19 May 2020 00:35
2693
Mədəniyyət
A- A+

Milliləşmiş adət-ənənəmiz: Ramazan bayramı


İnsanın mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Bu dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.

Bu yazıda milli mədəniyyətimizin zənginliyindən, xalqımızın nə qədər qədim köklərə malik olmasından xəbər verən adət və ənənələrdən danışmaq istərdik. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Adət və ənənələrin milli mənəvi dəyərlər sistemində oynadığı əvəzsiz rollardan biri hər bir ənənənin müəyyən əxlaqi məna daşıması ilə bağlıdır. Belə ki, adət və ənənələrimiz hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.

Əgər biz adət və ənənələrimizə nəzər salsaq görərik ki, onların arasında əxlaqa, tərbiyəyə, mədəniyyətə zidd olan, özündə mənfi xüsusiyyətləri ehtiva edən heç bir məqam yoxdur. Böyüyə hörmət, kiçiyə mərhəmət, bayram günlərində qonaq qəbul etmək, hədiyyə vermək, küsənləri barışdırmaq, kədərli və çətin günlərdə dərdi bölüşmək, yardımlaşmaq və s. kimi humanist dəyərlərlə zəngin olan xalqımız qədimdən bəri bu dəyərləri nəsildən-nəslə ötürərək qoruyub saxlamışdır.

Azərbaycan özünün milli adət-ənənələrini qorumaqla yanaşı, əxlaqi dəyərlərə söykənən bir sıra digər mədəniyyətlərə də qucaq açmış, zaman-zaman onları özününküləşdirmiş, daha dəqiq desək, milliləşdirmişdir. Belə ənənələrdən biri islam sivilizasiyasında xüsusi hörmətlə qarşılanan, özündə böyük bir mədəniyyətin bütün incəliklərini əks etdirən ramazan ayı və bu ayda oruc ibadətinin həyata keçirilməsidir.

Müqəddəs ramazan ayında müsəlmanlar Allah qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Ramazan ayı insanların ruhən təmizləndiyi, uca yaradana yaxınlaşdığı, birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin yaşandığı aydır. Ölkəmizdə islam mədəniyyətinin yayıldığı dövrlərdən bugünədək böyük şövqlə qeyd edilən Ramazan bayramı çar Rusiyası və SSRİ dövründə xalqımıza unutdurulmağa çalışılsa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra dini bayramlar yenidən heç bir qadağalar olmadan böyük şövqlə qeyd edilməyə başladı.

Milli-mənəvi dəyərlərimizin qoruyucusu Ümummilli Lider Heydər Əliyev məscidlərdə keçirilən Ramazan bayramı tədbirlərində özü şəxsən iştirak edir və geniş nitq söyləyirdi. Ulu Öndər deyirdi: "Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.

Ulu Öndərin milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində müəyyənləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın ən tolerant ölkəsidir və ölkəmizdə din-dövlət münasibətləri çox yüksək səviyyədədir. Dövlət başçısı ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək deyib: "Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”.

Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Bütün həmvətənlərimizin Ramazan bayramı mübarək olsun! Allah tutulan orucları, edilən ibadət və duaları qəbul etsin!

Vüsalə FƏTULLAYEVA,

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüsü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video