quruculuğu Heydər Əliyev ideyalarının və İlham Əliyev kursunun təntənəsidir



Azərbaycanın müasir tarixinin yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza istər birinci, istər ikinci rəhbərliyi dövrü tariximizin parlaq səhifələrini təşkil edir. Bu gün ölkəmizin harasına getsək, Heydər Əliyevin inkişafa və quruculuğa verdiyi töhfələrin, dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinin şahidi olarıq. Müasir Sumqayıtın inkişafında
Heydər Əliyevin böyük rolu olub.


Ulu Öndərin qayğısı ilə şəhər tarixinin ən əlamətdar səhifələri yazılıb


Tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən gözəl ünvanlarından biri kimi şöhrətini gündən-günə artıran Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. Sovet hökumətinin Abşeron yarımadasında növbəti sənaye mərkəzi yaratmaq barədə qərarından irəli gələrək 1939-40-cı illərdə Sintetik Kauçuk, Boruyayma və Kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən müharibəsinin başlaması ilə bütün tikinti işləri yarımçıq qalır. 1941-ci ildə istilik elektrik stansiyası işə düşür. 1945-ci ildə Kimya zavodu ilk məhsulunu verir.
1949-cu ildə isə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilir. Beləliklə, qəsəbə olaraq yaranan Sumqayıt getdikcə sənaye mərkəzinə çevrilməyə başlayır. 1952-ci ildə Boruyayma zavodu ilk məhsulunu buraxır. Vaxtilə tikintisi dayanmış Sintetik Kauçuk zavodu da işə salınır və ilk dəfə neftdən etil spirti əldə edilir. 1955-ci ildə isə Alüminium zavodu işə düşür. 60-cı illərdə Polimer tikinti materialları kombinatı, Superfosfat zavodu tikilərək istehsala başlayır. Bütün bunlara paralel olaraq elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
Bu gün öz intibahının yeni mərhələsini yaşayan, 70 yaşını geridə qoyan Sumqayıtın Sovetlər Birliyi dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin ən əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz faktdır. Ölkəmizə birinci rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb.
Qeyd etdiyimiz kimi, müasir Sumqayıtın təməli ötən əsrin 40-cı illərinin sonunda qoyulsa da, məhz Ulu Öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində bu şəhərə yeni nəfəs verildi. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri var idi. Qısa müddətdə məhz Heydər Əliyevin təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi. Məsələn, 70-ci illərin əvvəllərində əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə Zaqafqaziyada ilk dəfə olaraq Sumqayıt Məişət Kimyası Zavodu yaradıldı, "Superfosfat” zavodunda yüksək texnologiya əsasında inşa edilərək dənəvər superfosfat gübrəsi istehsalatı işə salındı. 1970-73-cü illərdə "Üzvi sintez” zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı, 1974-cü ildə Sintetik Kauçuk zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücü xeyli artırıldı. Ümumiyyətlə, 1969-82-ci illərdə Ulu Öndərin rəhbərliyi altında Sumqayıtda bir çox müəssisələr istifadəyə verilmişdir. Bunlardan Kompressorlar zavodunu, Üst trikotaj və Xovlu İplik fabriklərini, Süd və Yeyinti məhsulları kombinatlarını misal göstərmək olar.
1974-cü ildə Sumqayıtın yaradılmasının 25 illik yubiley tədbirində çıxış edən Heydər Əliyev kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyərək, qarşıda duran vəzifələrlə bağlı kimyaçılara gələcək üçün fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini də vermişdi. Bundan sonra, 1975-76-cı illərdə Heydər Əliyev Sumqayıtın neft-kimya kompleksi üçün ən yeni texnologiyalar əsasında yaradılmış, Almaniya və Çexoslovakiya istehsalı olan EP-300 qurğusunun - layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin nadir kompleksin əldə edilməsi üçün Moskvaya müraciət etmişdi. Dahi rəhbər özünəməxsus uzaqgörənliklə həmin kompleksin respublikamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivi olduğunu yaxşı bilirdi. Lakin Kreml rəhbərləri həmin nadir kompleksin xaricdən alınması üçün külli miqdarda vəsait tələb edildiyini, buna isə, guya, SSRİ-nin imkanı olmadığını əsas gətirərək, Azərbaycanın müraciəti ilə bağlı heç bir tədbir görmürdü.
Belə olduqda hər zaman vəziyyəti düzgün qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi məharətlə bacaran Heydər Əliyev respublikamızın neft-kimya sənayesinin yeni inkişaf mərhələsinə qaldırılması, bu sahənin ixrac məhsullarının daha yüksək keyfiyyətinə nail olmaq məqsədilə 70-ci illərin sonlarında SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini N.Tixonovu respublikamıza dəvət etmişdi. Məhz bundan sonra çox keçmədən İttifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq, xaricdən böyük həcmdə valyuta ilə alınan EP-300 texnoloji kompleksinin Sumqayıtda inşasına qərar verdi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək, Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin böyük qələbəsi idi.
1969-82-ci illərdə Ulu Öndərin rəhbərliyi altında Sumqayıtda digər müəssisələr istifadəyə verilmişdi. Bunlardan Kompressorlar zavodunu, Üst trikotaj və Xovlu İplik fabriklərini, Süd və Yeyinti məhsulları kombinatlarını, 20-dən çox orta məktəbi, uşaq bağçalarını, Ü.Hacıbəyov adına "Kimyaçılar” Mədəniyyət sarayını və başqa obyektləri misal göstərmək olar.
70-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti meydançasına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan nəhəng quruculuq prosesinin miqyası və vüsətinə heyran qalırdılar. Həmin illərdə Sumqayıtda hər il 80 min kv.m. mənzil sahəsi tikilib istifadəyə verilirdi. Hazırda fəaliyyət göstərən istehsalat sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi, uşaq tərbiyə müəssisələri, saysız-hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz Ümummilli Liderin o dövrdəki məqsədyönlü siyasətinin bəhrələridir.
1970-80-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Onun istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar Ulu Öndərin Sumqayıta olan münasibətini nümayiş etdirirdi. Azərbaycan imperiya tərkibində olmasına baxmayaraq, bu cür inkişaf edirdi. Ən əsası respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəlirdi. Adamlar yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər Birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları şəhəri kimi şöhrət qazanmışdı.
Heydər Əliyev daim Sumqayıtda çalışan sadə zəhmət adamlarının əməyini yüksək qiymətləndirir, onların keçmiş SSRİ-nin ən yüksək orden və medallarla, müxtəlif fəxri adlarla təltif olunmasına nail olurdu. Şəhəri qurub-yaradan insanlar öz növbəsində əməyi daim uca tutan Heydər Əliyevə xüsusi bir rəğbət bəsləyir, onu özlərinin himayədarı kimi qəbul edirdilər.
Heydər Əliyev vaxtaşırı olaraq Sumqayıtda olur, şəhər fəalları ilə görüşür və onları narahat edən problemlərlə maraqlanırdı. Qaldırılan hər bir problem diqqətsiz qalmırdı. Beləliklə, Heydər Əliyevin xüsusi diqqəti və qayğısı ilə 70-80-ci illərdə Sumqayıt öz inkişafının yüksək mərhələsinə qədər qoymuşdu. Rəhbərlikdə olduğu illərdə sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss etmişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində onun əvəzsiz xidmətləri danılmaz faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri böyük tarixi hadisə olmuşdur.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də əvvəlki kimi Sumqayıta daim diqqət və qayğısını əsirgəmirdi. Bu qayğının nəticəsində Sumqayıt yenidən özünün dirçəliş dövrünə qədəm qoydu. 1993-cü il dekabrın 18-də Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi ilk dəfə Sumqayıta gəlmiş, şəhərdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etmiş, Tarix muzeyində olmuş, "Şəhidlər xiyabanı” kompleksini ziyarət etmiş, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini vermişdi. Ulu Öndərin uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermişdi. Müstəqillik illərində Heydər Əliyev
6 dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Bütün bunlar Ulu Öndərin Sumqayıta və sumqayıtlılara diqqətinin bariz təzahürü idi.
Məhz Ümummilli Liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq ötən əsrin 90-cı illərində Sumqayıtın yeni ictimai-iqtisadi münasibətlər sisteminə adaptasiyası sürətləndi. Şəhərin sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tez bir zamanda öz müsbət nəticəsini göstərməyə başladı. Həmin vaxt Ulu Öndərin şəxsi dəstəyi ilə xarici investisiya cəlb edilməklə Sumqayıtda iri layihə həyata vəsiqə qazandı: kimya sənayesinin gələcək inkişafında əvəzsiz rol oynayacaq Buxar-generator qurğusu inşa edildi.
Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin, Politexnik Texnikumunun bazasında isə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının yaradılması şəhər təhsilinin həyatında əlamətdar hadisələrdir.


16 ildə 27 səfər


Ümummilli Liderin şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, yerli kadr potensialına söykənərək müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni iş yerləri açılsın, bununla da Sumqayıt yenidən seçilən bir şəhərə çevrilsin.
Son 16 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar Sumqayıtla bağlı Ulu Öndərin qarşıya qoyduğu vəzifələrin sürətlə həyata keçirilməsini təmin edib. Ona görə də əminliklə demək olar ki, bu gün Sumqayıt Heydər Əliyevin arzuladığı bir şəhərə çevrilib. Bütün bunlar həm də onu göstərir ki, Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən, Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. Ona görə də bu gün Sumqayıt Prezident İlham Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Bunu Prezident İlham Əliyevin son 16 ildə Sumqayıta 27 dəfə səfər etməsi də göstərir. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoyub, yeni inkişaf planlarının həyata keçirilməsinə təkan verib. Bu barədə danışan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyir: "Sumqayıtın Ulu Öndərin müəyyən etdiyi yolla inkişafının, Cənubi Qafqazın sənaye mərkəzinə çevrilməsinin müəllifi möhtərəm Prezident
İlham Əliyevdir. Bir vaxtlar Sumqayıtın şöhrətini dünyaya çatdıran unudulmaz Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev şəhərimizin yeni intibahının memarıdır. Cənab Prezidentin indiyədək şəhərimizə etdiyi hər bir səfər Sumqayıtın həyatında tarixi hadisəyə çevrilib, onun yüksəlişinə yeni təkan verib.
İlham Əliyevin hər gəlişi Sumqayıtın tarixinə böyük hərflərlə yazılmaqla bərabər, bu şəhərin tərəqqisini şərtləndirən əsas amilləri bir daha aydın şəkildə müəyyənləşdirmiş və qətiləşdirmişdir”.


Sumqayıt qeyri-neft sektorunun əsas inkişaf ünvanıdır


Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının nəticəsi olaraq ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb. Xüsusən iqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində şəhərdə yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac potensialı yüksəlib.
Son illərdə gücü 525 MVt olan Elektrik stansiyası, "Sumqayıt-3” yarımstansiyası tikilmiş, "Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azgüntex” Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan "Sağlam qida” Aqrar-Sənaye Kompleksi, "Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, "Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, "Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı, "Texnoil” MMC-nin mühərrik yağları istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtgü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, "Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları, "Aqrokimya Azərbaycan” MMC tərəfindən pestisidlər istehsalı zavodu istifadəyə verilmişdir.
Ötən ilin yanvarında Kimya Sənaye Parkında inşa olunmuş və ildə 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan "SOCAR karbamid” zavodunun və fevralda isə "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı olmuşdur. Hazırda ölkədə qeyri-neft sektorunda ən böyük layihələr olan bu müəssisələrin ümumi dəyəri təxminən 1 milyard 200 milyon avro təşkil edir. Zavodlarda 900 nəfər daimi işlə təmin edilmişdir. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisələrin fəaliyyəti ölkəyə hər il 200 milyon dollar məbləğində vəsaitin daxil olmasına imkan yaradır. Ümumiyyətlə isə, bu zavodların fəaliyyətə başlaması Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər, respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verir.
Xatırladaq ki, "SOCAR Polymer” layihəsi son 40 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. İlkin mərhələdə "SOCAR Polymer” zavodlarında ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsalı nəzərdə tutulur.


Əzəmətli quruculuğu ilə öyünən şəhər


Sumqayıt son illərdə sanki yenidən tikilib. Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə görülən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması burada tamamilə yeni ab-hava yaradıb. Xüsusən 2015-ci ilin sonu,
2016-cı ilin əvvəllərindən həyata keçirilən layihələrin nəticəsində Sumqayıtın görkəmi tamamilə dəyişib, şəhərdə yeni infrastruktur yaradılıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.
Əzəmətli Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi Sumqayıtın yeni və möhtəşəm ünvanlarıdır. Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də həyata keçirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman kompleksləri, əlil və şəhid ailələri üçün ümumilikdə
240 mənzilli 5 yaşayış binası inşa edilib, 1 nömrəli Şəhər Mərkəzi Xəstəxanasının, "Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, Musiqi Məktəbinin binaları əsaslı təmir olunub, "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Son illərdə şəhərin əksər tibb müəssisələri də əsaslı təmir olunub.
1 nömrəli Doğum evi, 1 və 2 nömrəli Qadın məsləhətxanaları, 1 və 4 nömrəli Şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli Uşaq poliklinikası, 3 nömrəli Şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub. 1 nömrəli Uşaq poliklinikası, 2 nömrəli Şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli Şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1 və 2 nömrəli Doğum evlərinin reanimasiya şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 nömrəli Doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir.
Sumqayıtın başqa bir möhtəşəm ünvanı isə Dənizkənarı Bulvardır. Şəhər dəniz sahilində yerləşsə də, burada heç vaxt bulvar olmayıb. Şəhərdə son illərdə reallaşan ən möhtəşəm layihələrdən biri də Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan və müasir tələblərə cavab verən Dənizkənarı Bulvardır. 3 il əvvəl Madriddə keçirilən "Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıtın yeni salınmış bulvarı "İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülmüşdür. Azərbaycan Prezidenti
İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.
Şəhərdəki Heydər parkı, Lüdviqshafen parkı, Sülh prospekti və Sahil küçəsi əsaslı təmir olunaraq yenidən qurulub. Heydər parkının ərazisi 15 min kvadratmetr genişləndirilib və burada Poeziya Evi yaradılıb.
Prezident İlham Əliyevin Sumqayıta sayca 24-cü səfəri zamanı isə dövlət başçısının iştirakı ilə Muğam Mərkəzi və "Nizami” kinoteatrının yeni binası istifadəyə verildi. Dövlət başçısı həmçinin bulvarın yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub. Xatırladaq ki, Sumqayıt Bulvarı şəhərin şimal-qərb istiqamətində 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə, 40 hektar sahədə genişləndirilib. Beləliklə, bu istirahət məkanının sahəsi 106 hektara, uzunluğu isə 5,2 kilometrə çatdırılıb. Ərazidə geniş miqyasda yaşıllıq sahəsi salınıb, müasir işıqlandırma sistemi qurulub. Park boyu 1 kilometr uzunluğunda yeni yol inşa olunub. Kompleksin yeni salınan hissəsində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradılıb.
Onu da qeyd edək ki, son 4 ildə şəhərdə 1100-dən artıq çoxmənzilli yaşayış binasına yeni dam örtüyü vurulub. Həmin binalarda 400-dən çox istismar müddəti bitmiş liftlər yeniləri ilə əvəz olunub, 3500 girişə yeni dəmir qapılar qoyulub. Şəhərin ictimai nəqliyyatı da yenidən qurulub və marşrut xətlərinə 206 Türkiyə istehsalı olan yeni avtobus buraxılıb. Liftlərə xidmət üçün "Onlayn” Dispetçer mərkəzinin, həmçinin ictimai nəqliyyatda pulsuz internet şəbəkəsinin yaradılması Cənubi Qafqazda ilk olaraq Sumqayıtda həyata keçirilən yeni texnoloji layihələrdir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirir ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində şəhərdə həyata keçirilən abadlıq, quruculuq və tikinti işləri sumqayıtlılara xoş ovqat və sakit həyat tərzi bəxş edib. Eyni zamanda həyata keçirilən genişmiqyaslı uğurlu layihələr şəhərin simasını tamamilə dəyişib


70 yaşını geridə qoyan gənc şəhər


Ötən il noyabrın 19-da şəhərin 70 illik yubileyinin təmtəraqlı şəkildə qeyd edilməsi, ilk növbədə, dövlət başçısının Sumqayıta olan yüksək diqqət və qayğısının təzahürü idi. Xatırladaq ki, fevların 14-də Prezident İlham Əliyev "Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalamışdı. Müvafiq tədbirlər planına əsasən, həmin vaxtdan başlayaraq müxtəlif səviyyələrdə irili-xırdalı saysız-hesabsız tədbirlər keçirildi.
Prezident İlham Əliyevin ötən il noyabrın 22-də Sumqayıta etdiyi səfər 70 illiklə bağlı bütün tədbirlərin zirvə nöqtəsi oldu. Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Prezident Sumqayıta daim diqqət və qayğı göstərildiyini dedi: "Ulu Öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur. Mən də bu siyasəti davam etdirirəm. Mənim Sumqayıta bugünkü səfərim 15 il ərzində sayca 24-cü səfərdir. Yəni bu özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir”.
Sumqayıtın 70 illik yubileyinə rəng qatan başqa bir əlamətdar hadisə isə Prezident İlham Əliyevin şəhərlə bağlı imzaladığı 9 sərəncam oldu. Bu sərəncamlarla Sumqayıt şəhərində 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi, 1 nömrəli Şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi, "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun yenidən qurulması məqsədilə müvafiq vəsait ayrıldı. Həmçinin şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə, bir qrup sakinə fəxri adlar, ordenlər, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verildi.
4 nəfər isə Prezidentin fərdi təqaüdünü alacaq. Şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə isə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Ümumilikdə 66 nəfər sumqayıtlı fəxri adlar və medallarla təltif olundu. Bu sərəncamlar Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara yüksək diqqət və qayğısı kimi tarixə düşdü.


Sumqayıt koronavirusla mübarizədə də nümunə göstərir


Azərbaycan sivil dünyaya açıq dövlətdir. İqtisadiyyatımız qlobal iqtisadi sferaya inteqrasiya şəraitində inkişaf edir, ölkəmizə turist axını artan xətlə yüksəlir, hər bir vətəndaşımız xarici səfərlərində sərbəstdir. Bu baxımdan fevralın sonunda artıq xeyli dövlətə ayaq basmış koronavirusun respublikamızda da qeydə alınması təəccüblü sayılmadı. Lakin əsas odur ki, Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoyur.
Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izolizasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca diqqətli yanaşmasının, zamanında operativ və təxirəsalınmaz addımlar atmasının göstəriciləri kimi tarixə düşdü.
Respublikamızda virusun qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər kəmiyyət və keyfiyyət baxımından kifayət qədər yüksəkdir. Təsadüfi deyil ki, istər virusa yoluxma, istərsə də sağalan vətəndaşlarımızın sayı baxımından vəziyyət qənaətbəxşdir. Respublikamızın əksər şəhər və rayonlarında göstəricilər ürəkaçandır. Bu baxımdan Sumqayıt şəhəri də əsl nümunələr yaradır.
Bu günlərdə Sumqayıtda olarkən öyrənirik ki, şəhərdə indiyədək cəmi 70-ə yaxın sakində koronavirusa yoluxma qeydə alınıb. Onların da böyük əksəriyyəti, yəni təxminən 50 nəfəri müalicə alaraq sağalıb. Mühüm məqamlardan biri odur ki, indiyədək Sumqayıtda müalicə prosesində iştirak edən bir nəfər həkim də virusa yoluxmayıb. Ona görə də respublikamızda virusa ən çox yoluxmanın qeydə alındığı şəhər və rayonların sırasında Sumqayıtın adı yoxdur.
Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də koronavirusa qarşı intensiv tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb. Komissiya tərəfindən ilk gündən etibarən şəhər sakinləri arasında maarifləndirici tədbirlər həyata keçirilməyə başlanılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilib. Bu məqsədlə şəhərdə mobil qruplar da yaradılıb. Mobil qruplar tərəfindən şəhərin müxtəlif yerlərində sakinlərin evdə qalması istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsi nəticəsində karantin rejiminin pozulmasında ciddi problemlər baş verməyib. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "Evdə qal!” kampaniyasına qoşulmaq tövsiyə olunub. Xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb ediliblər.
Şəhərdə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir. Yaşayış məhəllələrində, binların girişlərində, liftlərdə, ticarət şəbəkələrində, sənaye müəssisələrində gündəlik dezinfeksiya işləri aparılır. O cümlədən sakinlərin ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri tibbi ləvazimatlarla təmizlənir. Bu işlər hər gün qrafik əsasında həyata keçirilir. Şəhərin mərkəzi hissəsindən başlayaraq kvartal və mikrorayonlara doğru küçə və prospektlər mütəmadi olaraq texnikalar vasitəsilə yuyulur.


Sumqayıtlılar Heydər Əliyev Fondunun təşəbbüslərinə fəal dəstək verirlər


Bu həssas günlərdə özünü qabarıq göstərən başqa bir məsələ isə respublikamızın hər yerində dövlət orqanları, ictimai təşkilatlar və ayrı-ayrı şəxslərin xeyriyyə və sosial aksiyalar həyata keçirmələridir. Məqsəd aztəminatlı ailələrin, ehtiyacı olanların, əlillərin, tənha yaşayanların karantin rejimi zamanı yarana biləcək sosial ehtiyaclarını təmin etmək, onlara maddi və mənəvi dəstək olmaqdır.
Karantin günlərində ilk nümunəni isə Heydər Əliyev Fondu göstərdi. Belə ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzinə, eləcə də Bakıdakı və regionlardakı Psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb. Daha sonra fond tərəfindən bütün şəhər və rayonlarda aztəminatlı ailələr, yaşı 65-i ötmüş, habelə tənha vətəndaşlar üçün ərzaq yardımları göndərilib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti də Heydər Əliyev Fondunun xeyriyyə və digər sosial aksiyalarına qoşularaq fəal dəstək verməkdədir. Belə ki, xüsusi karantin müddətində indiyədək şəhərdə 22 mindən çox aztəminatlı, yaşı 65-dən yuxarı, habelə tənha və ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət yardım sovqatları paylanılıb. Ən mühümü odur ki, şəhərdə bu kimi sosial kampaniyalar davamlıdır. İndiyədək ehtiyacı olanlara 20 min ərzaq bağlaması verilib ki, bunun da 8500-ü Heydər Əliyev Fondu tərəfindən göndərilib.
Məlum olduğu kimi, koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Sumqayıt ŞİH başçısı Zakir Fərəcov bu nəcib təşəbbüsə qoşularaq
6 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Həmçinin koronavirus infeksiyası ilə mübarizədə dövlətimiz və xalqımızla həmrəy olaraq şəhər İcra hakimiyyətində və onun tabeçiliyində olan qurumlarda çalışan işçilər könüllü olaraq biraylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Sumqayıt ictimaiyyəti, habelə şəhərin əlaqədar təşkilatları Heydər Əliyev Fondunun həyata keçirdiyi digər sosial aksiyalarda da fəallıq göstərirlər. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı nəzərə alınaraq, Heydər Əliyev Fondu tərəfindən qanvermə aksiyası keçirilib. Sumqayıt ictimaiyyəti də fondun çağırışına və təşəbbüsünə qoşularaq qanvermə aksiyasında fəal iştirak edib.
Bir məsələni də qeyd edək ki, respublikamızın hər yerində biznes dairələri də həmrəylik nümayiş etdirərək sosial aksiyalarda yaxından iştirak edirlər. Koronavirusla Mübarizəyə Dəstək Fonduna da xeyli sayda iş adamı ianə edib. O cümlədən yerlərdə ərzaq yardımlarının edilməsinə də iş adamları öz töhfələrini verirlər. Lakin təəssüf ki, Sumqayıtdakı bəzi özəl müəssisələr, şəhərdəki bəzi ticarət mərkəzlərinin və istehsal sahələrinin hər kəsin tanıdığı sahibləri bu nəcib təşəbbüsə ilk gündən dəstək vermək istəməyiblər. Əlbəttə, heç kim özəl sektoru bu işə məcbur edə bilməz. Amma Sumqayıtın və sumqayıtlıların hesabına varlanan həmin iş adamları ən azından vətəndaşlıq mövqeyindən çıxış etməli və ölkə rəhbərliyinin həmrəylik təşəbbüsünü dəstəkləməliydilər. Belə ağır günlərdə öz maddi imkanından azacıq da olsa keçməyən, səxavətini əsirgəyən, bir nəfərə belə yardım etməyən həmin şəxslər, şübhəsiz ki, dar gündə vətəni də qoyub qaçarlar.


Çinin 3 şəhərindən dost payı


Pandemiya dövründə şəhərlə bağlı başqa bir mühüm məqam ondan ibarətdir ki, Çinin Cucou, Myenyan və Sian şəhərləri dostluq əlaqələri saxladıqları Sumqayıta humanitar yardımlar göndəriblər. Bu barədə danışan Zakir Fərəcov dedi: "Cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin dünyanın müxtəlif siyasi qütblərində dayanan dövlətləri ilə sıx siyasi və iqtisadi münasibətləri formalaşıb. Bildiyiniz kimi, Çin iqtisadi göstəricilərinə görə, dünyanın ikinci dövlətidir. Xüsusilə qeyd edilməlidir ki, Çin rəhbərliyi Azərbaycana dostluq münasibəti bəsləyir. Prezident İlham Əliyevin ötən il Çinə səfəri zamanı bunun bir daha şahidi olduq. Məhz iki ölkə arasındakı sıx münasibətlərin nəticəsidir ki, Sumqayıtın Çinin bir sıra şəhərləri ilə dostluq münasibətləri inkişaf edir. Əlbəttə, Azərbaycan güclü dövlətdir. Prezident İlham Əliyevin sayəsində Azərbaycan hər baxımdan güclü imkanlara malikdir. O cümlədən respublikamızın inkişaf etmiş səhiyyə sistemi də formalaşıb. Bu gün Azərbaycan kənardan heç bir yardım olmadan bütün çətinlikləri dəf etmək iqtidarındadır. Çinin Cucou, Myenyan və Sian şəhərlərindən göndərilən yardımlar isə dost payıdır. Bu yardımlar göstərdi ki, Çin dövləti Azərbaycanla dostluq əlaqələrinə böyük önəm verir”.
Aprel və may aylarında göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib. Tibbi ləvazimatlar şəhərdə koronavirusla mübarizədə istifadə olunmaqdadır.


2 ayda 3 Prezident səfəri


Ümumiyyətlə, Sumqayıtın həyatında əlamətdar hadisələr çoxdur. Belə hadisələrin sırasına son dövrlərdə biri də daxil oldu. Bu, Prezident İlham Əliyevin aprel-may aylarında 3 dəfə şəhərə səfər etməsidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Aprelin 24-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı olub. Qeyd edək ki, Sumqayıt əhalisi Qaradağdan 12 düymlük 12 atmosfer təzyiqli xətlə qazla təmin olunurdu. Bir də Sumqayıtın sənayesi üçün Qaradağ-Digah-Şimal DRES xəttindən 30 atmosferlik bir xətt çəkilmişdi. Artan tələbat və Şimal DRES-də artım Sumqayıtın təmin olunması üçün müəyyən problemlər yaradırdı. Sumqayıtda böyük sənaye klasterinin yaradılması üçün qaz imkanları məhdud idi, hətta qış vaxtlarında çatışmazlıq olurdu. Buna görə də Prezident İlham Əliyevin göstərişi ilə 80 milyon manat vəsait ayrıldı və 60 kilometrlik yeni Ağdərə-Sumqayıt xətti çəkildi. Bu, imkan verir ki, Sumqayıt-Abşeron klasteri dayanıqlı, yüksəktəzyiqli qazla təmin edilsin. Ən əsası isə bu, gələcəkdə Sumqayıtın inkişafı üçün də böyük imkanlar yaradır.
Həmin gün Sumqayıt şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşən Prezident İlham Əliyev Sumqayıtı regionun çox müasir sənaye şəhərlərindən biri adlandıraraq deyib: "Sumqayıt inkişaf edir, əhali artır, sənaye potensialı möhkəmlənir. Sumqayıt, doğrudan da, bu bölgənin, regionun çox müasir sənaye şəhərlərindən biridir. Eyni zamanda, əlbəttə, şəhərin infrastrukturu yenilənir, şəhər abadlaşır, insanlar üçün gözəl imkanlar yaradılır. Təkcə Sumqayıt Bulvarını qeyd etmək kifayətdir, qısa müddət ərzində gözəl bir istirahət zonası yaradılmışdır. Bu gün Sumqayıt parklar, bağlar şəhəridir”.
Mayın 12-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə, öz növbəsində, istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.
Müəssisədə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır. Müəssisənin işçiləri ilə görüşdə bir daha Sumqayıtın inkişafına toxunan Prezident İlham Əliyev şəhəri müasir, həm də təmiz sənaye mərkəzi adlandırıb: "Sovet dövründə Sumqayıtın yanından keçərkən maşında oturanlar pəncərələri bağlayırdılar, çünki o iydən insanların gözü yaşarırdı. Yəni Sumqayıt, doğrudan da, böyük bir ekoloji bəla mərkəzi idi. Çünki kimya sənayesinin sürətli inkişafı və bir çox hallarda ekoloji standartlara riayət edilməməsi nəticəsində Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi və burada bir neçə növ xəstəliklər geniş vüsət almışdı. Biz isə Sumqayıtı müasir, təmiz sənaye mərkəzinə çevirdik. Bu gün Sumqayıtın havası Bakının havasından daha təmizdir. Sumqayıtda aparılan yaşıllaşdırma işləri, yeni parkların salınması, ekoloji tədbirlərin görülməsi, uzun illər sumqayıtlıları narahat edən Acıdərə kanalının tamamilə təmizlənməsi və yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Ona görə bir sənaye şəhəri kimi Sumqayıtın siması tamamilə dəyişib və bu gün ən yüksək standartlara cavab verir”.


Pandemiya dövründə yüksəliş


Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Sumqayıtın inkişaf və quruculuğu davamlıdır. Bunu statistik götəricilər də təsdiq edir. Belə ki, bu ilin birinci rübündə şəhər üzrə ümumi daxili məhsul istehsalı 636,4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz çoxdur. Hesabat dövründə şəhər üzrə sənaye məhsulunun istehsalı 490,5 milyon manat ( ötən ilin hesabat dövrü ilə müqayisədə 42,4 faiz çox) təşkil etmişdir. Xüsusən kimya, yeyinti və yüngül sənaye istehsalında artımlar var. Rüb ərzində şəhərdə 53,8 milyon manatlıq sərmayə yatırılmışdır ki, bu da 2019-cu ilin birinci rübündən 7 faiz çoxdur.
Bu dövrdə şəhərdə orta aylıq əməkhaqqı 563,4 manat təşkil etmişdir. Ötən ilin eyni dövründə bu rəqəm 433,2 manat olmuşdur. Yeni açılan iş yerlərinin sayı isə ilk üç ayda 3583 nəfər olmuşdur. Bu da, öz növbəsində, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
İlin birinci rübü ərzində şəhər büdcəsinin icrası sahəsində də vəziyyət qənaətbəxşdir. Belə ki, hesabat dövründə gəlirlər 9 milyon 524,8 min manata qarşı 11 milyon 38,5 min manat, yəni 15,9 faiz çox olmuşdur.
Şəhərdə abadlıq və quruculuq işləri də davamlıdır. Hazırda Sumqayıtda həyata keçirilən əsas layihələrdən biri Mehdi Hüseynzadə adına Şəhər Stadionunun yenidən qurulmasıdır. Ölkəmizin dördüncü ən böyük stadionunun yenidən qurulması üzrə işlər dövlət başçısının sərəncamı əsasında aparılır. Sumqayıt stadionu şəhər parkının ən gözəl guşəsində yerləşir. Onun tribunalarından Xəzər sahillərinə çox gözəl mənzərə açılır. Stadionda yenidənqurma işləri cari ilin sonuna qədər başa çatacaq.
Sumqayıtın ən böyük ekoloji problemlərindən olan "Acıdərə” kanalının boruya alınması işləri davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda "Acıdərə” kanalı qapalı sistemə keçirilməklə yeni məcraya salınır. İnşa edilən beton kanalizasiya sisteminin bir hissəsi artıq tam hazırdır. Qeyd edək ki, "Acıdərə” kanalına kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Dövlət vəsaiti hesabına görülən işlər başa çatdıqdan sonra 20 minə yaxın sakinin yaşadığı ərazidə yeni kanalizasiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.
Dövlət başçısının sərəncamına əsasən, 1 nömrəli Şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi də davam etdirilir.
Prezident İlham Əliyevin bu ilin yanvarın 27-də imzaladığı "Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 6,4 milyon manat ayrılıb. Layihə çərçivəsində Sumqayıt şəhərinin 135 min nəfər əhalisinin yaşadığı Corat, Hacı Zeynalabdin Tağıyev qəsəbələrində, 21-ci mikrorayon ərazisində, həmçinin "Yaşıl Dərə”, "Qurd Dərəsi”, "Xəzər Bağları” yaşayış massivlərində və 5 məhəllədə ümumi uzunluğu 21,4 kilometr olan küçə və yolların təmirinin həyata keçirilməsi nəzərdə tutulurdu ki, artıq bu işlərin bir hissəsi yerinə yetirilib. Təmir işlərinin, ümumilikdə, əhatə edəcəyi sahə 150 min kvadratmetrdir.
Bütün bunlarla bərabər, hazırda şəhərdə yaşayış binalarının fasadlarının yenilənməsi və təmirə ehtiyacı olan digər yolların asfaltlanması işləri də həyata keçirilir. Beləliklə, Sumqayıt pandemiya dövründə də inkişafı və quruculuğu ilə nümunələr yaradır. Prezidentin diqqət və qayğısı olan yerdə təbii ki, belə də olmalıdır. Şəhər rəhbərliyi və qədirbilən Sumqayıt ictimaiyyəti bu ali diqqətə və qayğıya bundan sonra da özlərinin əməli işləri ilə layiqli cavab verəcək, dövlət başçısının etimadını uğurla doğruldacaqlar.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video