17 May 2020 02:24
4319
SİYASƏT
A- A+

Şəffaflıq və vətəndaşa layiqli xidmət missiyası


Korrupsiyaya qarşı mübarizə tədbirləri konkret və praktiki addımlarla müşayiət olunur


Qlobal miqyasda ciddi problem kimi özünü göstərən korrupsiya inkişaf proseslərində buxova çevrilən, dövlət orqanlarının səmərəli və qanunauyğun fəaliyyətinə mane olan başlıca faktordur. Təsadüfi deyil ki, inkişaf səviyyəsindən asılı olmayaraq hər bir sivil ölkə cəmiyyətin yüksəlişinə süni əngəllər yaradan problemlərin aradan qaldırılmasına çalışır, o cümlədən korrupsiya ilə mübarizə aparır.


Azərbaycanın nailiyyətləri yüksək qiymətləndirilir


Korrupsiyaya qarşı mübarizə sahəsində ilk növbədə siyasi və hüquqi tədbirlərin həyata keçirilməsi labüddür. Amma korrupsiyaya qarşı mübarizədən yalnız o halda danışmaq olar ki, dövlət öz siyasi iradəsini ortaya qoysun və korrupsiyanın qarşısını almaq üçün cəmiyyətin bütün səviyyələrində onunla davamlı mübarizə aparsın. Əgər belə olmazsa, heç bir dövlət öz cəmiyyətini korrupsiyadan təmizlədiyini iddia edə bilməz.

Bu gün Azərbaycan inkişafının elə həlledici mərhələsindədir ki, əldə olunan makroiqtisadi göstəricilərin davamlı xarakter daşıması daha çox cəmiyyət həyatının bütün əhəmiyyətli sahələrində demokratik normaların, şəffaflığın və qanunçuluğun təminatından asılıdır. Ona görə də ölkəmizdə korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tərəqqi strategiyasının mühüm hissəsini təşkil edir, aşkarlıq və şəffaflıq prinsipləri iqtisadi-sosial inkişaf siyasətinin mərkəzində dayanır. Respublikamızda dövlət idarəetmə sistemində və dövlət-vətəndaş münasibətlərində şəffaflıq prinsipinin qorunması, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində son illər həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edir.

Xüsusən son illər aparılan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb. İqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin tam aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunur.

Azərbaycanın dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatlar və əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, respublikamız "Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) 2019-cu il üzrə tərtib etdiyi Korrupsiya Qavrama İndeksində 30 balla 26 pillə irəliləyib. Azərbaycanın 26 pillə irəliləməsi onu göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin verdiyi müsbət nəticələr təkcə ölkə daxilində yox, beynəlxalq arenalarda da təqdir olunur. Xatırladaq ki, 1993-cü ildə Berlində təsis edilən "Beynəlxalq Şəffaflıq” Təşkilatı dövlət və özəl sektorlarda mövcud korrupsiya haqqında araşdırmaların aparılması və digər fəaliyyətləri həyata keçirir.

Korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq

Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın təmin olunması, vətəndaşa layiqli xidmət missiyası dayanır. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır”, - deyən Prezident İlham Əliyevin idarəçiliyində əsas prioritetlərdən biri vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması, insanların dövlət strukturlarına müraciətlərinə çevik və ədalətli münasibətin ortaya qoyulması olub. Öz missiyasını anlamayan məmurlar layiqli cəzalarını alıblar.

Təbii ki, hər bir məmur öz vəzifəsini yalnız bununla bitmiş hesab etməli deyil.

Vəzifəyə təyin olunmuş, dövlət idarəçiliyində çalışan hər bir şəxs həm də öz fəaliyyəti ilə mövcud siyasi kursun daha uğurla reallaşması işinə öz töhfəsini verməlidir. Bu mənada son illərdə həyata keçirilən yeni islahatlarda məmurlar öz missiyalarını daha dərindən anlamalı, ətalətə varmamalı, onlara həvalə olunan vəzifələrdə etimadı doğrultmağa çalışmalıdırlar. Lakin təəssüf ki, son dövrlərdə bəzi məmurların timsalında nəinki bunun əksi, həmçinin vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə etmələri müşahidə olunur. Lakin ən əsası odur ki, cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər ifşa olunur və belə hərəkətlərə yol verən məmurlar qanun qarşısında cavab verməli olurlar. Son dövrlərdə Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının icra başçılarının həbs olunması göstərir ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Törətdiyi cinayətə görə hər bir məmur ədalət mühakiməsi qarşısında cavab verməli olacaq.

İcra başçılarının, həmçinin Binəqədi qəsəbə bələdiyyəsinin sədrinin, bir neçə rayonda icra nümayəndəsinin həbsi isə göstərdi ki, bəzi məmurlar həm də koronavirusa qarşı respublikamızda həyata keçirilən ümummilli mübarizə prosesindən öz ciblərini doldurmaq üçün istifadə ediblər. Bu kritik günlərdə pandemiya ilə mübarizə tədbirləri ilə əlaqədar vəzifə səlahiyyətlərindən və sosial aksiyalardan öz şəxsi mənafeyi üçün istifadə etmək vicdansızlıqdır. "Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub”- deyə Prezident İlham Əliyev həmin məmurların əməllərinə qiymət verərkən bildirib.

Prezident İlham Əliyev həm Baş prokuror Kamran Əliyevi, həm Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısını videoformatda qəbul edərkən bu barədə ətraflı danışdı, açıq mesajlar verdi. Dövlət başçısı bir daha bəyan etdi ki, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Qanun qarşısında hamı bərabərdir və heç kim toxunulmaz deyil. Hər bir məmur ona həvalə olunan vəzifəni layiqincə və şərəflə icra etməli, etimadı doğrultmalıdır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video